Xəbər lenti

270 nəfərin həyatına son qoymuşdu... Pilotlarının son sözləri qandondurur
Dünya 20:02 18.07.2025

270 nəfərin həyatına son qoymuşdu... Pilotlarının son sözləri qandondurur

Hindistanda 12 iyun tarixində baş verən dəhşətli təyyarə qəzası ilə bağlı ilkin araşdırma nəticələri açıqlanıb. 

Qaynarinfo-nun məlumatına görə, təyyarənin qara qutularının incələnməsi nəticəsində məlum olub ki, qəzaya səbəb motorlara gedən yanacağın kəsilməsi olub. Daha qorxuducu olan isə bu prosesin iddialara görə, təcrübəli kapitan pilot tərəfindən həyata keçirilməsi ehtimalıdır.

"Air India 171” reysini yerinə yetirən sərnişin təyyarəsi Hindistanın Əhmədabad şəhərindəki Sardar Vallabhbhai Patel Beynəlxalq Hava Limanından havaya qalxdıqdan dərhal sonra Meghani Nagar yaşayış məntəqəsində yerləşən, tibb tələbələrinin qaldığı yataqxanaya çırpılaraq qəzaya uğrayıb. Hadisə nəticəsində 270 nəfər həyatını itirib.

Şirkətin açıqlamasına görə, təyyarədə 242 sərnişin və ekipaj üzvü olub. Onlardan 169-u Hindistan, 53-ü Böyük Britaniya, 7-si Portuqaliya və 1-i Kanada vətəndaşı idi. Qəza zamanı yalnız bir nəfər sağ qalıb və hazırda müalicə altındadır.

İtaliyanın "Corriere della Sera" nəşri və "Wall Street Journal" qəzetinin əldə etdiyi məlumata görə, təyyarənin qara qutusundan çıxarılan səs yazısında təcrübəli kapitan pilot Sumeet Sabharval ilə köməkçi pilot Clive Kunder arasında son dərəcə gərgin bir dialoq yer alır. Qalxış zamanı kapitan pilotun "Təyyarə sənin əlindədir” dediyi eşidilib. Sözlərindən aydın olur ki, o, idarəni köməkçiyə təhvil verib.

Lakin qeyd edilir ki, bu hal qeyri-adi hesab olunmur. Amma araşdırmalara əsasən, həmin an köməkçi pilotun idarəetmədə çox yükləndiyi və əlavə nəzarət üçün zamanının olmadığı bildirilir.

Qara qutu məlumatlarına əsaslanan ilkin hesabatda, kalkışdan saniyələr sonra hər iki motorun yanacaq axınını idarə edən düymələrin "işlək" mövqeyindən "dayandırılmış" vəziyyətə gətirildiyi, təxminən 10 saniyə sonra isə yenidən aktivləşdirildiyi bildirilir. ABŞ-lı rəsmilərin verdiyi ilkin qiymətləndirmədə, düymələrin ardıcıl şəkildə, bir saniyəlik fərqlə söndürüldüyü qeyd olunur.

Araşdırmada pilotların bu düymələri səhvən və ya məqsədli şəkildə dəyişdirməsinə dair hələ dəqiq nəticəyə gəlinməyib. Qara qutuda video görüntü qeydi olmadığı üçün dəqiq olaraq hansı pilotun bu hərəkəti etdiyi bilinmir. Amma səs yazılarından əldə olunan məlumatlar kapitan pilotu işarə edir.

Hindistan Hava Qəzaları Araşdırma Bürosu (AAIB) tərəfindən yayımlanan ilkin hesabatda, qəza zamanı təyyarədə heç bir texniki və ya baxım nasazlığının aşkar edilmədiyi qeyd olunub. Bütün texniki baxışların vaxtında həyata keçirildiyi bildirilib. "Air India" rəhbəri Kampbell Uilson da daxili yazışmasında bu faktı təsdiqləyib.

Hindistanın Mülki Aviasiya naziri Kinjarapu Ram Mohan Naidu isə mətbuata verdiyi açıqlamada ictimaiyyəti nəticə çıxarmaq üçün nihai hesabatı gözləməyə çağırıb. Beynəlxalq qaydalara əsasən, bu hesabatın bir il ərzində tamamlanması nəzərdə tutulur.

Qəzanın ardından Hindistan hökuməti, "Air India"nın istismarındakı 33 ədəd "Boeing 787 Dreamliner" tipli təyyarələrə əlavə və genişmiqyaslı texniki yoxlamalar aparılması barədə göstəriş verib.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->