Elektrikli avtomobillərin şarj müddətinin uzun olması bu nəqliyyat vasitələri ilə bağlı ən böyük narahatlıqlardan biridir. Lakin BYD "Super E Platformu" ilə bu sahədə yeni bir dönüş yaradır.
Qaynarinfo xəbər verir ki, elektrikli avtomobillərin ən böyük problemlərindən biri şarj müddətidir. Səyahət zamanı təkcə uyğun şarj stansiyası tapmaq deyil, həm də batareyanı ən qısa müddətdə doldurmaq vacibdir. Heç kim saatlarla şarj stansiyasında gözləmək istəmir. Lakin bu gün uzun gözləmə müddətləri bir çox elektrikli avtomobil (EV) istifadəçisinin qarşılaşdığı reallıqlardan biridir.
Bu sahədə illərdir çalışan elektrikli avtomobil istehsalçıları və batareya texnologiyası şirkətləri EV-lərin daxiliyanma mühərrikli avtomobillər qədər sürətli şarj oluna bilməsini hədəfləyir. Görünən odur ki, bu yarışda ilk böyük uğura Çinli EV nəhəngi BYD imza atıb.
Son illərdə elektrikli avtomobillərin şarj müddətini 10 dəqiqəyə, hətta 5 dəqiqəyə endirə biləcək texnologiyalarla bağlı bir çox hesabat yayımlanıb. Lakin bu yeniliklər hələ ki, gündəlik həyatda geniş yayılmış bir həqiqətə çevrilməyib. Bununla belə, BYD bu vəziyyəti dəyişdirməyə hazırlaşır.
BYD elektrikli avtomobillərin daxiliyanma mühərrikli avtomobillər qədər sürətli şarj oluna bilməsi üçün "Super E Platformu" adlı yeni texnologiya hazırlayıb. Bu inqilabi platforma EV-lərin şarj sahəsində dönüş nöqtəsi yaratmağı vəd edir. Şirkətin açıqlamalarına görə, bu texnologiya ilə cəmi 5 dəqiqəlik şarj avtomobilə təxminən 450 kilometr məsafə qazandıracaq.
BYD bu uğuru 1 MVt (1.000 kVt) gücünü dəstəkləyən xüsusi batareyalar sayəsində əldə edib. Bu batareyalar 1.000 volt və 1.000 amper gücündə enerji dəstəyi təmin edərək şarj müddətini minimuma endirir.
Təəssüf ki, bu yüksək sürətli şarj texnologiyası BYD-nin bütün modellərində tətbiq olunmayacaq. Bu il satışa çıxarılan "Han L Sedan" və "Tang L SUV" kimi müəyyən BYD modellərində istifadə ediləcək. Bu texnologiyadan yararlanmaq istəyən sürücülərin məhz bu modellərdən birini seçməsi tələb olunacaq.
Aydın
Şərhlər