Xəbər lenti

Sənət 14:57 29.07.2025

"Kitab-i Siretün-Nebi"nin təqdimatı

2024-cü il  noyabrın 29-da  Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Kitabxanasında 13-cü yüzillikdə yaşamış böyük Azərbaycan şairi İzzəddin Həsənoğlunun aləmlərə rəhmət olaraq göndərilmiş Mühəmməd peyğǝmbǝrin  həyatına həsr olunmuş "Kitab-i Siretün-Nebi” əsərinin təqdimatı oldu. 

Bu qiymətli əsərin əlyazması tam şəkildə olmasa da müxtəlif xəttatlar-katiblər tərəfindən üzü köçürülmüş nüsxǝlǝri Türkiyənin, Bosniyanın, Almaniyanın vǝ Macarıstanın çeşidli kitabxanalarında saxlanılır. Əlyazmalar qüsurlu olduğundan uzun illər çox qiymətli xəzinə dǝyǝrindǝki bu ǝsǝrin müəllifinin İzzǝddin Hǝsǝnoğlu olduğu bilinməmişdir. Əlyazmalardakı müǝyyǝn beytlǝrə görǝ əsərin müəllifinin Mühǝmmǝd, Mühǝmmǝd Xǝlifǝ, Mühǝmmǝd Haqqı, Dǝrviş Ögsüz olduğunu yazmışlar. 

Şair İzzəddin Həsənoğlunun indiyədək türkcə iki, farsca bir şeirinin, bəzən də 4-5 şeirinin olduğunu yazırdılar.

...Türkiyədə doğulmuş, orada təhsil almış və uzun müddət TRT Azərbaycan şöbəsinə qəhbərlik etmiş qardaşımız, neçə ildir Bakıya köçərək buradakı Avrasiya Universitetində dosent işləyən Seyfəddin Altaylı uzun illər axtarışdan sonra "Kitab-i Siretün-Nebi” əsərinin geniş və təkmil nüsxəsinin surətini Finlandiya kitabxalarından tapa bilib. Yeni tapılan əlyazma üzərində 14 il işlǝyərək onu latın əlifbası ilə, ön söz və izahlarla nəşrə hazırlayıb. AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının 8 fevral 2023-cü il tarixli qərarı ilə nəşri məsləhət görülən kitabı Ankaradakı Altınordu yayınlarında çap olunub.  Bizə gəlib çatan 750 səhifəlik əsər əlavələr və şərhlərlə birlikdə, ümumilikdə 934 səhifədir. Çox qiymətli bir xəzinəni oxucularına ərmağan etmişdir. 

Seyfəddin Altaylı kitab üzərində çox səylə çalışmış, müxtəlif tədqiqatçıların  diqqətindən kənarda qalmış və ya yanlış oxuduqları sözlərdən doğan şair adlarına aydınlıq gətirməyə çalışmış, əsərdə adı çəkilən sufi şeyxləri haqqında əlavə qaynaqlarda olduqca dəyərli bilgilər əldə edərək burada vermiş. O, fikirlərini əsaslandırmaq üçün əsərin müxtəlif nüsxǝlǝrindǝn misallar gətirməklə əsərin müəllifinin İzzəddin Həsənoğlu olduğunu sübuta yetirmişdir. 

Seyfəddin Altaylı Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun doktorantıdır. Buna görə də kitabın təqdimatı AMEA Əsaslı Kitabxanasının böyük salonunda keçirilirdi. Mən kitabın təqdimatından iki gün əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron zalındakı üç saatdan artıq çəkən "Kitab-i Siretin-Nebi” ilə bağlı doktorluq dissertasiyasının müzakirəsində də iştirak etmişdim. Müzakirə Orta əsrlər Azərbaycan ədəbiyyatı, Ortaq başlanğıc və intibah dövrü Azərbaycan ədəbiyyatı, Türk xalqları ədəbiyyatı şöbələrinin əməkdaşlarının iştirakı ilə keçdi. Doktorantın elmi rəhbəri akademik İsa Həbibbəylidir. Filologiya elmləri doktoru, professor İmamverdi Həmidov yığıncağı açaraq Seyfəddin Altaylını təqdim etməklə onun apardığı elmi araşdırmalar haqqında qısa məlumat verərək sözü doktoranta verdi. Doktorantın çıxışından sonra elmi əməkdaşlar tədqiqat işinin məziyyətlərindən danışdılar. Doktorant verilən sualları cavablandırıb iradlara münasibətini bildirdi. Seyfəddin Altaylının işinin yüksək qiymətləndirilməklə növbəti mərhələyə buraxılması qərara alındı. 

