Xəbər lenti

Keçmiş asılıların yeni iddiası: İnsan taleləri kimə əmanət edilir?
Ölkə 13:47 13.02.2026

Keçmiş asılıların yeni iddiası: İnsan taleləri kimə əmanət edilir?

Uzun müddət reabilitasiya mərkəzində narkotik asılılığından müalicə alan və daha sonra mərkəzdən ayrılan keçmiş teleaparıcı Nəsimi Nəbizadə özü reabilitasiya mərkəzi açdığını açıqlayıb. O bildirib ki, hazırda yeni layihəsi ilə bağlı danışıqlar aparır.

Onun bu açıqlamasından iki gün sonra reabilitasiya mərkəzinin uzunmüddətli "sakin"lərindən biri, jurnalist Ceyhun Əsgərov da reabilitasiya mərkəzi açdığını elan edib. Jurnalist qərarının səbəblərini belə izah edib: 

"Reabilitasiya sahəsi ilə tanış olanda bunun insanlar üçün nə qədər vacib olduğunu anladım. İnsanlar asılılığın nə olduğunu tam dərk etmir, buna barmaqarası baxırlar. Əslində, asılılıq ölümcül xəstəlikdir, hətta deyərdim ki, xərçəngdən də ağırdır".

Bəs bir neçə ay əvvələ qədər narkotik asılılığından əziyyət çəkmiş və hələ tam sağaldığına zəmanət olmayan şəxslər hüquqi baxımdan reabilitasiya mərkəzləri aça bilərmi?

QİÇS-lə mübarizə məsələləri üzrə ekspert Zülfiyyə Mustafayeva Qaynarinfo-ya açıqlamasında bildirib ki, adıçəkilən şəxslərin birbaşa hüquqi şəxs kimi reabilitasiya mərkəzi açmaq səlahiyyəti yoxdur:
 


"İlk növbədə bunun hüquqi əsaslarına baxmaq lazımdır. Hüquqi şəxs olaraq hansısa MMC-nin nəzdində mərkəz açıla bilər. Amma onların özlərinin reabilitasiya mərkəzində işçi kimi çalışması normaldır. Çünki narkotik müalicəsində "tay-taya" prinsipi var. Bu yoldan keçmiş və ya problemlə üzləşmiş şəxslər öz həyat təcrübələrindən istifadə edərək müalicə prosesinə dəstək verə bilərlər. Lakin onlar müalicəni özləri apara bilməzlər, çünki həkim deyillər".

Ekspert vurğulayıb ki, reabilitasiya fəaliyyəti üçün müvafiq narkoloji təhsil mütləqdir: 

"Mərkəzdə mütləq narkoloji müalicə aparmaq səlahiyyəti olan həkim və psixoterapevt olmalıdır. Əgər bu iki mütəxəssis varsa, digərləri "tay-taya" üsulu ilə maarifləndirmə və dəstək fəaliyyəti göstərə bilərlər".

Zülfiyyə Mustafayeva əlavə edib ki, reabilitasiya mərkəzlərində sosial işçilər də fəaliyyət göstərir:

"Onlar da zamanla prosesə qoşulurlar – müşahidə, ilkin qiymətləndirmə və digər istiqamətlərdə. Reabilitasiya mərkəzi qapalı  qurum deyil; insanlar ora müayinə üçün müraciət edə bilərlər. Zərurət olduqda digər ixtisaslı həkimlər də dəvət olunur. Narkotik istifadəçiləri müxtəlif xəstəliklərə yoluxa bilirlər və onların müayinəsi üçün mütəxəssis tələb olunur. Ola bilsin, onlar görəcəkləri işi düzgün ifadə etməyiblər. Mərkəz açılır və onlar da orada "tay-taya" prinsipi əsasında dəstəkçi kimi fəaliyyət göstərirlər".

Bahar Rüstəmli
--> -->