Şimali Koreya (KXDR) böyük ehtimalla əsas raket və peyk buraxılış obyektlərindən birinin yaxınlığında yerləşən bir neçə yaşayış məntəqəsini dağıdıb. Bu isə infrastrukturun genişləndirilməsi planlarına işarə edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Bloomberg” yazır.
Qeyd olunur ki, bu vəziyyət, xüsusilə İranda davam edən münaqişə fonunda ümumi qeyri-sabitlik səbəbindən regionda təhlükəsizliklə bağlı narahatlıqları artırır.
"Stimson Center” analitik mərkəzinin 38 North proqramının məlumatına görə, mart ayında ölkənin qərb sahilində yerləşən və Sohe peyk buraxılış stansiyasına bitişik iki kənd sökülüb. Ümumilikdə söhbət yüzlərlə tikilidən gedir.
Mərkəzin baş elmi əməkdaşı Martin Uilyamsın sözlərinə görə, bu addımlar ölkənin kosmik proqramının genişləndirilməsi planları ilə bağlı ola bilər. Onun fikrincə, KXDR-in əsas kosmik mərkəzinin genişləndirilməsi ehtimalı yüksəkdir, çünki yeni beşillik planda peyklər və peykə qarşı texnologiyalar da yer alır.
"Şimali Koreya fevral ayında yeni inkişaf strategiyasını təqdim edib – sənəd 2030-cu ilə qədər olan dövrü əhatə edir və əlavə kəşfiyyat peyklərinin orbitə çıxarılmasını nəzərdə tutur. Bu hesabatın ortaya çıxması KXDR-in yeni bərk yanacaq mühərrikinin sınaqları barədə açıqlaması ilə üst-üstə düşüb. Bu mühərrik strateji zərbə imkanlarını gücləndirməlidir. Ölkə nüvə və raket proqramlarını fəal şəkildə inkişaf etdirir, onun lideri Kim Çen In isə Ukraynaya qarşı müharibə fonunda Rusiya ilə daha da yaxınlaşır”, deyə materialda qeyd olunur.
Rəsmi olaraq sınaqların harada keçirildiyi açıqlanmayıb, lakin 38 North analitikləri dövlət mediasının yaydığı görüntülərə əsaslanaraq onların məhz Sohe poliqonunda keçirildiyini ehtimal edirlər.
KXDR-in açıqlamalarına görə, yeni mühərrik əvvəlki versiyadan təxminən 20% daha güclüdür. Onun qitələrarası ballistik raketlər üçün nəzərdə tutulduğu ehtimal edilir.
ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi Venn Van Dipenin sözlərinə görə, güc artımı daha ağır yüklərin, o cümlədən çoxsaylı döyüş başlıqlarının buraxılması məqsədi daşıya bilər – əgər Şimali Koreya onları inkişaf etdirə bilsə.
Toncxan-ri kimi də tanınan poliqonun mümkün genişləndirilməsi regionda onsuz da artan gərginlik fonunda təhlükəsizlik narahatlıqlarını daha da gücləndirir.
Aydın
Şərhlər