Bu sətirlərin müəllifi də doktorantın hər çıxışa verdiyi şərh və izahatları dinləmişdi. 

Kitabın təqdimatından sonra bir neçə gün ərzində əsərin ayrı-ayrı hissələrini, aləmlərə rəhmət olaraq göndərilmiş Mühəmməd Salavatullahın dünyaya gəlişi, həyatının ayrı-ayrı anları, İslamı səylə təbliği, döyüş səhnələrində belə müşrikləri, kafirləri İslama dəvəti, hər vəziyyətdə olduqda Allaha təvəkkül, bağlılıq döyüş vaxtı silahsız insanlara, qocalara, qadınlara, uşaqlara rəhm etmək, düşmən belə olsa əmanəti sahibinə qaytarmaq və digər İslami fikirlərin Quranla həmahəng səsləndiyinin şahidi oluruq. 

Əsərdə habelə möminlərin mövlası, Həzrət Əlinin döyüş səhnələrindəki şücaətləri, Həzrət Həmzə digər İslam qəhrəmanları ilə bağlı səhnələrlə bağlı o dövrdə İslama, Mühəmməd Salavatullaha qarşı olan düşmənlərin necə xar olmaları və sonda təslim olmaları öz əksini tapmışdır.
Əsərdə bir yerdə Əbu Cəhlin oğlu Məkkədə bir gün meydanda güləş yarışında bir neçə nəfərə habelə özünün böyük qardaşına da qalib gəldikdən sonra Həzrət Mühəmmədǝ üzünü tutub qürrələnərək onu güləşməyə dəvət edir. Allahın Rəsulu onunla ertəsi gün güləşəcəyini bildirmiş, ertǝsi gün faxir libasını geyinərək əmmaməsini də bağlayıb meydana çıxmışdır. Güləşdən əvvəl Allahın Rəsulunun əmiləri ona rahat güləşməsi üçün libasını çıxarmasını tövsiyə etdikdə bu zaman Həzrət Mühəmməd müşrikin natəmiz əlinin onun bədəninə toxunmaması üçün belə geyindiyini bildirir. Hz. Mühǝmmǝd, Amr b. Əbu Cǝhlǝ üzünü tutub: Ya Amr mǝnim bir ayağımı yerdən ayıra bilsǝn özümü basılmış qǝbul edǝcǝyǝm deyǝrǝk onu dǝvǝt edir. Amr dǝfǝlǝrlǝ hücum çǝkib nə qədər çalışsa da, Peyğəmbərin ayağını yerdən ayıra bilmir, qan-tǝrǝ batmış halda oturub dincəlǝrǝk bütlǝri Lat və Uzzadan kömək diləyərək bir də çalışıb hǝmin vǝziyyǝtdǝ tǝngnǝfǝs olsa da, təslim olmağını etiraf etmək istəmir. Peyğəmbərin əmiləri Allahın Rəsuluna güləşi başa çatdırmağını deyəndə Allahın Rəsulu rǝqibi Əbu Cǝhlin oğlu Amrə belinə bir kəmər bağlamasını deyir:

"Pes Resulullah didi gel ya Amr.
İllah bağla belinə möhkəm kemer   1016”
"Geldi turdu Mustafa sundı haman
Kuşağından dutdı virmedi aman   1018”
"Didi bismillahir-Rehmanir Rehim.
Qadir i ğalib Kevi Kehru-Hekim   1019”
"Pes yerinden çekdi götürdü anı.
Şöyle kaldırdı yere urdı anı   1020"
"Yarıldı başı yire ahdı kanı,
Delindi arkası çıkdı canı   1021”
"Resul aslan kibi üstünde durdı
Bir iki pehlusine depmük urdı   1022”
"Dedi turğıl ey melun ey edebsüz
Dexi heddiñden artık söyleme söz  1023”
"Ebu Cehlüñ haman köñline ondan
Edavet kaldı bağlandı o günden   1031” 

Kitabı oxuduqca bir çox mətləblərdən hali olursan. Bizə Peyğəmbərlə ilk namaz qılanın Həzrət Əlinin olduğu məlum olsa da, bu günədək oxuduğumuz bir çox dini ədəbiyyatlarda peyğəmbərlə ilk namaz qılan kişinin Əbubəkr olduğu qeyd olunur. Yeddi yüz il əvvəl yaşamış və bu kitabı qələmə alan şairimiz Mühəmməd Salavatullahla ilk namaz qılan kişinin hz. Əli, sonra Cəfəri Təyyarı qeyd etməklə hz. Əbubəkrin Əbutalibin evində hz. Əlinin quyudan su çəkərək Peyğəmbərlərlə birgə namaz qılmalarını göstərir:

"Atile uğrar Ebu Talib görür.
Mustafayile Eli bile durur   2063”
"Cefer ardındaydı in tiz var dedi
Mustafanın sol yanında dur dedi 2064”
"Anlaruñ ile bile kılğıl namaz
Sahib dövlet olasan ehli raz  2065” 
"Mustafa çünki bakar anı görür
Geldi Cefer dexi yanında durur  2068”
"Könli şad oldu dedi Cefer saña 
Kıl beşaret canuña öñden-soña 2068”
"Hak iki kanat vire kim uçasın
Yer üzünden ta behişte keçesin   2069”

Burada şair Allahın Rəsulunun illər sonra Cəfəri Təyyarın qanlı döyüşdə hər iki qolunun kəsiləcəyini qəhrəmanın İslam bayrağını dişləriylə qaldırması Allahın onun nəşinin düşmənə görünməsinin qarşısını alıb ona iki qanad verərək cənnətə aparmasına işarə etmişdir.

"Pes dua kıldı elin aldı Resul
Ol Ebu Talib evine geldi ol  2308 
Tiz buyurdu Eliye çekdi su
Pes Ebu Bekre dedi küsl itdi bu   2309 
Aldı abdest kıldılar bile namaz.
Oldu Sıddıka haman dem keşfi-raz   2310”

İyirmi ilə yaxın ömrünü bu kitabın ərsəyə gəlib bizə çatması üçün gözlərinin nurunu sərf edən Seyfəddin Altaylı ǝdǝbiyyatımız üçün böyük iş görmüşdür. Kitabı varaqladıqca qardaşımıza minnətdarlıq edir, Həsənoğluna rəhmət diləyirəm.

Şair hz. Əlinin Allahın Rəsuluna olan məhəbbətini və onun yolunda ölməyə hazır olmağını göstərmək üçün necə təşbehlər gətirir.

"Hak Teala Cebrail Mikaile
İkisine dexi emr itdi bile    4839
Birüñizden birüñizin ömrini
Artık itdim kankuñuzdur kim onu   4840
Birine bağışlar ol ikrar ider    
Qardaşınuñ yoluna işar ider  4841
Didi bunlar biz dilerüz yaşumuz 
Artuk ola taet ola işimüz    4842
Dedi niçün Eli bigi birüñüz  
Olımadı uşağuñuz erüñüz     4843 
Kim Mühemmed yolına ol canını 
Terk ider gör nicedir imanını   4844 
Razı oldı canı kurban itmege 
Köñli virmez reddi ferman itmege  4845 
Ömrinüñ varlığını işar ider 
Döşeginde yatmağa ikrar ider 4846”

Həsənoğlunun əsərini varaqladıqca onun Həzrət Mühəmmədin həyatı boyu yanından ayrılmayan Həzrət Əlinin həyat yolunu, döyüşlərini vəsf etdiyi aydın olur. İzzəddin Həsənoğlunun bu əsəri təkcə Azərbaycanda deyil, ümumilikdə Türk dünyasında bu mövzuda yazılan ilk məsnəvidir.
Həzrət Peyğəmbərin meracı əsərdə belə təsvir olunur. 

