Xəbər lenti

Macarıstanda hakimiyyət dəyişikliyi: Yenilənmə gözləntiləri və məhdud imkanlar (MÜSAHİBƏ)
Dünya 12:46 17.04.2026

Macarıstanda hakimiyyət dəyişikliyi: Yenilənmə gözləntiləri və məhdud imkanlar (MÜSAHİBƏ)

Macarıstanda keçirilən son parlament seçkiləri ölkənin siyasi kursunda mümkün dəyişikliklər fonunda diqqət mərkəzinə gəlib. İlkin nəticələrə və yayılan məlumatlara əsasən, uzun illər hakimiyyətdə olan Fidesz-KDNP blokunun lideri Viktor Orban və onun rəhbərlik etdiyi siyasi qüvvə ciddi rəqabətlə üzləşib. 
 
Müxalifət blokunun isə parlamentdə üstünlük əldə edərək hökumət formalaşdırmaq istiqamətində irəlilədiyi bildirilir. Bu nəticələr təsdiqlənərsə, Macarıstanın siyasi tarixində Orban dövrünün başa çatması və yeni mərhələnin başlanması kimi qiymətləndirilə bilər. 
 
Bu seçkiləri Macarıstanın siyasi tarixində yeni mərhələnin başlanğıcı hesab etmək olarmı? Bu və digər sualları Qaynarinfo-ya siyasi şərhçi Sahib Kərimli cavablandırır.

- Müxalifət blokunun parlamentdə üstünlük əldə etməsi Macarıstanın daxili və xarici siyasətinə necə təsir göstərə bilər? 

- Macarıstandakı son seçkilər xarici siyasətə ciddi təsir etməyəcək. Hesab edirəm ki, burada beynəlxalq sistemlə təsirli münasibətləri olan elita daxilində sadəcə rol dəyişikliyi baş verib. Bu səbəbdən də xarici siyasət kursunda köklü dəyişiklik gözlənilmir. Peter Macar sistemin yetişdirməsi, siyasi elitanın nümayəndəsidir. Göründüyü  kimi, seçkidən sonra verdiyi bəyanatlar kampaniya dövründəki açıqlamalarından fərqli olaraq Orban kursuna daha yaxındır. Daxili siyasətdə isə dəyişikliklər, təbii ki, olacaq. Yeni komanda özünü təsdiqləmək üçün köhnəlmiş komandadan xeyli fərqli işləməyə və yeni ideyalarla çıxış etməyə çalışacaq. 
 


- Viktor Orban və Fidesz–KDNP blokunun uzunmüddətli hakimiyyətinin sona çatması ehtimalı nə dərəcədə real görünür? 

- Bütün ölkələrdə olduğu kimi, Macarıstan da yeni dünya düzəninə uyğunlaşdıqca yeni mərhələyə keçəcək. Bu baxımdan mövcud vəziyyəti yeni dönəmin başlanğıcı kimi qiymətləndirmək olar.

- Amma müxalifət seçkiöncəsi tamamilə yeni diplomatiyadan danışırdı... 

- Seçkiöncəsi verilən bəyanatların xeyli hissəsi artıq aktuallığını itirib. Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı xüsusi güzəştlərə ehtiyac olmadığı bildirilib. Ukraynaya yardımlar məsələsində də birmənalı mövqe yoxdur. Rusiyaya münasibətdə, xüsusilə enerji ticarəti sahəsində Orban kursundan kəskin fərqlənən yanaşma müşahidə edilmir. Əksinə, Putinlə dialoq imkanlarından və ticari münasibətlərdən bəhs olunur. Orbanın beynəlxalq müttəfiqləri də siyasi "aşınma”nın baş verdiyinin fərqində idi. Elitada dəyişiklik etməklə cəmiyyəti rahatlatmaq zəruri sayılırdı. Orban sistemdən kənarlaşdırılmır; o, müxalifət lideri kimi sistem daxilində funksionallığını qoruyur və revanş imkanlarını saxlayır. Yenilənmələr isə, şübhəsiz ki, olacaq. On altı illik hakimiyyət dövründə xüsusi imtiyazlı qrupların formalaşması qaçılmaz idi və onların təsirini azaltmaq indi daha rahat və az riskli görünür. İnstitusional dəyişikliklərə cəhdlərin ediləcəyi də ehtimal olunur. Bununla belə, yeni iqtidarın müxalifətdə olduğu dövrdə problemləri nə dərəcədə dəqiq müəyyənləşdirdiyi, komandada real peşəkarlığın və kollegial qərarvermə mexanizminin işləyib-işləməyəcəyi açıq sual olaraq qalır. Bu məsələləri dəyərləndirmək üçün zamana ehtiyac var. Avropa İttifaqının yeni komandaya siyasi və iqtisadi dəstəyini əhəmiyyətli dərəcədə artırıb-artırmayacağı da mühüm amildir. İqtidar dəyişikliyinin cəmiyyətin dinamizminə necə təsir edəcəyi diqqət mərkəzindədir. 

Macarıstanın coğrafi mövqeyi və iqtisadi potensialı ona geniş manevr imkanları yaratmır. Dənizə çıxışının olmaması və enerjinin əsasən idxaldan asılı olması əsas problemlərdəndir. Orban hakimiyyətinin ilk illərində ciddi iqtisadi və geosiyasi nəticələr əldə olunub və yeni komandadan da ciddi dəyişikliklər gözlənilir. Lakin bu gözləntiləri yalnız daxili potensial hesabına qarşılamaq çətin görünür. Beynəlxalq müttəfiqlərin yeni hakimiyyətə verəcəyi dəstəyin səviyyəsi isə zamanla aydınlaşacaq.

- Yeni iqtidar birmənalı qərbpərəst diplomatiya sərgiləyə biləcəkmi, yoxsa seçkiöncəsi şüarlar unudulacaq? 

- Orbanın beynəlxalq müttəfiqləri siyasi "aşınma”nın baş verdiyini anlayır və elitada dəyişiklik etməklə cəmiyyəti rahatlatmağın zəruri olduğunu hesab edirdilər. Orban isə sistemdən kənarlaşdırılmır; o, müxalifət lideri kimi sistem daxilində qalır, funksionallığını qoruyur və revanş imkanlarını saxlayır. Yenilənmələr, şübhəsiz ki, olacaq. On altı illik hakimiyyət dövründə xüsusi imtiyazlı qrupların formalaşması qaçılmaz idi və onların təsirini azaltmaq indi daha rahat və az riskli görünür. İnstitusional dəyişikliklərə cəhdlərin ediləcəyi də ehtimal olunur. Bununla belə, yeni iqtidarın müxalifətdə olduğu dövrdə problemləri nə dərəcədə düzgün müəyyənləşdirdiyi, komandada real peşəkarlığın və kollegial qərarvermə mexanizminin işləyib-işləməyəcəyi açıq sual olaraq qalır. Bu məsələləri qiymətləndirmək üçün zamana ehtiyac var. Avropa İttifaqının yeni komandaya siyasi və iqtisadi dəstəyini artırıb-artırmayacağı mühüm amildir. İqtidar dəyişikliyinin cəmiyyətin dinamizminə təsiri də diqqət mərkəzindədir.
 
Siyasət şöbəsi

--> -->