1970-ci illərin əvvəlində Çilidə antikommunistlər Santyaqo divarlarına "Cakarta gəlir!” şüarını yazmağı sevirdilər. Onlar uzaq İndoneziyada 1965-ci ildə hərbçilər və islamçılar tərəfindən 1 ay ərzində 1 milyon kommunistin qətlini nəzərdə tuturdular.
Pinoçetin gəlişi ilə Çiliyə "Cakarta” gəldi. Sürətlə bütün Latın Amerikasına zülmət çökdü. O illərin simvolları Santyaqo stadionu və Argentinada "Olimpio qarajı” oldu. İnsan haqları əgər sadəcə deklarasiya və dekorasiya idisə, artıq maskalar tamamilə kənara atıldı.
İllər keçdi, amerikalılar İraqda yerli əhali üçün Əbu Qreyb təşkil etdi. Oradakı işgəncələrin apolitik iraqlı gənclərin radikallaşmasında rolu danılmazdır. Quantanamodakı "qara qutu”da isə fərdləri onillər boyunca nəinki hökmsüz, hətta rəsmi ittihamsız saxlayırlar. Hətta Obama Quantanamonu bağlayacağını vəd etmişdi, görünür gücü çatmadı.
Buraya "uçan türmələr” və "üzən türmələr” haqqında söhbətləri də əlavə edək. Morun utopiyası yox, Xakslinin antiutopiyası reallaşdı.
Biz beynəlxalq hüququn çökdüyü dövrdə yaşayırıq. Güclülər gücsüzləri onların öz torpaqlarında laboratoriya heyvanına çevirir. İnsan haqları anlayışı isə sadəcə kinayəli gülüş doğurur.
***
Mart ayında bir ölkənin prezidenti ikinci ölkənin vətəndaşlarını üçüncü ölkənin türməsinə yola saldı. Məhkəmənin qadağasına baxmayaraq, Tramp məhbusların ilk dəstəsini - 238 venesuelalını Salvador türmələrinə göndərdi. Tren de Aragua bandasına üzvlükdə şübhəli bilinən həmin şəxsləri qəbul etmək üçün Salvador ABŞ-dan ilkin olaraq 6 milyon dollar aldı.
Tramp Administrasiyası deportasiya üçün 1798-ci ilin "Əcnəbi düşmənlər haqqında Qanun”una istinad etdi. Bu qanun tarix boyu cəmi 3 dəfə və onda da müharibə dövründə tətbiq olunub. Qanun ABŞ prezidentinə araşdırma aparmadan və yalnız doğulduğu ölkəni əsas gətirərək insanları deportasiya etmək hüququ verir.
Tramp öz fərmanında iddia edirdi ki, Tren de Aragua bandası "ABŞ ərazisinə soxulmağa çalışır” və onun üzvü olmaqda şübhəli bilinən 14 yaşdan yuxarı hər bir venesuelalı "əcnəbi düşmən kimi saxlana, həbs oluna və ölkədən çıxarıla bilər”. Yəni, bu şəxslər yalnız Venesuelada doğulduqlarına görə ABŞ-dan qovulurlar. Ancaq Venesuelaya yox, Salvadora. Daha doğrusu, cəhənnəmə.
Çünki onları Salvadorda dünyanın ən amansız türməsi gözləyir. Cecot, yaxud Terrorçuların saxlanma Mərkəzi 2023-cü ildə 7 ay ərzində tikilib. Orada 40 min məhbus saxlanılır. Həmin türməyə baş çəkmiş jurnalistlərdən biri vaxtilə Bi-Bi-Si-yə bildirmişdi: "Mən oraya göndərilməkdən daha dəhşətli əzab təsəvvür etmirəm. Vaxtilə Quantanamonu da, Mandelanın saxlanıldığı Robbeneylandı da görmüşəm - Cecot hər ikisindən daha dəhşətlidir”.
Orada məhbuslara oxumaq, yazmaq, ailə üzvləri ilə görüşmək qadağandır. 100 kvadrat metr ərazidə 100 nəfər saxlanılır. Onlar üçün çarpayı və duş nəzərdə tutulmayıb, çünki "layiq deyillər”. Məhbuslar sanki çəlləyə doldurulmuş xırda balıqlardır. Hökmlərin ağırlığını nəzərə alaraq bir çoxları bu cəhənnəmdə onillərlə dözməlidirlər. Ərazinin hər metri uğrunda mütəmadi baş verən qanlı savaşlara isə türmə administrasiyası müdaxilə etmir. Yəni, qoy bir-birini qırsınlar.
Əgər türmə sistemi islah etməli və vətəndaşı yenidən cəmiyyətə geri qaytarmalıdırsa, Salvador türməsi bu funksiyadan tamamilə azaddır.
