Xəbər lenti

İlon Maskdan yeni dövr vədi: Sürücüsüz avtomobillər, robotlar və uçan nəqliyyat vasitələri
Texnologiya 22:18 08.11.2025

İlon Maskdan yeni dövr vədi: Sürücüsüz avtomobillər, robotlar və uçan nəqliyyat vasitələri

"Tesla"nın illik səhmdarlar toplantısında səhnəyə çıxan şirkətin baş direktoru İlon Mask yenidən iddialı açıqlamalarla gündəmə gəlib. 

Qaynarinfo xəbər verir ki, o, şirkətin demək olar ksürücülərin mesaj yazmasına imkan verəcək qədər təhlükəsiz bir avtopilot sisteminə çatdığını bildirib.

Hazırda "Tesla" avtomobilləri sürücünün diqqətini yolda saxlamaq üçün davamlı şəkildə izlənir. Lakin Mask yaxın bir-iki ay ərzində nəzarətsiz "Full "Self-Driving" (FSD) rejiminin aktivləşdiriləcəyini və bununla da sürücülərin sükan arxasında mesaj yaza biləcəyini söyləyib.

"Tesla" səviyyə 4 avtonom sürüşə yaxınlaşır

"Tesla"nın hazırkı FSD sistemi səviyyə 2 avtonom sürüş funksiyasına malikdir. Bu, avtomobilin bəzi tapşırıqları müstəqil şəkildə yerinə yetirməsinə baxmayaraq, sürücünün nəzarəti tam buraxmadığı anlamına gəlir.

Mask isə yaxın vaxtlarda səviyyə 4 avtonom sistemə, yəni avtomobilin bütün idarəetməni insan müdaxiləsi olmadan həyata keçirə biləcəyi mərhələyə keçiləcəyini vəd edir. Lakin o, bu prosesdə atılacaq hüquqi və təhlükəsizlik addımları barədə ətraflı məlumat verməyib.

Robotaksi "Cybercab"ın istehsalı 2026-cı ildə başlayacaq

Tədbirdə Mask "Tesla"nın sürücüsüz robotaksi modeli "Cybercab" barədə də danışıb. Tam avtonom sürüş üçün nəzərdə tutulan bu nəqliyyat vasitəsində nə pedal, nə sükan, nə də yan güzgülər olacaq.

Mask bildirib ki, "Cybercab"ın istehsal prosesi ənənəvi avtomobil istehsalından fərqli olaraq, daha çox smartfon istehsalına bənzəyəcək. Onun sözlərinə görə, "Tesla" hər 10 saniyədə bir "Cybercab" istehsal edə biləcək.

Uçan avtomobil 2026-cı ilin aprelində təqdim ediləcək

Mask, daha əvvəl "Joe Rogan" proqramında bəhs etdiyi uçan avtomobil layihəsi barədə də yeni tarix açıqlayıb. Əvvəlcə bu il təqdim olunacağı bildirilən modelin nümayişi 1 aprel 2026-cı ilə təxirə salınıb.

Bu tarixin 1 aprel zarafatı olub-olmayacağı isə hələ məlum deyil. Mask, uçan avtomobilin təqdimatından təxminən bir il sonra istehsalına başlanacağını deyib. Lakin onun əvvəlki açıqlamalarında verilən tarixlərin tez-tez təxirə salındığı nəzərə alınarsa, bu vədlərə ehtiyatla yanaşmaq məsləhətdir.

"Optimus": Maskın fikrincə, dünyanın ən böyük məhsulu

Mask səhnədə olarkən yanında "Optimus" adlı insansı robot da yer alıb. O, "Optimus"un bütün dövrlərin ən böyük məhsulu olacağını və mobil telefonlardan belə daha vacib hala gələcəyini iddia edib.

"Tesla" ilkin mərhələdə ildə 1 milyon, sonrakı mərhələdə isə 10 milyon robot istehsalını hədəfləyir. Maskın fikrincə, uzunmüddətli perspektivdə bu rəqəm 100 milyon ilə 1 milyard arasında dəyişə bilər.

Mask gələcəkdə bu robotların tibbi xidmət göstərə, hətta cinayətkarların izinə düşərək yeni cinayətlərin qarşısını ala biləcəyini proqnozlaşdırır.

Mask üçün nəhəng mükafat paketi təsdiqlənib

Mask səhnəyə çıxmazdan əvvəl səhmdarlar qarşıdakı 10 il üçün 1 trilyon dollara qədər çata biləcək maaş paketini təsdiqləyiblər. Lakin Maskın bu məbləği qazanması üçün "Tesla"nın hazırkı 1,4 trilyon dollarlıq bazar dəyərini 8,5 trilyon dollara çatdırması və 1 milyon "Optimus" robotu satması tələb olunur. Əgər bu hədəflər gerçəkləşərsə, İlon Mask tarixdə ilk trilyoner baş direktor olacaq.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->