Xəbər lenti

Prezident Qəbələdə görüşlər keçirdi (YENİLƏNİB)
Foto 18:30 06.10.2025

Prezident Qəbələdə görüşlər keçirdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımı qəbul edib.

Qaynarinfo xəbər verir ki, söhbət zamanı dövlətimizin başçısının Binəli Yıldırımla görüşləri, həmçinin onun ölkəmizə səfərləri məmnunluqla xatırlandı.

Qonaq Türk Dövlətləri Təşkilatının fəaliyyətinə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edərək vurğuladı ki, Təşkilatın Ağsaqqallar Şurası bundan sonra da Türk dövlətləri arasında əməkdaşlığın inkişafı prosesinə öz töhfəsini verməyə davam edəcək.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün əhəmiyyətinə toxunuldu, ölkəmizdə təşkil edilmiş digər beynəlxalq tədbirlər kimi, bu sammitin də yüksək səviyyədə keçiriləcəyinə əminlik ifadə olundu.

Söhbət zamanı Azərbaycan və Türkiyə arasında qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün sahələrdə daha da genişlənməsi qeyd edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib.

Söhbət zamanı dövlətimizin başçısı ilə qonağın görüşləri məmnunluqla xatırlandı.

Baş katib Azərbaycanla Ermənistan arasında sülh gündəliyi ilə bağlı Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda əldə olunmuş nəticələr münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkür etdi.

Kubanıçbek Ömüralıyev Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun daha da artması, üzv və müşahidəçi ölkələr arasında əməkdaşlığın gücləndirilməsi işinə Azərbaycanın verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Görüşdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının Qəbələdə keçiriləcək 12-ci Zirvə görüşünün "Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olunduğu vurğulanaraq, tədbir çərçivəsində təşkilatın gündəliyində duran aktual məsələlərin müzakirə ediləcəyi bildirildi.

Dövlətimizin başçısı bu Zirvə Görüşünün Türk dünyasında dostluq, həmrəylik və tərəfdaşlığın möhkəmləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə etdi.

Söhbət zamanı ölkəmizlə təşkilat arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb.

Ersin Tatar Prezident İlham Əliyevlə ölkəmizdə və beynəlxalq tədbirlər çərçivəsində görüşlərini, həmçinin Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə toplantısında iştirakını məmnunluqla xatırladı, Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi dəstəyə görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev ölkəmiz tərəfindən Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyin bundan sonra da davam etdiriləcəyini dedi.

Qonaq Ermənistanla Azərbaycan arasında sülh gündəliyinin irəliyə aparılması istiqamətində Vaşinqtonda Amerika Birləşmiş Ştatları Prezidentinin şahidliyi ilə əldə edilmiş nəticələrlə bağlı təbriklərini çatdırdı.

Dövlətimizin başçısı təbriklərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi qeyd edildi.

Qəbələdə keçirilən Zirvə Görüşünün TDT çərçivəsində ölkələrarası tərəfdaşlığın daha da genişlənməsində rolu vurğulandı.

Görüşdə bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu.

***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Qəbələdə Macarıstanın Baş naziri Viktor Orban ilə görüşüb.

Macarıstanın Baş naziri Azərbaycana əvvəlki səfərlərinin, həmçinin Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşündə iştirakının önəminə toxundu.

Söhbət zamanı bu ilin mayında Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə Görüşü məmnunluqla xatırlandı.

Azərbaycanla Macarıstan arasında əlaqələrin mövcud vəziyyəti yüksək qiymətləndirildi. Bu xüsusda enerji, investisiyalar, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu. Macar şirkətlərinin Cəbrayıl rayonunun Soltanlı kəndinin tikintisində iştirakı vurğulandı.



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->