Xəbər lenti

İtmiş Maya şəhəri Meksika cəngəlliklərində tapıldı
Dünya 18:55 09.08.2025

İtmiş Maya şəhəri Meksika cəngəlliklərində tapıldı

Maya hindularının sirrləri çoxdur və hər il onların sayı sanki artır. Yaxın günlərdə alimlər Meksikada yeni qədim Maya şəhəri aşkarlayıblar.

Qaynarinfo xəbər verir ki, "Arkeonews”un məlumatına görə, söhbət Sak-Baxlan şəhərindən gedir. Alimlər hesab edirlər ki, bu, ispan işğalına qarşı yüz ildən artıq müqavimət göstərən sonuncu Maya üsyançılarının sığınacağı olub.

Maya şəhəri Sak-Baxlan beynəlxalq arxeoloji qrup tərəfindən, amerikalı alim Brent Vudfill və yapon tədqiqatçı Yuko Şiratorinin birgə rəhbərliyi altında aşkar edilib.

Yeni kəşf Lakam-Tun paytaxtı 1586-cı ildə süqut etdikdən sonra uzun müddət müstəqilliyini qoruyub saxlayan lakandon-çolti adlı Maya qrupuna işıq salır.

Meşələrdə gizlənmiş bu şəhərin aşkarlanması, Meksikanın Milli Antropologiya və Tarix İnstitutunun (INAH) tədqiqatçısı Xosue Losada Toledo tərəfindən irəli sürülmüş cəsarətli nəzəriyyə sayəsində mümkün olub. O, tarixi mənbələrə əsaslanaraq coğrafi informasiya sistemlərindən istifadə ilə proqnozlaşdırma modeli yaradıb. Modeldə XVII əsr ispan rahibi Dieqo de Rivasın məktubları da istifadə olunub. Rivas həmin məktublarda 1690-cı illərdə Sak-Baxlana və geriyə səfər marşrutunu təsvir edib.

Rahibin yazdıqlarına görə, onun səfəri dörd günlük piyada yürüş, ardından iki günlük Lakantun çayı ilə kanoe səfəri, sonda isə Pasion çayı ilə birləşən nöqtəyə çatmaqdan ibarət olub.

Tədqiqatçı bu marşrutu ArcGIS Pro proqramı ilə bərpa edərək, relyef, su hövzələri və bitki örtüyünü nəzərə alıb axtarış zonasını müəyyənləşdirib. Nəticədə işlər Xatate və İskan çayları yaxınlığında, Meksika ilə Qvatemala sərhədinə yaxın Montes-Asules biosfer qoruğunun mərkəzində aparılıb.

XIX əsr tədqiqat çətinliklərini təqlid edən, lakin peyk interneti və müasir avadanlıqlardan istifadə edən ekspedisiyalar nəticəsində, Maya memarlığına və Sак-Baxlan haqqında müstəmləkə dövrü qeydlərə uyğun memarlıq qalıqları aşkarlanıb.

Tapılan şəhər ölkənin Milli Arxeoloji və Tarixi Abidələr Reyestrinə "Sol y Paraíso. Probablemente Sak-Bahlá” adı ilə daxil edilib. Hazırda tədqiqatçılar obyektin xəritəsini hazırlayıb və ilkin qazıntılarla şəhərin məskunlaşma dövrünü müəyyən etməyə başlayıblar.

Tarixən Sak-Baxlan ispan hakimiyyətini tanımaqdan imtina edən Maya üsyançılarının son sığınacağı hesab olunur. Lakam-Tun süqutundan sonra onlar 1695-ci ilə qədər meşələrdə təcrid vəziyyətində yaşayıblar. Həmin il ispan rahibi Pedro de la Konsesyon şəhəri aşkarlayıb.

Bundan qısa müddət sonra Sak-Baxlan ispanlar tərəfindən işğal edilərək "Nuestra Señora de los Dolores” adlandırılıb. Lakin artıq 1721-ci ilə qədər şəhər tərk edilib və zamanla meşələr tərəfindən udulub.

Qeyd edək ki, bu şəhəri tapmaq üçün ilk cəhd deyil. 1999-cu ildə tarixçi Yan de Vos Sak-Baxlanı axtarmağa çalışsa da, ekspedisiyası uğursuz olub.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->