Xəbər lenti

Dünyadan Vaşinqton razılaşmasına reaksiya (AÇIQLAMALAR)
Siyasət 16:15 09.08.2025

Dünyadan Vaşinqton razılaşmasına reaksiya (AÇIQLAMALAR)

Beynəlxalq təşkilatlar və müxtəlif ölkələr Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını şərh edərək, prosesə dəstəklərini göstərirlər.

Qaynarinfo xəbər verir ki, proseslə bağlı beynəlxalq səviyyədə verilmiş bəyanatları təqdim edir:

Gürcüstanın Baş naziri İrakli Kobaxidze:



"Gürcüstan Azərbaycan və Ermənistan arasında tarixi sülh sazişini alqışlayır. Mən ABŞ və Azərbaycan prezidentlərini, Ermənistanın Baş nazirini tarixi sülh sazişinin əldə olunması münasibətilə təbrik edirəm. Gürcüstan həmişə regionda sülh və əməkdaşlıqda maraqlı olub və bundan sonra da qətiyyətlə dəstəkləyəcək. Gürcüstan bu tarixi anı Ermənistan, Azərbaycan, bütövlükdə region və dünya üçün böyük nailiyyət kimi qiymətləndirir. Bu uğur regionda sabitliyin və iqtisadi inkişafın yeni dövrünün başlanğıcıdır".

Moldova Prezidenti Maya Sandu:



"Azərbaycan və Ermənistanı sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edirəm. Ermənistan və Azərbaycan arasında razılaşma onilliklər boyu davam edən düşmənçiliyə son qoymaq yolunda mühüm mərhələdir. Biz hər iki tərəfi, Azərbaycan Prezidenti İlham Əliyevi, Ermənistanın Baş naziri Nikol Paşinyanı, eləcə də ABŞ Prezidenti Donald Trampı regionda sülh, barışıq və firavanlığa yol açmağa kömək etdiklərinə görə təbrik edirik".

Bolqarıstan Xarici İşlər Nazirliyi:



"Bolqarıstan Azərbaycan və Ermənistan tərəfindən sülh müqaviləsinin paraflanmasını alqışlayır və iki ölkənin münasibətləri normallaşdırmaq səylərini dəstəkləməyə hazırdır. Bolqarıstan tarixi razılaşmanı hər iki tərəfin onilliklər boyu davam edən münaqişələrə son qoymaq üçün xoşməramlılıq və öhdəliyinin əlaməti kimi alqışlayır. Bu, regionda sülh və rifahın yeni dövrünün başlanması istiqamətində mühüm addımı nümayiş etdirir. Bakı və İrəvanı münasibətlərin tam normallaşmasına nail olmaq üçün səmimi səylərində dəstəkləyəcəyik".

Rumıniyanın xarici işlər naziri Oana Tsoyu: 



"Rumıniya ABŞ Prezidenti Donald Trampın fəal köməyi ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır. Bu, Cənubi Qafqazda davamlı sülh, sabitlik və firavanlığa nail olmaq yolunda mühüm addımdır. Rumıniya Azərbaycan və Ermənistan arasında münasibətlərin tam normallaşmasının tərəfdarıdır".

Sloveniyanın Xarici və Avropa İşləri Nazirliyi:



"Sloveniya Azərbaycan və Ermənistanın səylərini, həmçinin Ağ Ev administrasiyasının sülh prosesi ilə bağlı razılaşmaların əldə edilməsindəki rolunu yüksək qiymətləndirir. Bu, şübhəsiz ki, region (Cənubi Qafqaz-red.) üçün yeni imkanlar açacaq və tərəqqini təmin edəcək".

Albaniya Xarici İşlər Nazirliyi:



"Albaniya ABŞ Prezidenti Donald Trampın rəhbərliyi ilə Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması istiqamətində atılan tarixi mərhələni alqışlayıb. Tirana hər iki ölkənin fikir ayrılığı əvəzinə dialoqu seçmək qərarını yüksək qiymətləndirir və bu qərar onilliklərlə davam edən münaqişələrə son qoymağa və münasibətlərin tam normallaşmasına zəmin yaradıb".

