(Yazı "dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” mövzusu üzrə hzırlanıb)
Müasir dünyada dinlərarası və millətlərarası münasibətlərin inkişafı, müxtəlif dinlərə və inanclara hörmətlə yanaşma cəmiyyətin əsas dəyərlərindən biri kimi qəbul edilir. Xüsusilə gənc nəslin dini tolerantlıq ruhunda tərbiyəsi mühüm əhəmiyyət daşıyır. Dini tolerantlıq fərqli inanclara malik insanların birgə, qarşılıqlı anlayış və hörmət çərçivəsində yaşamasını təmin edən əsas amillərdən biridir.
Qaynarinfo xəbər verir ki, gənclərin dini mövzusunda tərbiyələndirilməsi bir neçə mərhələdən keçir. Dini tərbiyənin formalaşmasında cəmiyyət qədər ailənin də üzərinə böyük məsuliyyət düşür.
Belə ki, dini tolerantlıq ilk növbədə ailədə formalaşır. Valideynlər öz övladlarına digər dinlərə və inanclara hörmət etməyi öyrətməlidirlər. Uşaqlar erkən yaşlarından valideynlərin davranışlarını müşahidə edirlər. Onları özlərinə rol-model hesab edirlər. Evdə dinlərə göstərilən münasibət birbaşa uşaqların da dinlərlə davranışına təsir edir.
Ailədən sonra dini tərbiyələndirmə, dinlərə qarşı münasibət məktəb və ali təhsil müəssisələrində də uşaqlara aşılanmalıdır. Çünki bu təhsil ocaqları gənclərin dini tolerantlıq ruhunda formalaşmasında əsas rol oynayır. Dərsliklərdə və tədris prosesində fərqli dinlər haqqında obyektiv və ədalətli məlumatların verilməsi, dini mövzularda dözümlü yanaşmanın təşviq edilməsi gənclərdə düzgün düşüncə tərzinin formalaşmasına kömək edir. Eyni zamanda, məktəblərdə və universitetlərdə multikultural dəyərləri təbliğ edən tədbirlərin keçirilməsi, müxtəlif dinlərin nümayəndələri ilə görüşlərin təşkili də bu istiqamətdə əhəmiyyətli addımlardır.
Dini dözümlülük sülh və əmin-amanlığın qorunmasına xidmət edir. Dini ayrı-seçkilik və radikalizm gənclər arasında təhlükəli tendensiyalara səbəb ola bilər. Ona görə də, gənclərin erkən yaşlardan müxtəlif dinlərə hörmətlə yanaşması, müxtəlifliyi cəmiyyətin zənginliyi kimi qəbul etməsi vacibdir.
Gənclər arasında dini mövzularla bağlı aşağıdakı təhlükəli tendensiyalar yarana bilər:
- Dini radikalizmə meyillilik;
- Gənclər arasında tolerantlıq dəyərlərinə zidd stereotiplərin formalaşması;
- Sosial şəbəkələrdə yanlış dini informasiyaların yayılması.
Bu problemlərin isə müxtəlif həlli yolları var.
İlk olaraq dini maarifləndirmənin gücləndirilməsi vacibdir.
Bunun üçün təhsil müəssisələrində "Azərbaycan multikulturalizmi" və "Dini tolerantlıq" mövzularında dərslər keçirilə, açıq dərslər və seminarlar təşkil edilə bilər.
Ölkədə fəaliyyət göstərən dini icmaların fəaliyyətinin artırlması istiqamətində işlər görülməlidir. Fərqli dini icmaların nümayəndələrinin iştirakı ilə gənclərə ünvanlanan birgə layihələr və tədbirlər tolerantlıq dəyərlərinin aşılanmasına xidmət edə bilər.
Müxtəlif dini icmaların sərbəst fəaliyyət göstərməsi, dini bayramların ümumxalq səviyyəsində qeyd olunması gənclərin tolerantlıq ruhunda yetişməsi üçün əlverişli mühit yaradır.
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə tolerantlıq mövzusunda maarifləndirici kampaniyalar keçirilməli, radikal məzmunların qarşısı alınmalıdır.
Bu sahədə dövlət nəzarəti və qanunvericiliyin tətbiqi çox vacibdir.
Radikal dini ideologiyaların yayılmasının qarşısını almaq məqsədilə qanunvericilik mexanizmləri təkmilləşdirilməli və monitorinq gücləndirilməlidir.
Gənclər hər bir cəmiyyətin gələcəyidir. Onların dini tolerantlıq və multikultural dəyərlərlə tərbiyə olunması, gələcəkdə dünyada sülhün və əmin-amanlığın bərqərar olmasında mühüm rol oynayır. Ailə, təhsil, cəmiyyət və dövlət bu prosesin başlıca dayaqlarıdır. Hər bir gənc bilməlidir ki, fərqli dinlərə və inanclara hörmət göstərmək yalnız fərdi keyfiyyət deyil, həm də ümumbəşəri dəyərdir. Dini tolerantlıq gənclər üçün sadəcə nəzəri anlayış deyil, gündəlik həyatlarının vacib tərkib hissəsi olmalıdır. Bunun üçün gənclər müxtəlif dinlər haqqında maarifləndirilməli, radikalizmlə mübarizə məqsədilə maarifləndirici layihələr həyata keçirilməli, ictimai tədbirlərdə dinlərarası dialoq təşviq olunmalı, dövlət, ailə və təhsil müəssisələri bu sahədə daha sıx əməkdaşlıq etməlidir.
Günay İlqarqızı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər