Bu günlərdə Tovuz hadisələrinin başlanmasının beş ili tamam olur. Hadisələrin ildönümü ilə əlaqədar Milli Məclisin deputatı Elnarə Akimova şəhid general Polad Həşimovun ailəsini ziyarət edib, şəhidimizin anası Səmayə xanım və bacısı Kəmalə xanımla görüşüb.
Görüş zamanı Səmayə ana general Polad Həşimovun uşaqlıq illəri, təhsil dövrü, xarakteri və hərb yolunda keçdiyi mübarizə barədə xatirələrini bölüşüb.
"Qəhrəmanımızın ailəsi, dəyərli Səmayə ana, bacısı Kəmalə xanımla tanışlıqdan o qədər məmnun oldum ki. Üç saatlıq görüşdə vaxtın necə keçdiyini unutdum”,- millət vəkili qeyd edib.
Elnarə Akimova bildirib ki, Azərbaycan Ordusunun qazandığı zəfərə gedən yol məhz Tovuz hadisələrindən başlayıb və bu yolun flaqmanı şəhid general Polad Həşimov olub. O, generalın ölümü ilə ölkədə böyük ruh yüksəkliyi və həmrəylik yarandığını, bunun ardınca minlərlə insanın mübarizə əzmi ilə səfərbər olduğunu vurğulayıb.
Deputat ailəni ziyarətindən duyduğu məmnuniyyəti ifadə edərək, "Nə yaxşı ki, bizim hərb və qürur tariximizdən Polad Həşimov kimi bir general keçdi”, — deyib və bütün vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
Şərhlər