NATO-nun sözçüsü Allison Hart:



"Şimali Atlantika Alyansı (NATO) Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanmasını alqışlayır. Biz Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması istiqamətində əldə olunan irəliləyişi alqışlayırıq və sülhün əldə edilməsinə verdiyi töhfəyə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirik. Bu, münasibətlərin normallaşması prosesində irəliyə doğru atılmış mühüm addımdır, eyni zamanda ümumilikdə regional təhlükəsizlik üçün atılan addımdır".

AŞPA sədri Teodor Russopulos:



"Azərbaycan və Ermənistanı ikitərəfli münasibətlərin normallaşması çərçivəsində Vaşinqtonda sənədlərin imzalanması münasibətilə təbrik edirəm. Vaşinqtonda ABŞ-nin himayəsi ilə Ermənistan və Azərbaycan arasında imzalanmış (paraflanmış – red.) sülh sazişini hərarətlə alqışlayıram. AŞPA bu münaqişədə həmişə parlament diplomatiyasını təşviq edib və bu sazişin, eləcə də tərəflər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün mərhələləri dəstəkləməyə hazırdır".

Almaniyanın xarici işlər naziri Yohan Vadeful:



"Bu gün Ermənistan və Azərbaycan öz tarixlərində yeni səhifə açır. ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə hər iki ölkənin Vaşinqtonda sülh müqaviləsini paraflaması faktı Ermənistan və Azərbaycanda uzun illər münaqişə, köçkünlük və əzab-əziyyət tarixinə nəzər salan bir çox insanlar üçün ümid mənbəyidir. Bu gün hər iki hökumət çətin məsələləri danışıqlar yolu ilə həll etməyə və çətin kompromislərə getməyə hazır olduğunu nümayiş etdirir. Almaniya artıq bir müddətdir ki, öz tərəfdaşları ilə birlikdə münaqişənin diplomatik yollarla həllinə fəal dəstək verir. İndi sülh sazişinin mümkün qədər tez iki hökumət tərəfindən imzalanması və ratifikasiyası böyük əhəmiyyət kəsb edir. Almaniya əvvəlki kimi davamlı sülhə gedən yolda Ermənistan və Azərbaycanı dəstəkləməyə hazırdır".

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev:



"Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə ABŞ-də keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını alqışlayır. Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri tərəfindən 8 avqust 2025-ci ildə Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilən görüşün yekunlarına dair Birgə Bəyannamənin imzalanmasını və Birləşmiş Ştatların Prezidentinin şahid qismində imzalanmasını alqışlayıram. Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin razılaşdırılmış mətninin paraflanmasını və hər iki ölkənin xarici işlər nazirləri tərəfindən ATƏT-in Minsk prosesinin və əlaqədar strukturlarının bağlanması ilə bağlı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına birgə müraciətin imzalanmasını qətiyyətlə dəstəkləyirəm. Bu tarixi hadisə Cənubi Qafqaz regionunda və onun hüdudlarından kənarda davamlı sülh, sabitlik və rifahın bərqərar olması istiqamətində mühüm mərhələdir".

Böyük Britanyanın xarici işlər naziri Devid Lemmi:



"Vaşinqtonda sülh istiqamətində atılan cəsarətli addımlara görə Azərbaycan və Ermənistanı təbrik edirik. Bu irəliləyişin əldə olunması həyati rolunu təqdir edirik. Hər iki tərəf öhdəliklərinə əməl etdikcə Birləşmiş Krallıq Cənubi Qafqazda sülhü dəstəkləməyə hazırdır".

İran Xarici İşlər Nazirliyi: 



"Qafqaz regionunda sülh və sabitlik, şübhəsiz ki, regionun bütün ölkələrinin maraqlarına cavab verir. İran İslam Respublikası iki ölkə arasında sülh sazişi mətninin hazırlanmasının başa çatmasını alqışlayaraq bu hadisəni regionda davamlı sülhə nail olmaq yolunda mühüm addım hesab edir".

