Xəbər lenti

Brüssel-Tiflis xəttində çat: Strateji tərəfdaşlıq niyə sarsılır? (ŞƏRH)
Dünya 13:21 01.05.2026

Brüssel-Tiflis xəttində çat: Strateji tərəfdaşlıq niyə sarsılır? (ŞƏRH)

Son illər Cənubi Qafqaz regionunda baş verən siyasi dinamika yalnız regional deyil, qlobal güc mərkəzlərinin maraq toqquşmasını da açıq şəkildə üzə çıxarır. Bu kontekstdə Gürcüstan ilə Avropa İttifaqı arasında münasibətlərin gərginləşməsi xüsusi diqqət çəkir. Uzun müddət "strateji tərəfdaşlıq” və "Avropa inteqrasiyası” xətti üzərində qurulan bu əlaqələr artıq daha mürəkkəb və ziddiyyətli mərhələyə qədəm qoyub. Diplomatik ritorikanın sərtləşməsi, qarşılıqlı ittihamlar və ictimai müstəviyə çıxarılan narazılıqlar göstərir ki, tərəflər arasında yalnız taktiki deyil, həm də dərin konseptual fikir ayrılıqları formalaşmaqdadır.
 
Siyasi təhlilçilər hesab edirlər ki, Avropa İttifaqı ilə Gürcüstan arasında yaranan gərginlik təsadüfi diplomatik insident deyil, daha dərin və uzunmüddətli prosesin nəticəsidir. Avropa İttifaqı ilə Gürcüstan arasında münasibətlər illərlə "inteqrasiya perspektivi” üzərində qurulsa da, son dövrdə qarşılıqlı etimadın ciddi şəkildə zədələndiyi görünür. 

Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinskinin səsləndirdiyi xəbərdarlıq - yoxsulluq və qeyri-sabitlik riski əslində diplomatik dildə "siyasi kursun nəticələri olacaq” mesajıdır. Bu tip açıqlamalar adətən təsadüfi verilmir. Brüsselin narahatlıqlarının kulminasiya nöqtəsinə çatdığını göstərir. Rəsmi Tiflisin buna sərt reaksiya verməsi isə artıq münasibətlərin klassik diplomatik çərçivədən çıxdığını göstərir. 

Baş nazir İrakli Kobaxidzenin açıqlamaları da diqqətəlayiqdir. O, bir tərəfdən Aİ-yə üzvlük hədəfini qoruduğunu bildirir, digər tərəfdən isə təşkilatın zəiflədiyini vurğulayır. Bu, ikili siqnaldır. Həm inteqrasiyanı itirmək istəmirlər, həm də daxili auditoriyaya "alternativ siyasi xətt” mesajı verirlər.

Müşahidəçiləri daha çox bir sual düşündürür: Pərdəarxasında nə baş verir?

Siyasi təhlilçilərin fikrincə, siyasi kursun dəyişməsi əsas amildir. Belə ki, son illər Gürcüstan hakimiyyətinin qərbyönlü xəttdən qismən uzaqlaşdığına dair fikirlər güclənib. Demokratiya, media azadlığı və hüququn aliliyi ilə bağlı Aİ-nin tənqidləri artıb. Brüssel üçün bunlar "qırmızı xətlər"dir. 

Digər tərəfdən, gürcü hakimiyyəti Qərbin tənqidlərini bəzən daxili siyasi mobilizasiya alətinə çevirir. Xarici təzyiq obrazı yaratmaq, elektoratın bir hissəsini konsolidasiya etməyə xidmət edir. 

Şübhəsiz ki, burada geosiyasi balans axtarışı amilini də nəzərə almaq lazımdır. Gürcüstan coğrafi baxımdan həssas zonadadır. Rusiya faktoru, regiondakı güc balansı və iqtisadi asılılıqlar Tiflisi daha ehtiyatlı, bəzən isə ziddiyyətli siyasət yürütməyə vadar edir. 

İrakli Kobaxidzenin "Aİ əvvəlki gücündə deyil” fikri təsadüfi deyil. Ukrayna müharibəsi, daxili siyasi parçalanmalar və genişlənmə yorğunluğu fonunda Brüsselin təsir alətləri əvvəlki qədər effektiv görünməyə bilər. Bu da tərəfdaş ölkələrin  davranışına təsir edir.

Mövcud vəziyyət "tam qopma” deyil, amma açıq şəkildə etimad böhranıdır. Əgər bu tendensiya davam edərsə, Gürcüstanın Aİ-yə inteqrasiya prosesi formal olaraq davam etsə belə, real məzmununu itirə bilər. Bu qarşıdurmanın mahiyyəti sadədir: Brüssel dəyərlər və islahatlar tələb edir, Tiflis isə daha çox suverenlik və manevr azadlığı istəyir. Bu iki yanaşma uzlaşmasa, münasibətlərdəki "dalan” uzunmüddətli strateji ayrılığa çevrilə bilər.

Qeyd edək ki, Avropa İttifaqı ilə Gürcüstan hökuməti arasındakı münasibətlər diplomatik müstəvidə dalana dirənib. Aprelin 27- də Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinskinin Gürcüstan höküməti üçün səsləndirdiyi fikirlər, rəsmi Tiflisin etirazına tuş gəlib. Səfir Gürcüstanın yoxsulluq və qeyri-sabit risklərlə üzləşəcəyinə dair xəbərdarlıq edib. Hadisədən dərhal sonra onu Xarici İşlər Nazirliyinə çağırıblar.

Baş nazir İrakli Kobaxidze isə Gürcüstan xalqına ünvanlanan ifadələrin qəbuledilməz olduğunu açıqlayıb. O, Aİ-nin tamhüquqlu üzvü olmağa çalışdıqlarını bildirsə də, təşkilatın əvvəlki təsir gücünə malik olmadığını qeyd edib. 

Siyasət şöbəsi

--> -->