Vətəndaşları şəxsiyyət vəsiqəsi ilə bağlı mühüm yeniliklər gözləyir. Artıq Milli Məclisin plenar iclasında "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda qəbul edilib. Layihəyə əsasən, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlar siyahısına yaşayış yeri və vətəndaşlıq məlumatları da əlavə olunacaq.
Bəs, görəsən, bu addımın atılmasında məqsəd nədir? Nəzərdə tutulan yeniliklərlə nələr dəyişəcək? Köhnə vəsiqə sahibləri də sənədlərini dəyişməlidirlərmi?
Milli Məclisin deputatı Azər Allahverənov deyir ki, bu dəyişikliklər Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli standartlarının tələblərinə uyğun olaraq həyata keçirilir. Əsas məqsəd şəxsiyyət vəsiqələrinin istifadəsi zamanı ortaya çıxan bəzi praktiki çətinliklərin aradan qaldırılmasıdır: "Bir çox hallarda Azərbaycan vətəndaşları biometrik şəxsiyyət vəsiqələrindən səyahət sənədi kimi istifadə edirlər. Məsələn, Türkiyə ilə əldə olunan razılaşmaya əsasən, vətəndaşlarımız yeni nəsil şəxsiyyət vəsiqəsi ilə bu ölkəyə səfər edə bilirlər. Lakin sənədin üzərində yaşayış ünvanının göstərilməməsi müəyyən hallarda praktiki çətinliklərə yol açır. Buna görə də şəxsiyyət vəsiqəsinin formasında və məzmununda dəyişiklik zəruri hesab olunub. Yeni qanun layihəsində bu məlumatların sənədin üzərində açıq şəkildə əks etdirilməsi təklif edilir”.
Qanun layihəsində digər əsas dəyişikliyə toxunan millət vəkili vurğulayır ki, bu yenilik çipdə saxlanılan məlumatları əhatə edir: "Belə ki, yeni düzəlişə əsasən, çipdə yalnız zəruri məlumatların saxlanılması nəzərdə tutulur. Əvəzində, vətəndaşın ailə vəziyyəti, valideynləri, hərbi vəzifəsi, uşaqları və digər şəxsi məlumatlar İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi vasitəsilə saxlanılacaq. Bu məlumatlar kriptoqrafik mühafizə altında olacaq və yalnız səlahiyyətli orqanlar tərəfindən əldə edilə biləcək. Bu yanaşma vətəndaşların məlumat təhlükəsizliyinin artırılmasına və icazəsiz müdaxilələrin qarşısının alınmasına xidmət edir”.
Yeni qanun layihəsində daha bir vacib məqam şəxsin yaşayış ünvanını dəyişməsi ilə bağlıdır. Layihəyə görə, yaşayış yeri dəyişdikdə şəxsiyyət vəsiqəsinin də dəyişdirilməsi məcburi olacaq. Millət vəkilinin sözlərinə görə, bu dəyişiklik vəsiqədəki məlumatların aktual və real vəziyyətə uyğun olmasını təmin etmək məqsədi daşıyır. Bununla yanaşı, vəsiqə və ya onun çipində texniki və ya məzmunla bağlı hər hansı bir səhv aşkar olunarsa, düzəliş dövlət rüsumu tutulmadan həyata keçiriləcək.
Azər Allahverənov əlavə edib ki, dəyişikliklər qüvvəyə mindikdən sonra şəxsiyyət vəsiqələri artıq qanunun yeni tələblərinə uyğun olaraq veriləcək. Hazırda qüvvədə olan biometrik vəsiqələrin etibarlılıq müddəti bitənə qədər istifadə edilməsi mümkündür və vətəndaşlardan məcburi dəyişiklik tələb olunmayacaq. Lakin vətəndaş öz istəyinə uyğun olaraq istənilən vaxt vəsiqəsini dəyişdirə və yaşayış ünvanı və vətəndaşlıq məlumatlarının əlavə olunmasını tələb edə bilər. Bu dəyişiklik könüllülük prinsipinə əsaslanacaq.
Hüquqşünas Ruslan Vəliyev də təklif olunan dəyişiklikləri hüquqi çeviklik və şəffaflıq baxımından müsbət qiymətləndirir. Onun sözlərinə görə, hazırda biometrik vəsiqələrdə ünvan və vətəndaşlıq kimi vacib bilgilər yalnız çipdə yer alır. Lakin bütün dövlət qurumlarında həmin çipləri oxumağa imkan verən cihazların olmaması və ya texniki nasazlıqlar səbəbindən vətəndaşlar tez-tez hüquqi və inzibati problemlərlə üzləşirlər: "Bir çox hallarda dövlət orqanları və ya beynəlxalq strukturlar texniki səbəbdən həmin elektron daşıyıcıdan məlumatı oxuya bilmir. Bu da vətəndaşın hüquqlarının tanınmasında və ya xidmətə çıxışında problemlər yaradır. Yeni dəyişikliklərdə bu boşluq nəzərə alınıb. Görünən odur ki, yeni qanun layihəsi şəxsiyyət vəsiqəsinin funksionallığını artırmaq, istifadə prosesini asanlaşdırmaq, məlumat təhlükəsizliyini təmin etmək və vətəndaşların hüquqi münasibətlərdə şəxsiyyətini daha dəqiq ifadə etmək məqsədi daşıyır. Bu dəyişikliklər həm də ölkədə rəqəmsal idarəetmə və hüquqi şəffaflıq prosesinin tərkib hissəsi kimi qiymətləndirilə bilər”.
Ekspert deyir ki, layihədə yaşayış yeri və vətəndaşlıq məlumatlarının birbaşa vəsiqə üzərində qeyd olunmasının nəzərdə tutulması şəxsiyyətin daha dolğun tanınmasına imkan yaradacaq: "İndiki şəxsiyyət vəsiqələrində yalnız "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi” yazılsa da, faktiki olaraq bəzi vəsiqələr vətəndaşlığı olmayan şəxslərə də verilir. Bu isə məhkəmə proseslərində və hüquqi mübahisələrdə suallar doğurur. Yeni layihə ilə şəxsiyyət vəsiqəsinin üzərində vətəndaşlıq statusunun açıq göstərilməsi, hüquqi ayırd etməni daha da sadələşdirəcək. Bu, həm də miqrasiya və hüquqi məsuliyyət məsələlərində daha şəffaf hüquqi baza yaradacaq”.
Ruslan Vəliyev onu da qeyd edir ki, hazırda qüvvədə olan biometrik və köhnə nəsil vəsiqələr etibarlılıq müddəti bitənədək istifadə edilə bilər: "Məlumdur ki, indi vətəndaşlar həm yeni, həm də köhnə vəsiqələri paralel istifadə edirlər. Onlar üçün hansısa məhdudiyyət tətbiq edilmir. O baxımdan yeni formatlı şəxsiyyət vəsiqəsinə keçid də könüllü olacaq. Lakin yaşayış yeri və ya ailə vəziyyəti dəyişən vətəndaşlar, eləcə də 25, 35 və 50 yaş dövrlərində məcburi dəyişiklik etməli olacaqlar. Bununla yanaşı, kim istəsə, əvvəlcədən müraciət edib vəsiqəsini yeniləyə bilər. Lakin hüquqi öhdəlik yalnız müvafiq yaşa çatdıqda və ya yaşayış ünvanı dəyişdikdə yaranacaq”.
Mənbə: "Kaspi" qəzeti
Şərhlər