"Rebbiül-evvel ayı kutlu ayda 
Döşenbe gicesi devletlü ayda  2810 
Yatsuyı eshab ile kıldım kodum 
Vitir kim dün-ile duram kılam didim 2811 
Geliben Ümmi Haninüñ evinde 
Kerar oldum anuñ ben döşeginde  2812 

Adı Faxitə olan Ümmi-Hani Həzrət Əlinin böyük bacısı olmuşdur. Aləmlərə rəhmət olaraq göndərilmiş Mühəmməd Salavatullah uşaq yaşlarından babası Əbdül Müttəlib tərəfindən oğlu İmrana – Əbu Talibin himayəsinə verilərək onu göz bəbəyi kimi qorumağı tapşırmışdı. Əbu Talib son nəfəsinə kimi Peyğəmbəri qorumuş, himayə etmiş, xanımı Fatimə binti Əsəd ona analıq etmişdi. Allahın Rəsulu ümmi Hani ilə bir evdə böyümüş və bu xanım ona çox əziz idi.

Ümmi Haninin əri Hüveyrə təbirəvan şair Məkkənin varlı adamlarından idi. Mühəmməd Salavatullaha peyğəmbərlik verildikdən sonra islamı ilk qəbul edən və namaz qılan Əli və sonra Cəfəri-Təyyar olmuş, Qüreyş sürəsindən sonra islamı qəbul edənlər artdıqda Allahın Rəsulunun təklifi ilə Ümmi-Hani də islamı qəbul etmiş əri Hüveyrə isə qəbul etməyib Taifə qaçaraq orada kafir kimi ölmüşdü.

Allahın Rəsulu Ümmi-Haniyə evlilik təklif etsə də Faxitə övladlarının qayğıları ilə Peyğəmbərə yük olmamaq üçün bu evlilikdən imtina etmişdi. Peyğəmbər də onun bu hərəkətini yüksək dəyərləndirmişdi. Ümmi-Haninin evinin qapısı Kəbə evinə tərəf açılan 23 qapıdan biri olub bu gün də var.

Allahın Rəsulu bu evi çox bəyənirdi və Taif səfərindən qayıdarkən Həzrət Əli ilə Ümmi-Haninin evinə gələrək burada yatmış və o gecə də buradan – Məscidul Həramdan Meraca getmişdi. Həzrət Əlinin Peyğəmbərlə bir yerdə bu evdə olması bir yerdə yazılmasa da bu yəgindir ki, Allahın Rəsulu Ümmi-Haninin evinə tək getməzdi və bu da məlumdur ki, Əli Peyğəmbərin evində yaşamaqla həmişə bir yerdə olur və Əli onun can keşikçisi idi.

Ümmi-Hani həm də Siyahi Sittə ilk hədis söyləyənlərdən olmuşdur.

Uca Allah İmran ailəsinə çox böyük nemətlər bəxş etmişdi. İmranın xanımı Fatimə binti Əsəd doğum ərəfəsində Kəbə örtüyündən yapışıb Allahdan kömək diləyərkən Kəbənin divarı aralanmış Fatimə Kəbə evinə girərək burada Əlini dünyaya gətirmişdi.

Allah bu ailəyə aləmlərə rəhmət olaraq göndərdiyi Mühəmməd Salavatullahı böyüdüb himayə etməyi, islamı ilk qəbul edib namaz qılan Mühəmməd Salavatullahdan sonra möminlərin mövlası Həzrət Əli və Cəfəri-Təyyar kimi oğul bəxş etməklə şərəfləndirmişdi.

