Dünyanın ən böyük konteyner daşıma şirkətlərindən biri olan "Mediterranean Shipping Company" (MSC) Avropa ilə Yaxın Şərqi birləşdirən yeni nəqliyyat marşrutunun istifadəyə verildiyini elan edib.
Qaynarinfo xəbər verir ki, şirkətin rəsmi saytında yayılan məlumata görə, "Avropa – Qırmızı dəniz – Yaxın Şərq Ekspress” xətti Hörmüz boğazından yan keçməklə alternativ daşımaları təmin edəcək.
MSC-dən bildirib ki, Yaxın Şərqdəki gərgin vəziyyət fonunda Avropadan Qırmızı dəniz regionuna yükdaşımaya tələbat artıb.
Yeni marşrut Avropa limanlarını Səudiyyə Ərəbistanında yerləşən və sürətlə inkişaf edən konteyner mərkəzlərindən biri olan Kral Abdullah limanı, həmçinin Ciddə və Əqəbə limanları ilə birbaşa əlaqələndirəcək.
Kral Abdullah limanından sonra yüklər quru yolu ilə Fars körfəzi ölkələrinə çatdırılacaq.
Şirkətdən bildirilib ki, yeni marşrut daha sürətli tranzit müddətləri ilə etibarlı və rəqabətqabiliyyətli daşıma imkanları təqdim edəcək.
İlk reysin mayın 10-da Antverpen limanından yola düşəcəyi açıqlanıb. Marşrut aşağıdakı limanları əhatə edəcək: Qdansk – Klaypeda – Bremerhaven – Antverpen – Valensiya – Barselona – Coya-Tauro – Əbu-Kir – Kral Abdullah limanı – Ciddə – Əqəbə.
MSC-nin yerli şəbəkəsi vasitəsilə Şimali-Qərbi Avropa və Skandinaviya regionlarından Qərbi və Şərqi Aralıq dənizi, Adriatik və Qara dəniz istiqamətlərinədək bütün yüklər bu marşruta qoşula biləcək.
Ekspertlər qeyd edir ki, İran ətrafında baş verən münaqişə və Hörmüz boğazının bağlanması qlobal iqtisadiyyata ciddi təsir göstərib. Nəticədə Hindistan və Banqladeşdə zavodlar bağlanır, İrlandiya, Polşa və Almaniyada aviasiya yanacağı çatışmazlığı yaranır, Vyetnam, Cənubi Koreya və Taylandda isə elektrik enerjisi istehlakına məhdudiyyətlər tətbiq olunur.
Analitiklərin qiymətləndirməsinə görə, may ayının sonuna qədər qlobal neft ehtiyatlarının tükənməsi riski var. Bununla belə, enerji qiymətləri hələlik tədarükdəki azalmanın real miqyasını tam əks etdirmir, çünki bazarlar mövcud qeyri-müəyyən şəraitdə necə davranacağını müəyyənləşdirə bilmir.
Günay
Şərhlər