Xəbər lenti

İranda 710 min ildir
Dünya 14:04 18.10.2025

İranda 710 min ildir "yatan" vulkan oyanır: İndi nə baş verəcək?

İnsanlıq tarixində heç vaxt püskürmə qeydə alınmayan, İranın cənub-şərqində yerləşən Taftan vulkanı yeraltında baş verən qəribə hərəkətliliyi ilə alimlərin diqqətini çəkib. 

Qaynarinfo xəbər verir ki, son günlərdə bölgədə yayılan və qoxusu 50 kilometr uzaqlıqdan - Xaş şəhərindən belə hiss olunan qaz emissiyaları, vulkanın artıq "sönmüş” deyil, yalnız "yuxuda” olduğunu göstərir.

Yerin səthində 9 santimetrlik qalxma müşahidə edilib

Yeni elmi araşdırma nəticəsində məlum olub ki, son on ay ərzində vulkanın zirvəsinə yaxın ərazidə torpaq səthində 9 santimetrlik qalxma baş verib. Mütəxəssislərə görə, bu, yerin dərinliklərində qaz təzyiqinin artdığını və əvvəlcə risk hesab edilməyən bu nəhəng təbiət hadisəsinin indi diqqətlə izlənilməli olduğunu göstərir.

Normalda, təxminən 11.700 il əvvəl başlayan Holosen dövründən bəri püskürmə baş verməyən vulkanlar "sönmüş” sayılır. Lakin Taftandakı son aktivlik alimləri fikrini dəyişməyə vadar edib. İspaniyanın Milli Tədqiqatlar Şurasından vulkanoloq Pablo Qonsales bildirib:

"Tapıntılar göstərir ki, bu vulkan gələcəkdə ya sakit şəkildə qaz axıdacaq, ya da daha güclü bir hərəkət göstərəcək. Amma hələlik yaxın zamanda partlayış ehtimalı üçün bir səbəb yoxdur".

Yeraltı təzyiqin sirri

Təxminən 3.940 metr yüksəklikdə yerləşən Taftan vulkanı, Ərəb okeanı qabığının Avrasiya qitəsinin altına girdiyi geoloji zonada yerləşir. Vulkanın hələ də aktiv hidrotermal sistemləri və kükürd qazı yayan bacaları (fumarollar) mövcuddur, lakin tarix boyu heç bir püskürməsi qeydə alınmayıb.

İranlı vulkanoloq Məhəmmədhüseyn Məhəmmədniya 2020-ci ildə apardığı peyk müşahidələrində hər hansı aktivlik görməmişdi. Lakin 2023-cü ildə bölgə sakinləri tərəfindən sosial mediada yayılan qaz emissiyası videoları vəziyyəti dəyişdi. Bildirilib ki, qazların qoxusu 50 kilometr uzaqlıqdakı Xaş şəhərinə qədər yayılıb.

Bölgənin uzaqlığı, çətin coğrafi şəraiti və sərhəd gərginlikləri səbəbindən yerə quraşdırılmış GPS sistemləri qurmaq mümkün olmayıb. Buna görə də alimlər Avropa Kosmik Agentliyinin "Sentinel-1” peykindən əldə edilən məlumatlara əsaslanıblar. Bu məlumatlar zirvəyə yaxın ərazidə torpağın müəyyən qədər şişdiyini və bunun yeraltı təzyiqin artdığını təsdiqləyib.

Məhəmmədniyanın hesablamalarına görə, bu qalxmaya səbəb olan qüvvə yer səthindən 490–630 metr dərinlikdə yerləşir. Alimlər zəlzələlər və ya yağıntılar kimi xarici amilləri istisna edərək, hərəkətin əsas magma anbarından (təxminən 3,5 km dərinlikdə) asılı olmadığını müəyyənləşdiriblər.

İki mümkün ssenari

Araşdırmaya görə, bu hərəkətin iki mümkün izahı var:

* Birincisi, vulkanın altındakı hidrotermal sistemdə dəyişiklik baş verib və bu, qaz yığılmasına səbəb olub.

* İkincisi, az miqdarda magma yuxarı qalxaraq qazların qaya təbəqələrində kabarcıqlar əmələ gətirib, bu da təzyiqi artıraraq torpaq səthinin qalxmasına yol açıb.

Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr panikaya səbəb olmaq üçün deyil, İran hökumətinə bölgənin daha yaxından müşahidə edilməsinin vacibliyini xatırlatmaq məqsədi daşıyır. Növbəti mərhələdə qaz axınlarının və istilik dəyişikliklərinin daha dəqiq izlənməsi üçün müvafiq elmi avadanlıqların quraşdırılması planlaşdırılır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->