Mühəmməd Salavatullahın meraca getməsinin də məhz İmran ailəsindən olan Ümmi-Haninin evində baş verməsi Allahın Təqdiri – Qədəri olmaqla bu ailəyə olan rəhmətin təzahürüdür. Allah İmranın – Əbu Talibin və xanımı Fatimə binti Əsədin ruhunu Şad etsin İnşəallah Amin!

Yaturiken Cebrail avazı geldi 
Kanadınuñ üni avazı geldi 2813 
Pes haman durdum aña virdim salam 
Ol cavab virüb dedi kim ya İmam 2814
Hak Teala veribdi saña salam 
Xas tehiyyetler dexi dur kıl qiyam  2815 
Pes buyurdı kim dilerem dedi hem 
Kim bu gice göglere basğıl kedem  2816”

"Haman dem Umi Haninüñ evinden
Çıkub vardım Herem içine andan    2824”

Burada Burağa minib Qüdsə gəlirlər. Allahın Rəsulu Mühəmməd Salavatullah aşağı enib Məscidül Əqsaya girib 313 peyğəmbərin önündə imamlıq edib namaz qıldıqdan sonra göyə uçmuşlar. Birinci təbəqədə Adəmi, ikinci təbəqədə İsa İbn Məryəmi və Zəkəriyya oğlu Yəhyanı, üçüncü təbəqədə Yusifi, dördüncü təbəqədə İdrisi, Davudu Süleymanı, beşinci təbəqədə Musanı görmüş və yeddinci asimanda İbrahimlə görüşüb sonra Allah dərgahında namaz üçün tapşırıq almışdır. 

Qayıdarkən Musanın qatına çatdıqda Musa ona geri qayıdıb namazın sayını azaltması üçün Allaha yalvar demiş. Beləliklə, Allahın Rəsulu bir neçə dəfə dərgaha gedib yalvardıqdan sonra gündə beş dəfə iki rükət olmaqla 10 rükət namaz qılmaq tapşırığını alıb geri qayıtmışdır. 
Yeri gəlmişkən qeyd etmək istərdim ki, Allahın Rəsulu Qureyş surəsi nazil olanadək namazı ailə içində iki rükət olmaqla hz. Əli və xanımı Xədicəyi Kübra ilə qılmışdır.

Ona İslamın təbliği və yayılmasına icazə verildikdən sonra ümmətlə birgə yenə uzun müddət namazı iki rükət qılmışlar. İmam Hüseyn doğulduqdan sonra namazın rükətləri artırılmış, iki rükət İmam Əli zöhr, iki rükət İmam Həsən əsr, bir rükət Rəsulullahın sevimli qızı aləmlər içində ən üstün xanım Seyyidətül Nisail Aləmin Fatiməyi Zəhra üçün, İki rükət İşa namazında Şəhidlər ağası, cənnət cavanlarının Seyyidi İmam Hüseyn xatirinə artırıb qılmışdır ki, biz indi belə qılırıq – 17 rükət. 

Nəsiminin dediyi kimi Əhlibeyt ilə özü on yeddidir.

Meracdan qayıtdıqdan sonra Məkkə əhli əvvəlcə Peyğəmbərə inanmır. Allahın Rəsulu Qüdsü gördüyü kimi təsvir etdikdə ona inananların sayı artır.

Əsərin təhlili bir məqaləyə sığmaz və mən o iddiada deyiləm. 

Bir qədər əsərdə Məkkənin fəthindən danışmaq istərdim. Belə ki, kitab Məkkənin fəthi ilə bitir. Məkkənin fəthində Allahın Rəsulu böyük bir qoşunla gələrək Məkkə yaxınlığındakı yüksəklikdə yerləşir. Burada gecələyib səhəri Məkkəyə hücum nəzərdə tutulur. Yüzlərlə tonqallar qurulur. Məkkənin rəhbəri Əbu Süfyan bu qədər tonqalın alovlandığını minlərlə silahlının buraya gəldiyini görüb öz atına minib oraya gəlir. 

