Xəbər lenti

Tramp Putinə 50 günlük ultimatumu nədən 12 günə saldı?
Dünya 18:44 29.07.2025

Tramp Putinə 50 günlük ultimatumu nədən 12 günə saldı?

"Tramp Putinlə sərt ritorika ilə danışdıqca reputasiyasının artdığını görür. Bununla o, həmçinin özü barədə gerçəkdən sülhə töhfə verən bir lider imicinin formalaşmasına nail olmaq istəyir".

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev ABŞ Prezidenti Donald Trampın Rusiya prezidenti Vladimir Putinə Ukrayna məsələsilə bağlı verdiyi 50 günlük möhləti 12 günlə əvəzləməsini şərh edərkən deyib.

Ekspert deyir ki, Tramp vaxtla bağlı verdiyi 50 günlük möhlət və sərt ritorikasının artıq effek verdiyinin şahidi olmaqdadır:

"Mövcud proses Trampı ümidləndirib ki, artıq sərt ritorika öz işini görməkdədir. Tramp həm də başa düşdü ki, sərt ritorikası daxildə və xaricdə zədələndiyi reputasiyasını bərpa etməyə kömək edir. Ona görə də möhlətin müddətini 10-12 günə endirdi".

Digər tərəfdən, həmsöhbətimizin fikrincə, bu addımla Tramp həmçinin Rusiyanın danışıqları manipulyasiya etmək cəhdinin qarşısını aldı:

"Trampla Putin arasında hər danışıqlardan sonra Rusiya Ukraynanın içərilərinə doğru irəliləməkdə davam edirdi. Belədə isə Trampın imici zədələnir, cəmiyyət ona qeyri-ciddi şəxs kimi yanaşırdı. Bu səbəbdən Tramp bunu Putinə bağışlamadı. Ona görə də Tramp artıq Putini sahədə itkiyə məruz qoymaqda qərarlıdır. Belə mövqe sərgiləməsi isə onun Nobel Sülh Mükafatı almağa tələsdiyinin göstəricisidir".
 


Üzeyir Şəfiyev düşünür ki, Şotlandiya səfəri çərçivəsində Avropanın siyasi texnoloqları yalnız bu yolla uğur əldə edə biləcəyini Trampa başa salıblar:

"Trampın 50 günlük möhləti 12 günə endirməsində Avropa ölkələrilə konsolidasiyası istiqamətində atılan addımların, Fransa Prezidenti Makronun, Almaniya kanslerinin də təsiri vardır. Həm Avropa, həm də Amerika siyasi texnoloqlarının onun bu qərarı verməsində birmənalı şəkildə təsirləri olub. Tramp da bu əsasda yalnız sərt ritorikanın işinə yarıdığının şahidi olmaqdadır".

Ekspertin fikrincə, onun bu sayaq ritorikası davamlı olarsa və hərbi baxımdan Kiyevə dəstəyi daha da artırarsa, güman ki, sahədə Putinin məğlubiyyəti də qaçılmaz olacaq:

"Belədə isə Putin danışıqlar masası arxasında oturmağa məcbur olacaq".

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Avropa İttifaqı nümayəndələri və Böyük Britaniya baş naziri Kir Starmerlə görüşdən sonra keçirdiyi mətbuat konfransında Ukrayna məsələsi ilə əlaqədar Rusiyaya real danışıqlara gəlməsi üçün 10-12 gün möhlət verəcəyini bildirib. 
Halbuki bundan qabaqkı açıqlamasında o Putinə atəşkəsə nail olmaq üçün 50 günlük möhlət vermişdi. 

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->