Xəbər lenti

Qlobal riskin yeni mərhələsi:
Dünya 11:51 25.04.2026

Qlobal riskin yeni mərhələsi: "Tramp amili" və nüvə təhlükəsizliyi müzakirəsi

Son günlər ABŞ və İran arasında gərginliyin yenidən artması Yaxın Şərqdə yeni bir hərbi toqquşma ehtimalını yenidən gündəmə gətirib. Xüsusilə Hörmüz boğazı və İranın nüvə proqramı ətrafında baş verən proseslər tərəflər arasında qarşıdurmanın artıq diplomatik çərçivədən çıxmaq üzrə olduğunu göstərir. 

Bu vəziyyət təkcə region üçün deyil, qlobal enerji təhlükəsizliyi baxımından da ciddi risklər yaradır. 

Aprelin 8-də elan olunan iki həftəlik atəşkəs müəyyən ümidlər doğursa da, danışıqların ilk raundunun nəticəsiz qalması bu ümidləri xeyli zəiflətdi. Görünür ki, tərəflər hələ də ortaq məxrəcə gəlməkdən uzaqdır. Əksinə, hazırkı mərhələdə həm Vaşinqton, həm də Tehran bir-birinə təzyiqi artırmaq strategiyasını seçib. 

Hörmüz boğazı ətrafında yaranan vəziyyət isə gərginliyin ən təhlükəli məqamlarından biridir. 



Dünyada daşınan neftin əhəmiyyətli hissəsinin keçdiyi bu strateji su yolu üzərində nəzarət uğrunda mübarizə faktiki olaraq iqtisadi və hərbi təzyiq alətinə çevrilib. Boğazın blokadaya alınması iddiaları və qarşılıqlı ittihamlar göstərir ki, tərəflər artıq açıq güc nümayişindən çəkinmirlər. 

ABŞ prezidenti Donald Trampın açıqlamaları da kompromisə meylli mövqedən çox, sərt şərtlər diktə etməyə yönəlib. Onun sülh sazişini yalnız ABŞ və müttəfiqlərinin maraqlarına uyğun halda qəbul edəcəyini bildirməsi danışıqların bərabərhüquqlu platformadan uzaq olduğunu göstərir. 

Bu isə İran tərəfinin etimadsızlığını daha da artırır. Tehranın cavabı da gecikməyib. İran rəsmiləri açıq şəkildə bildirirlər ki, hər hansı hücuma "gözə göz” prinsipi ilə cavab veriləcək. 
 


Bu ritorika, əslində, qarşıdurmanın nə qədər təhlükəli həddə çatdığını göstərir. Çünki belə yanaşma hər hansı lokal insidentin sürətlə genişmiqyaslı münaqişəyə çevrilməsi riskini artırır. Beynəlxalq vasitəçilərin, o cümlədən Pakistanın dialoq çağırışları isə hələlik real nəticə vermir. İran rəhbərliyinin ABŞ-ın siyasətini ziddiyyətli və etibarsız hesab etməsi danışıqlar prosesini faktiki olaraq dalana dirəyib. Etimadın olmaması isə istənilən diplomatik təşəbbüsün uğur şansını minimuma endirir. 
 

Bütün bunların fonunda əsas sual açıq qalır: tərəflər gərginliyi idarə edə biləcəkmi, yoxsa proses nəzarətdən çıxacaq? Hazırkı dinamika göstərir ki, risklər kifayət qədər yüksəkdir. Əgər yaxın zamanda real və qarşılıqlı güzəştlərə əsaslanan dialoq bərpa olunmasa, region yeni bir müharibə təhlükəsi ilə üz-üzə qala bilər. Bu isə yalnız Yaxın Şərqi deyil, bütün dünyanı sarsıda biləcək nəticələr doğura bilər.

Hazırkı gərginlik fonunda Vaşinqtonun sərt ritorikası və güc nümayişinə əsaslanan siyasəti, nüvə təhlükəsizliyi kimi həssas məsələlərin belə daxili siyasi mübarizənin predmetinə çevrildiyini göstərir. Bu isə qlobal risklərin təkcə regiondakı qarşıdurmadan deyil, eyni zamanda böyük güclərin daxili siyasi dinamikasından da qaynaqlandığını ortaya qoyur. Belə görünür ki, prezident Donald Trampın sərt mesajları və ABŞ siyasi institutlarının ona verdiyi dəstək Ağ Evin Yaxın Şərq strategiyasını daha təhlükəli mərhələyə daşıyır. 



Mövcud şəraitdə qarşıdurmanın genişmiqyaslı hərbi münaqişəyə çevrilməsi ehtimalı ilə yanaşı, onun daha ağır - hətta nüvə qarşıdurması ssenarilərinə qədər inkişaf edə biləcəyi ilə bağlı narahatlıqlar da artır. Bu kontekstdə ABŞ siyasi elitası daxilində nüvə qərarlarının verilməsi mexanizmləri ətrafında müzakirələrin intensivləşməsi də diqqətdən kənarda qalmır. 
 

Bu debatlar göstərir ki, qlobal təhlükəsizlik məsələləri artıq yalnız beynəlxalq münasibətlərin deyil, eyni zamanda daxili siyasi qarşıdurmaların da ayrılmaz hissəsinə çevrilib.

Siyasət şöbəsi
--> -->