Peyğəmbərin əmisi Abbas da atın belində qoşunun arasında gəzirmiş. Əbu Süfyanı görüncə ona yaxınlaşıb tez öz atından enib onun tərkinə minməyi əmr edir. Əlinin onu gördüyü halda başını vuracağından qorxaraq onu xəlvətcə  Peyğəmbərin çadırına doğru aparır. Həzrət Əli bu anda onları görüb əlini qılınca apararkən əmisi Abbas Əliyə o mənim amanımdadır öldürmə, görək Rəsulullah nə qərar verəcək. Allahın Rəsulu Əbu Süfyana Allahın təkliyini, Mühəmmədin  onun rəsulu olduğunu deməsini istəyir:

"Dedi virgil tanukluk birdür Allah 
Dehi Tañrı yok ol kadirdür Allah  11959 
Tanıklık vir Mühemmeddür Resuli 
Ol Allahuñ ulu sevgülü kulı        11960”

Ebu Süfyan:
"Ağır gelür dilimde diyemezem 
Eger şeker dehi olsa yimezem  11962” 

Abbas başının kǝsilǝcǝyini deyǝndǝ:
"Ebu Süfyan buñaldı kaldı bi-car 
Resulullah Mühemmed didi na-çar  11975 
Resulullah işitdi çün bu sözi 
Haman dem xişmi gitdi güldi yüzi    11976”

Əbu Süfyan Allahın Rəsulundan ayrıldıqdan sonra yolda fikrini dəyişərək gedib qoşun toplamağa qərar verir. Mələk Cəbrail Peyğəmbərin yanına enərək Əbu Süfyanın dönük çıxdığını, fikrini dəyişdiyini dedikdə, Allahın Rəsulu Abbası çağırıb Əbu Süfyanı əli-qolu bağlı gətirməsini əmr edir. 
Abbas atını çaparaq bir dərədə Əbu Süfyana çatıb: 

"Didi Abbas ey Ebu Süfyan yine
Asi mi kıldı seni şeytan yine” 11992

Abbas Əbu Süfyana Peyğəmbərin yanına geri dönməsini deyəndə:

"Yürü git katuna ayrık varmazam
Bir saat katında dehi durmazam”11997
"Döndü Abbas ardına ün eyledi.

Ya Eli kelmez Ebu Süfyan dedi”11998
"Pes Ebu Süfyan dedi kanı Eli
Didi ardımca biledir ol Veli”.11999
"Dedi ya Abbas billah sen ana
Kim beni virme mütiyem ben sana”. 12000

Abbas atından enib Əbu Süfyanın gülbəndini yırtıb əl qolunu möhkəm bağlayıb boynuna sarıdıqdan sonra onu Allahın Rəsulunun hüzuruna gətirirlər. Əbu Süfyan təkrarən Allahın Rəsuluna biət etdikdən sonra, Allahın Rəsulu sevinir və onu Məkkəyə yola salır:

"Dedi ya Ebu Süfyan yüri var 
Kamu kıl Mekke ehlin sen xeberdar 12122 
Her kim ki senin gelse ivüñe 
Sığınsa dört yanuñ tale iviñe 12123 
Veyahud Kebeye Sübhan evine 
Kaçıb sığına ol Sultan ivine 12124 
Emin ola kamunuñ malı canı 
Velikin şol fülan ile fülanı 12125 
Kim anlar öleceklerdür bilürem 
Oları bulıcağaz öldürürem  12126 
Ebu Süfyan sevindi oldı hürrem 
Segirtdi Mekkeye gitdi haman dem 12127”