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz: 



"Ədalətli sülhdən hamı qazanacaq. Sülhün təmin edilməsi təkcə iki ölkə üçün deyil, bütün Qafqaz üçün hüzur və rifah deməkdir. Davamlı sülh ölkəmizin Qafqaz və Orta Asiya başda olmaqla əlaqələrimiz olan bölgələrlə iqtisadi münasibətlərə töhfə verəcək. Ticarətdən investisiyalara, turizmdən energetikaya, logistikadan infrastruktura qədər - bir çox sektorların inkişafına yeni şərait yaranacaq. Azərbaycan və Ermənistanla yanaşı, Şərqi Anadolu bölgəmiz başda olmaqla ölkəmizin inkişaf prosesi sürətlənəcək".

Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel: 



"Azərbaycan və Ermənistan arasında əldə olunan tarixi razılaşmalar münasibətilə təbrik edirəm! Əminəm ki, Cənubi Qafqazda sülh və əməkdaşlığın yeni bir dövrü başlayır. Ümid edirəm ki, yolların açılması, nəqliyyat və logistika, kommunikasiya, ticarət, energetika sahələrində əməkdaşlıq təkcə Cənubi Qafqaz üçün deyil, həm də Mərkəzi Asiyanın sabitliyi və rifahına böyük töhfə verəcək. Prezident Tokayevin təşəbbüsü ilə Qazaxıstanın da sülh prosesində iştirak etməsi bizim üçün qürur mənbəyidir. Biz həmişə tarixi ədaləti və qarşılıqlı hörməti dəstəkləyirik".

ATƏT-in Parlament Assambleyası:



"ATƏT PA-nın Prezidenti Pere Xuan Pons Sampyetro, Cənubi Qafqaz üzrə xüsusi nümayəndə Luiş Qrasa və Baş katib Roberto Montella Vaşinqtonda Azərbaycan və Ermənistan arasında birgə bəyannamənin imzalanmasını alqışlayıblar və bu hadisəni Cənubi Qafqazda davamlı sülhə gedən yolda tarixi irəliləyiş adlandırıblar".

Macarıstanın xarici işlər və xarici ticarət naziri Peter Siyarto:



"Azərbaycan və Ermənistan arasında sülh sazişi Qafqaz və qlobal təhlükəsizlik üçün mühüm addımdır. Donald Tramp bir daha sübut etdi ki, o, sülh prezidentidir. Ümid edirik ki, Pakistan-Hindistan, İran-İsrail və Azərbaycan-Ermənistandan sonra Rusiya və Ukrayna arasındakı müharibə də dayandırılacaq".

Belçikanın xarici işlər naziri Maksim Prevo:



"Davamlı sülh təkcə Azərbaycan və Ermənistanın sabitliyi və firavanlığı üçün deyil, həm də bütün Cənubi Qafqaz regionu üçün lazımdır. Prezident Əliyevin (Azərbaycan Prezidenti İlham Əliyev - red.) və Baş nazir Paşinyanın (Ermənistanın Baş naziri Nikol Paşinyan - red.) cəsarətini və liderliyini hörmətlə qarşılayır və yüksək qiymətləndirirəm. Bu razılaşmanın əldə olunmasında ABŞ-nin konstruktiv rolunu da qeyd etmək lazımdır. Belçika Avropa İttifaqı ilə birlikdə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına və razılaşdırılmış addımların sürətli və vicdanla həyata keçirilməsinə sadiq qalır".

İtaliya Xarici İşlər Nazirliyi:



"İtaliya Azərbaycan və Ermənistan arasında tarixi razılaşmanı alqışlayır. İtaliya Azərbaycan və Ermənistan arasında tarixi razılaşmanı, suverenlik və ərazi bütövlüyünə əsaslanan normallaşmaya doğru bir addımı alqışlayır. Vasitəçiliyə görə ABŞ-a təşəkkür edirik . Regionda sülh, sabitlik və inkişaf üçün fürsətdir".

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Ağ Evdə birgə bəyannaməsi imzalayıblar. Sənədə əsasən, tərəflər hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarət və diplomatik münasibətləri, qarşılıqlı səfərləri bərpa etmək, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürüblər.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->