Xəbər lenti

Mask ABŞ siyasətinə meydan oxuyan ilk iş adamı deyil - Başqa kimlər var?
Dünya 12:46 09.07.2025

Mask ABŞ siyasətinə meydan oxuyan ilk iş adamı deyil - Başqa kimlər var?

ABŞ siyasətində ikipartiyalı sistemə qarşı çıxmaq cəhdləri təkcə İlon Maskla məhdudlaşmır. Ötən onilliklər ərzində bir neçə tanınmış iş adamı bu quruluşa meydan oxumağa çalışıb. 

Qaynarinfo "Business Insider"ə istinadən xəbər verir ki, onlardan bəziləri hətta yeni partiyalar yaradıb, digərləri isə prezident seçkilərinə müstəqil namizəd kimi qatılmaq istəsə də, bu sistem hələ də dəyişməz qalmaqdadır.

2025-ci ildə Amerika Partiyasını qurduğunu elan edən İlon Mask ABŞ prezidenti Donald Trampla siyasi ittifaqının qalmaqallı şəkildə pozulmasından sonra yeni bir yol axtarmağa qərar verib. Lakin bu cəhd ilk deyil.

Endryu Yanq

Texnologiya və təşəbbüslər sahəsində tanınan sahibkar Endryu Yanq 2020-ci ildə ABŞ prezidentliyinə Demokratlar Partiyasından namizəd olmuş və "Azadlıq dividend" adlandırdığı universal əsas gəlir ideyası ilə gündəmə gəlmişdi. Mask da onun kampaniyasını dəstəkləmişdi.

2021-ci ildə Nyu-York meri postuna namizəd olan Yanq, ilk turda təxminən 12% səs toplayaraq 4-cü yeri tutmuşdu. Elə həmin il o, qütbləşməyə qarşı çıxan və islahatlara yönəlmiş Gələcək Partiyasını (Forward Party) təsis edib.

Partiya sonradan bəzi ştat səviyyəli rəsmilərin dəstəyini qazanıb və Respublikaçı senator Con Körtis (Yuta) ilə Demokrat nümayəndə Eyprel MakKleyn Delani (Merilend) kimi siyasətçiləri dəstəkləyib. Yanq hazırda Maskın yeni partiya təşəbbüsünü də alqışlayaraq deyib: "İkipartiyalı monopoliyanı dağıtmaq istəyənlər düzgün niyyətdədirlər".

O bildirib ki, Maskla əməkdaşlıq etmək üçün əlaqə yaratmağa çalışsa da, hələlik cavab almayıb: "Əsas məsələ, ölkəmizin siyasi sistemini xalqın istək və ehtiyaclarına cavab verəcək vəziyyətə qaytarmaqdır. Bu isə indi yoxdur".

Hovard Şults

"Starbucks" şirkətinin keçmiş icraçı direktoru və milyarder Hovard Şults da 2019-cu ildə müstəqil centrist namizəd kimi prezidentliyə namizədliyini verməyi nəzərdən keçirirdi. Demokrat mövqelərinə yaxın olmasına baxmayaraq, partiyanın sol meyllərinin onu narahat etdiyini açıqlamışdı.

Ancaq elə həmin ilin əvvəlində seçki kampaniyasına kifayət qədər dəstək tapa bilməyəcəyini başa düşərək, sentyabrda rəsmən bu niyyətdən imtina etdi. O, tərəfdarlarına yazdığı məktubda qeyd etmişdi: "İkipartiyalı sistemin islahına ehtiyac olduğuna inamım dəyişməyib. Lakin indi Ağ Ev uğrunda müstəqil kampaniya aparmaq ölkəmə xidmət etmək üçün doğru yol deyil".

Ross Pero

Texaslı milyarder Ross Pero müstəqil prezident namizədləri arasında ABŞ tarixində ən uğurlularından biri olub. O, 1992 və 1996-cı illərdə seçkilərdə iştirak edib. 1992-ci ildə müstəqil namizəd kimi təxminən 19% səs toplayıb və nəticədə Bill Klinton sabiq prezident Corc Buşu məğlub edib.

1995-ci ildə özünün İslahat Partiyasını quran Pero 1996-cı ildə bu partiyadan namizəd oldu və 8,4% səs topladı. Partiya onun siyasətdən getməsindən sonra da müəyyən fəaliyyət göstərdi - 1998-ci ildə Cessi Ventura bu partiyadan Minnesota ştatının qubernatoru seçildi. Maraqlıdır ki, Donald Tramp da 2000-ci ildə bu partiyadan namizədliyini verməyi düşünmüşdü.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->