Allahın Rəsulu insanların nahaq yerə qırılmasını istəmirdi. Məkkənin fəthindən sonra Kəbə evi bütlərdən təmizlənərkən maraqlı hadisələr baş verir. Əsərdə Allahın Rəsulu Əliyə deyir ki, gəl çıx çiynimə yuxarıda çəkilmiş İbrahimin şəklini sil. Əli deyir ki ya Rəsulullah mən cavanam siz mənim çiynimə çıxın. Peyğəmbər buyurur ki,

"Ya Eli götüremezsindir beni 
Kimse götürmez nübüvvet möhrini  12330 
İllah gel sən omuzuma çık dedi 
Sureti boz gider andan yık dedi  12331 
Çıkdı Peyğember omuzına Eli 
Sureti bozdı giderdi ol Veli 12332 
Pes Resulullah dedi kim ya Eli 
Seni Cebrail götürdi ya Veli  12333 
Elleriñ dutardı Mikayıl dehi 
Seni anlar götürdi ya ehi 12334 
Gör ne teşrif buldı anda ol Veli 
Basdı Peyğember omuzına Eli  12335 
Ol omuzdur olamaz kim erşde ol 
Hak Teala hezretin gördi Resul 12336 
Ol mübarek omuza Hak el kodı 
Sen benim dostum hebibimsin dedi 12337 
Şöyle kim küdret eli parmakları 
Mustafa sinesine saldı nuri 12338 
Cümle elm-i evvelin ve axirin 
Bildi ol nur ile qamusın yekin  12339”

Kəbənin içi bütlərdən təmizləndikdən sonra Allahın Rəsulu Əliyə Kəbənin damına çıxmağı və müşriklərin ən böyük bütü Hübeli damdan aşağı atmağı əmr edir:

"Yüri var sen tama çık ya Pehlüvan 
Ol büti kopar yerinden tut haman  12291 
Götür pertab idib atğıl yabana 
Tamaşa eylegil aña tapana  12292 
Kim Kureyşiñ ol ulu məbudidir 
Anları mehrum iden mescudidir  12293 
Şah-ı Merdan Mekke tamına çıkar 
Mekkeniñ kevmi kamu geldi bakar 12294

Girdi şeytan putda feryad eyledi 
Pes çığırdı kevmine komañ dedi 12300 
Cıkdı putdan bir kara otlu tütün 
Mekkeniñ şehrini toldurdı bütün 12301 
Şöyle kim görünmez oldu gün dexi 
Geldi andan korkulu çok ün dehi 12302 
Şah-ı Merdan bir ezimet okudı 
Ol puta yapışdı dive kakıdı 12303 

Çekdi kopardı yerinden pes anı 
Götürübən atdı ol Hak Aslanı 12304

Pes Resulullah buyurdı ol taşı 
Kim yuvaladı getürdi çok kişi 12307 
Ol Beni-Şeybe kapusında kodı 
Kim giren cıkan bunı bassun dedi 12308”

Əsərdə məhz Məkkənin fəthində Allahın əmriylə Cəbrail vasitəsilə Əlinin Allah Rəsulunun vəsisi olması xəbəri verilir. 

İzzəddin Həsənoğlu əsərdə İslamın təbliği, müxtəlif döyüş səhnələri, bu döyüşlərdə  müsəlman olmayan qadınların da döyüşmələri, məhəbbət səhnələri, Həzrət Əlinin sevənləri qovuşdurması, Nizaminin "Xosrov və Şirin”də Fərhadın məhəbbəti öz əksini tapmışdır.

Əsəri oxuduqca şairin "Qurani-Kərimi” Peyğəmbərin dövründə baş verən hadisələri mükəmməl bilməklə möhkəm yaddaşa malik olub o dövrdə Məkkədə və digər yerlərdə döyüşlərdə iştirak edən yüzlərlə insanın adını çəkməklə onları bizə tanıtdırmışdır.

