Xəbər lenti

Çempionlar Liqası:
İdman 09:00 28.01.2026

Çempionlar Liqası: "Qarabağ" "Liverpul"a qarşı

Bu gecə "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsində sonuncu - 8-ci tur matçına çıxacaq.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun komandası səfərdə İngiltərə nəhəngi "Liverpul"la qarşılaşacaq. "Enfild" stadonunda keçiriləcək görüş Mərkəzi Avropa vaxtı ilə bu gün saat 21:00, Bakı vaxtı ilə isə yanvarın 29-u, saat 00:00-da başlanacaq. Oyunu Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.

Hazırda "Qarabağ" turnir cədvəlində 10 xalla 18-ci yeri tutur. "Liverpul" isə 15 xalla 4-cüdür. Bu oyun hər iki komanda üçün xüsusi əhəmiyyət daşıyır və heç biri ən azı uduzmamağa çalışacaq. "Liverpul" qalib gəlməlidir ki, 1/8 finala vəsiqəni birbaşa təmin etsin. "Qarabağ"a isə pley-offa adlamaq üçün 1 xal da kifayət edəcək. Amma Ağdam klubunun nəzəri baxımdan həmin mərhələdə oynamaq şansı uduzsa belə qalacaq. Bu, digər bir neçə matçın nəticəsindən də asılı olacaq.

Ümumilikdə 8-ci turun 18 matçının hamısı eyni gün və eyni saatda start götürəcək.

Xatırladaq ki, ÇL-də ilk 8 yeri tutanlar birbaşa 1/8 finala vəsiqə qazanır, 9-24-cü yeri tutanlar isə "pley-off"da (şərti olaraq 1/16 final) oynamaq hüququ əldə edir. 25-36-cı yeri tutanlar isə bu mövsüm üçün avrokuboklarda mübarizəni başa vurur.

Çempionlar Liqası
Liqa mərhələsi
VIII tur

28 yanvar
00.00 Liverpul (İngiltərə) - Qarabağ (Azərbaycan)
Hakimlər: İvan Krujlyak, Branislav Hantsko, Yan Pozor, Peter Kraloviç.
VAR: Pol van Boekel.
AVAR: Yan Boterberq.
"Enfild" stadionu, Liverpul.


--> -->