***
Salvadoru 2019-cu ildən biznesmen və millenial Nayib Bukele idarə edir. Bu ekzotik personaj gah hərbçilərin əhatəsində parlamentə hücumu, gah prezident səlahiyyətlərini müvəqqəti olaraq katibəsinə verməsi ilə yadda qalıb. Ancaq onun fəaliyyətinin əsas sahəsi Vətəndaş müharibəsindən sonra ölkəni bürümüş kriminal bandalarla mübarizədir. Bukele hakimiyyətə gəlməzdən əvvəl Salvador qətllərin sayına görə dünyada ilk yeri tuturdu - məsələn, 2015-ci ildə əhalinin 100 min nəfərinə 105,23 qətl düşürdü. İndi isə onu "cinayətkarlıqla mübarizənin qalibi” adlandırırlar. Belə ki, artıq 2022-ci ildə 100 min nəfərə düşən qətl sayı 7,8-ə endi. Əvəzində isə ölkə əhalisinin 2 faizi türmədədir. Bədənində döymə olan hər kəs potensial məhbusdur. TV-lər isə məhbusların əzab və işgəncələrini nümayiş etdirməkdə sanki yarışa giriblər. Ölkə deyil, Cozef Konradın "Zülmətin ürəyi”dir.
Kriminal müharibələrdən bezən xalqın ümidsizliyini əldə rəhbər tutan Bukele "ictimaiyyətin tələb və arzularını” nəzərə alaraq "praktik və sərt addımlarla” cani ovuna başlayır, ucdantutmma hamını həbs düşərgələrinə yollayır. Kimsə deyəcək: "Nəyi pisdir ki? Problem həll olunub”. Xeyr, problem sadəcə türmələrə qapadılıb. Nə qədər ki Salvador polis və hərbçilərin işğalı altındadır, bütöv ərazilərdə fövqəladə vəziyyət elan edilir, şübhəlilərin küçələrdə qətlinə görə isə polislər mükafatlandırılır, müvəqqəti qəbristanlıq sükutuna nail olmaq mümkündür.
İstənilən qanunu əzib keçən Bukelenin sadə qərarı - vətəndaşların alqışları altında hər bir şübhəlini uzun müddətə həbsə atmaq - dövrümüzün yeni idealına çevrilir. Rəsmi rəqəmlərin fonunda unudulur ki, bu cinayətkarlığın sosial kökləri var, məhz kapitalist iqtisadi modeli bu cinayətkarlığı törədir və qidalandırır. Gənclik üçün türmələrdən başqa heç nə yaradılmır. Banklar, korporasiyalar və kriminal təşkilatlardan bəhrələnən hakimiyyət üçün isə problemlərdə sistemi yox, lümpenləri ittiham etmək ən asan yoldur. Hakimiyyətin təbliğatı o qədər effektivdir ki, diqqəti yayındırır və süjeti unutdurur.
***
Hazırda Latın Amerikasında nəhəng eksperiment həyata keçirilir. Onun məzmunu planetar hakimiyyətin yeni modelini formalaşdırmaq və reallaşdırmaqdır. Sanki dövlətin tam məhvinin kannibal modeli işlənib hazırlanır.
Salvador nəhəng nümunəvi həbs düşərgəsinə çevrilib. Cinayətkarlığa qarşı cinayətkar metodlarla mübarizənin fəsadlarına heç kəs toxunmaq istəmir. Başqa bir Latın Amerikası ölkəsində - Argentinada dövləti məhv etmək şüarları ilə hakimiyyətə gəlmiş Miley seçki proqramını can-başla yerinə yetirir, onun səylərinə Fridman və "Çikaqo oğlanları” həsəd aparardı. Uzun illər sakitlik adacığı olmuş Ekvadorda mafioz hakimiyyətlə ona qarşı üsyana qalxan narkokartellər sonunda razılığa gəlirlər. Peruda qanuni prezident Pedro Kastilyo "dünya ictimaiyyəti”nin susqunluğu fonunda devrilib həbs olunur.
Dünyanın siyasi planktonunu isə nə Perudakı qiyamçılar, nə Argentinadakı psixopat, nə Salvadordakı fürer, nə də Trampın deportasiyaları narahat edir. Hamısı Venesueladan və Madurodan narahatdır. Bütöv bir ölkənin əhalisinin "Pavlov iti”nə və Mengele sayağı eksperimentlərə meydan olması isə "kriminala qarşı misilsiz qələbə”dir.
Yeri gəlmişkən, venesuelalıları Salvadora deportasiya etmək ideyasını ABŞ-a Nayib Bukele özü təklif edib.
Ötən ilin sentyabrında isə Bukele ABŞ Baş Assambleyasındakı çıxışında bəşəriyyət üçün "qaranlıq era”nın başlandığından narahat olduğunu bildirib. Onun sözlərinə görə, bu "qaranlıq era”nın simptomları "insan azadlıqlarının pozulması və beynəlxalq münaqişələrdən” ibarətdir...
Məmməd Süleymanov
Şərhlər