Oktyabrın 1-də Niderlandın 57 yaşlı keçmiş baş naziri Mark Rütte NATO-nun baş katibi vəzifəsinə başlayır. O, bu vəzifədə 10 il Alyansın baş katibi olmuş Yens Stoltenberqi əvəz edəcək.
Qaynarinfo xəbər verir ki, Rütte 2024-cü il iyunun 26-da rəsmi olaraq NATO-nun baş katibi seçilib, lakin Stoltenberq səlahiyyətlərini yalnız indi ona ötürür.
Dünyanın ən nüfuzlu hərbi-siyasi Alyansına rəhbərlik edən niderlandlı siyasətçi haqqında nələri bilməliyik?
2024-cü ilin yayında - NATO-nun baş katibi seçilməzdən əvvəl Mark Rütte ölkələrinə ən uzun müddət rəhbərlik edən hazırkı dövlət başçıları siyahısında 40-cı yerdə olub. 2010-cu ilin oktyabrından, yəni 14 ilə yaxın Niderlandın baş naziri vəzifəsində çalışıb. Bu vəzifədə Rütte 92 ildə ölkə hökumətinə rəhbərlik edən ilk liberal oldu.
"Reuters" xatırladır ki, o, Niderland hökumətinin başçısı olduğu 14 il ərzində siyasi razılaşmalar üzrə danışıqlar aparmaq bacarığını təkmilləşdirib və Vladimir Putinin açıq-aşkar tənqidçisi və Ukraynanın sadiq müttəfiqinə çevrilib.
Rütte Haaqada anadan olub və demək olar ki, bütün həyatını orada keçirib və atasının iki evliliyində olan yeddi uşağının ən kiçiyidir. Gəncliyində NATO-nun gələcək baş katibi siyasi karyera arzusunda deyildi: o, konservatoriyaya daxil olub pianoçu olmağa ümid edirdi. Lakin bunun əvəzinə o, 1992-ci ildə magistr dərəcəsini aldığı Leyden Universitetində (Niderland) tarix üzrə təhsil almağa gedib. Hələ tələbə ikən Azadlıq və Demokratiya gənclər təşkilatının liderlərindən biri olub, siyasi karyeraya doğru ilk addımlarını atıb.
Universitetdən sonra Mark Rütte biznesə girişib. 90-cı illərin əvvəllərindən 2000-ci illərin əvvəllərinə qədər o, nəhəng "Unilever” şirkətində və onun bir neçə törəmə müəssisəsində müxtəlif vəzifələrdə, o cümlədən rəhbərliyində çalışıb.
Artıq bu zaman Rütte Niderlandın siyasi həyatında fəal iştirak edirdi. 1993-1997-ci illərdə Niderlandın mühafizəkar-liberal siyasi qüvvəsi olan Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının şurasının üzvü olub, sonradan 2006-cı ildə lideri olub. Və 2010-cu ildə Rütte Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyasının seçki siyahısına başçılıq edib, onunla seçkilərdə qalib gəlib və bu siyasi qüvvədən Niderlandın ilk baş naziri olub.
Bundan əvvəl Rütte həm Niderland parlamentinin üzvü, həm də rəsmi şəxs kimi iş təcrübəsi qazana bilib: o, baş nazir Yan Peter Balkenendenin bir neçə kabinetinin tərkibində yer alıb. Xüsusilə, Rütte Sosial Məsələlər və Məşğulluq üzrə Dövlət Katibi (Nazir), həmçinin Təhsil, Mədəniyyət və Elm üzrə Dövlət Katibi vəzifələrində çalışıb. 2010-cu ildə Niderlandın baş naziri seçildikdən sonra Rütte 2024-cü ilə qədər bu vəzifədə qalıb.
2023-cü ilin sonunda Rütte Qert Vildersin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası keçən noyabr seçkilərində qalib gəldikdən sonra Niderland siyasətindən tezliklə ayrılacağını açıqlayıb.
Beynəlxalq siyasətdə ambisiyaları olan Mark Rütte NATO-nun baş katibi vəzifəsinə əsas namizədlərdən biri olub. Keçən il o, Alyansın əsas üzvlərinin, o cümlədən ABŞ, Böyük Britaniya, Fransa və Almaniyanın dəstəyini qazanıb və 2024-cü ilin iyununda Rüttenin yeganə rəqibi Rumıniya prezidenti Klaus İohannis bu vəzifə uğrunda mübarizədən kənarda qalıb - o, NATO ölkələrindən kifayət qədər dəstək ala bilməyib.
Bundan sonra artıq aydın olub ki, 32 NATO ölkəsinin səfirləri Alyansın əsas qərar qəbuledici orqanı olan Şimali Atlantika Şurasının növbəti iclasında Mark Rütteni Yens Stoltenberqin varisi seçəcəklər.
Nizami Bağırov
Şərhlər