İran hakimiyyəti ictimaiyyətin müqavimət ruhunu yüksək saxlamaq üçün Ruhullah Xomeyninin "1400 illik keşikçilərimiz" adlandırdığı məddahlardan istifadə edir.
Qaynarinfo "Hürriyət"ə istinadən xəbər verir ki, dini, tarixi və ideoloji məzmunlu ağılar və şeirlərlə xalqı motivasiya edən bu şəxslərin əsas hədəfində ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu dayanır.
Kərbəladan gələn təsirli təbliğat aləti
Məddahlıq ənənəsinin kökləri 680-ci ildə baş verən Kərbəla hadisəsinə gedib çıxır. Həmin hadisədə İmam Hüseyn və ailə üzvləri də daxil olmaqla 72 nəfər qətlə yetirilmişdi. O vaxtdan bəri bu faciə şeirlərdə və dini mərasimlərdə emosional şəkildə təsvir olunur.
Məddahlar da məhz bu hadisəni əsas götürərək, Əhli-beyti və Kərbəla şəhidlərini tərənnüm edən dini çıxışlar edirlər. Bu baxımdan onlar Türkiyədəki ənənəvi "məddah” teatrından tamamilə fərqlənirlər.
Siyasətdə aktiv rol
Əvvəlcə Kərbəla matəm mərasimlərində çıxış edən məddahlar zamanla siyasi proseslərin də təsirli iştirakçılarına çevriliblər. Xomeyni 1979-cu ildə baş verən İran İslam İnqilabı öncəsi onları şah rejiminə qarşı güclü təbliğat vasitəsi kimi istifadə edib və "təbliğat silahı müharibə silahından daha təsirlidir” fikrini irəli sürüb.
Sonrakı dövrdə, xüsusilə İran-İraq müharibəsi zamanı məddahlar ön plana çıxaraq cəmiyyətin səfərbər olunmasında mühüm rol oynayıblar. Onlar hadisələri Kərbəla kontekstində təqdim edərək "şəhidlik” anlayışını arzulanan bir məqam kimi formalaşdırıblar.
"Canlı media" funksiyası
Ənənəvi kommunikasiya vasitələrinin zəif olduğu dövrlərdə məddahlar adətən "canlı qəzet” və ya "sosial media” funksiyasını yerinə yetiriblər. Bu rol Suriya vətəndaş müharibəsi zamanı da davam edib.
Hazırda isə İran-ABŞ gərginliyi fonunda yenidən aktivləşən məddahlar çıxışlarında Tramp və Netanyahunu Kərbəla hadisəsinə istinadla "Yezid” kimi təqdim edirlər.
Minbərdən səhnəyə
Əvvəllər dini məclislərdə – minbərlərdə çıxış edən məddahlar bu gün böyük səhnələrdə, mitinq və konsert formatında fəaliyyət göstərirlər. Onların əsas hissəsi İranın İslami Təbliğat qurumlarına bağlı fondların tərkibində fəaliyyət göstərir. Bununla yanaşı, müxtəlif təşkilat və birliklərə bağlı məddah qrupları da mövcuddur.
Bu ilin fevralında ABŞ və İsrailin birgə hərbi hava hücumları zamanı öldürülən İranın Ali Dini lideri Ayətullah Əli Xameneinin də məddahlara xüsusi önəm verdiyi deyilirdi. Məlumata görə, o, hətta pandemiya dövründə digər görüşləri ləğv etsə də, məddahlarla görüşlərini davam etdirirmiş. Məddahlar isə öz çıxışlarında "Xameneinin fədailəriyik" ifadəsi ilə ona sadiqliklərini bəyan edirmişlər.
Günay
Şərhlər