Xəbər lenti

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
Ölkə 00:15 31.12.2024

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Qaynarinfo xəbər verir ki, bu bayram dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar arasında həmrəylik bağlarının yaranmasında mühüm rol oynayır.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirilirdi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci il dekabrın 16-da Azərbaycan xalqınının Ümummilli Lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edib.


Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın bütün ölkələrində yaşayan azərbaycanlıların bayram kimi qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən mühüm və əlamətdar bayramlardan biridir. Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, azərbaycanəsilli diaspor nümayəndələri də qeyd edirlər.


2020-ci il sentyabrın 27-də Ermənistanın Azərbaycana qarşı törətdiyi hərbi təcavüzə cavab olaraq xalq Ali Baş Komandan, Prezident İlham Əliyevin çağırışı ilə Vətən müharibəsinə qalxıb. Azərbaycan Ordusu 44 gün ərzində düşməni ağır məğlubiyyətə uğradıb və ölkənin ərazi bütövlüyünü bərpa edib.

2023-cu ilin sentyabr ayında keçirilmiş antiterror əməliyyatı isə cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində dövlət bayrağını ucaldıb. İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Xankəndidə keçirilən hərbi paradda çıxışında bildirib:


"Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik”.


44 günlük Vətən müharibəsi dövründə olduğu kimi, antiterror əməliyyatı zamanı da dünya azərbaycanlılarının həmrəylik nümayiş etdirməsi, Azərbaycan Prezidentinin ətrafında sıx birləşməsi xalq arasında sarsılmaz bağların mövcudluğunun göstəricisidir. Bu birliyin və birlikdə əldə edilmiş gücün sayəsində bu gün azərbaycanlılar dünyanın bütün nöqtəsində başıuca gəzirlər.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->