Xəbər lenti

ABŞ-dan Avropaya silah tədarükü gecikə bilər - Səbəb Yaxın Şərqdəki müharibədir
Dünya 13:03 17.04.2026

ABŞ-dan Avropaya silah tədarükü gecikə bilər - Səbəb Yaxın Şərqdəki müharibədir

ABŞ-dan Avropa ölkələrinə əvvəllər imzalanmış müqavilələr çərçivəsində silah tədarükündə gecikmələr gözlənilir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ rəsmilərinin Avropa tərəfini artıq məlumatlandırdığı bildirilir. Məlumatı "Reuters” agentliyi mənbələrə istinadən yayıb.

Mənbələrin sözlərinə görə, gecikmələr bir neçə Avropa ölkəsini əhatə edəcək. Xüsusilə Baltik regionu və Skandinaviya ölkələrinin bu vəziyyətdən təsirlənəcəyi qeyd olunur. Bildirilir ki, bu ölkələrin bəziləri Rusiya ilə sərhəddə yerləşir.

Qeyd olunur ki, gecikmələr müxtəlif növ silah və sursatları əhatə edir. Bunlar həm hücum, həm də müdafiə məqsədilə istifadə oluna bilən vasitələrdir. Həmin silahların bir qismi Avropa ölkələri tərəfindən ABŞ-ın Xarici Hərbi Satışlar (FMS) proqramı çərçivəsində alınsa da, hələ təhvil verilməyib.

Məlumata görə, fevralın 28-də ABŞ və İsrailin hava zərbələri ilə başlayan İranla bağlı münaqişə bəzi kritik silah və sursat ehtiyatlarının azalmasına səbəb olub. Avropa rəsmiləri isə gecikmələrin onları çətin vəziyyətə saldığını bildirirlər.

ABŞ tərəfi isə açıqlayıb ki, hazırda bu silahlara Yaxın Şərqdəki əməliyyatlar üçün ehtiyac var. Eyni zamanda, Vaşinqton Avropa ölkələrini Hörmüz boğazının açılması istiqamətində kifayət qədər fəal olmamaqda ittiham edir.

Münaqişə dövründə Tehran Fars körfəzi ölkələrinə doğru yüzlərlə ballistik raket və pilotsuz uçuş aparatı buraxıb. Onların böyük hissəsinin "Patriot” sistemləri üçün nəzərdə tutulan PAC-3 tipli raketlərlə zərərsizləşdirildiyi bildirilir. Qeyd edilir ki, bu silahlar Ukrayna tərəfindən də Rusiyanın ballistik raket hücumlarına qarşı istifadə olunur.

Bu arada, Yaponiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə olaraq müdafiə ixracı qaydalarını yumşaltmağa hazırlaşır. Bu addımın Qərb ölkələrinin ABŞ-dan asılılığını azaltmağa kömək edəcəyi bildirilir. Məlumata görə, Yaponiya istehsalı silahlara artıq Filippin və Polşa kimi ölkələr maraq göstərir.

Digər tərəfdən, Pentaqon silah istehsalını artırmaq məqsədilə avtomobil istehsalçıları ilə əməkdaşlıq imkanlarını müzakirə edir. Bildirilir ki, bu istiqamətdə "General Motors” və "Ford Motor” şirkətlərinin rəhbərləri ilə danışıqlar aparılıb.
 
Günay
--> -->