Xəbər lenti

Venesiya suyun altında qala bilər: Alimlər radikal həll yolları təklif edir
Dünya 19:10 24.04.2026

Venesiya suyun altında qala bilər: Alimlər radikal həll yolları təklif edir

İtaliyanın Venesiya şəhəri artıq mövcud olan qoruyucu bəndlər sisteminə baxmayaraq, dəniz səviyyəsinin yüksəlməsi fonunda əlavə müdafiə tədbirlərini nəzərdən keçirməyə məcbur qalır.

Qaynarinfo "The Independent" nəşrinə istinadən xəbər verir ki, söhbət təxminən 6 milyard avroya başa gələn Mose adlı qoruyucu baryer sistemindən gedir. Bu sistem lagunanı yüksək su səviyyəsi zamanı bağlayan hərəkətli şlüzlərdən ibarətdir.

Hazırda sistem daşqın təhlükəsini müəyyən dərəcədə cilovlaya bilir, lakin getdikcə daha tez-tez istifadə olunur. 2020–2025-ci illər arasında sistem 108 dəfə aktivləşdirilib, 2026-cı ilin ilk iki ayında isə artıq 30 dəfə bağlanıb.

Alimlərin xəbərdarlığına görə, dəniz səviyyəsinin artması davam edərsə, gələcəkdə sistem il ərzində bir neçə həftə ərzində daim bağlı qalmalı ola bilər. Bu isə şəhər üçün ciddi nəticələr doğura bilər: gəmiçiliyin pozulması, lagunanın ekoloji vəziyyətinin pisləşməsi və əlavə su idarəetmə sistemlərinə ehtiyac.

Məqalədə Venesiyanın qorunması üçün bir neçə ssenari nəzərdən keçirilir:

* mövcud Mose sisteminin əlavə tədbirlərlə gücləndirilməsi
* şəhər ətrafında dairəvi damba sistemlərinin qurulması
* daha iri miqyaslı müdafiə infrastrukturlarının yaradılması
* ən son variant kimi isə əhalinin qismən köçürülməsi

Mütəxəssislər bildirirlər ki, hətta orta temperatur artımı ssenarisində belə, dəniz səviyyəsi əsrlər boyu yüksəlməyə davam edəcək və mövcud infrastruktur uzunmüddətli perspektivdə kifayət etməyə bilər.

Venesiya artıq turizm axınını tənzimləmək üçün də tədbirlər görür. 2026-cı ilin aprelindən etibarən şəhərə giriş üçün ödəniş sistemi yenidən tətbiq olunacaq. İl ərzində 60 ödənişli gün müəyyən edilib və bu, əsasən həftəsonları və bayram günlərini əhatə edir.

Bu addımın məqsədi birgünlük turizmi azaltmaq və şəhərin həddindən artıq yüklənməsinin qarşısını almaqdır. Artıq əvvəlki mövsümdə bu sistemin təsiri hiss olunub və birgünlük ziyarətlərin sayı azalıb.

Aydın

--> -->