Əsərdə Bəni Qureyzə savaşı çox maraq doğurur. Belə ki, Bəni Qureyzə qalası çox möhkəm və divarları hündür olmaqla qapısının dəstəksiz olduğundan Həzrət Əli onu mancanağa qoyub qalaya atmağı əmr edir. Həzrət Əlini mancanağa qoyub qalaya atırlar. Həzrət Əli əlində qılınc göydən quş kimi enərək düşmən ordusunun içinə düşüb: -mən Əliyəm deyib - bilməyən bilsin deyir. Bu anda Həzrət Əlinin qalxanı da mancanaqla qalaya atılır. Əli qalxanı göydə tutaraq düşmənə hücum çəkir.

"Çün havaya çıkdı ol Hak Aslanı 
Kakdı kılıc arkasilə kalkanı 7944 

Nere urdı bir keti ün eyledi 
Ben Eliyem bilmeyen bilsün dedi 7945”

Düşmən qoşunu pərən-pərən düşüb hərə bir tərəfə dağılır. Həzrət Əli qalanın qapısını yerindən qoparıb atır İslam qoşunu qalaya girərək qələbə çalır. Bu hadisə dünyada ilk və son dəfə olur. Bu qəhrəmanlığı, bu şücaəti təkrarlayan olmur.

Seyfəddin Altaylı təbii ki, çox böyük zəhmət çəkib əsəri müasir türk dilində oxuculara çatdırmışdır.

Mən arzu edərdim ki, əsərin şairin yazdığı o vaxtkı türk dilində çapına nail olsun. Düşünürəm ki, şairin əsərini olduğu kimi latın əlifbası ilə üzünü köçürüb üzərində işləmişdir. Şairin öz dilində yazdığı əsəri bütün türkdilli xalqlar sərbəst oxuya bilərlər və bu çox maraqlı olar. Əsərin Azərbaycan dilində də çap olunması çox yaxşı olar.

Yazımın sonunda bu kitabın Aləmlərə rəhmət olaraq göndərilmiş Mühəmməd Salavatullahın həyat yoluna həsr olunduğundan, Uca Allahın meracda olarkən öz Rəsulinə necə dəyər verməsi ilə bağlı tərifini şairin diliylə oxucularımıza hədiyyə etmək istərdim.

"Ben mekamı Mahmudı verdim saña 
Sevgülüsin kamu halkdan sen baña  3220 
Elm-i esma virdüm ise Ademe 
İsmi-ezem virmişem sen hateme 3221 
Ademe gər secdə kıldise melek 
Ayağuñ altında kaldı ne felek  3222
Ger ben İbrahim didimse Xelil 
Sen hebibümsün hekiket şöyle bil 3224”

Uca Allah Həsənoğluna rəhmət eləsin, ruhu şad olsun. Amin.

Bu yazımda məqsədim ancaq "Kitab-ı siretün-nebi”ye həsr etməklə qısa şərhini vermək olub. 

Yeri gəlmişkən həm də şair olan Seyfəddin bəyin Azərbaycan ədəbiyyatının təbliği baxımından önəmli xidməti böyük şairimiz Mirzə Ələkbər Sabirin "Hophopnaməsi”ni müasir türk ǝlifbası ilǝ oxucusuna təqdim etmiş vǝ başa düşülmǝsi çǝtin olan sözlǝrin anlamını ǝtǝk yazısında vermişdir. Həsənoğlunun kitabının təqdimatında "Hophopnamə”nin də təqdimatı olmuş və hər iki əsər haqqında da görkəmli alimlərimiz akademik İsa Həbibbəyli, Türkiyədən gəlmiş Avrasiya yazarlar birliyinin rəhbəri Ufuk Tuzman, xalq şairimiz Sabir Rüstəmxanlı, AMEA Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, professor Qəzənfər Paşayev, Aygün Bağırlı və digərləri öz sözlərini dedilər.

Bu yerdə böyük şair İzzəddin Həsənoğluna bir daha Allahdan rəhmət, əsəri bizə təqdim edən Seyfəddin Altaylıya uğur diləyirəm. 

Qeyd: Beytlǝrin sağındakı nömrǝlǝr ǝsǝrdǝ yer tutan beyt nömrǝlǝridir.

Hacı Mehman FƏRZULLAYEV
 



Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->