"Azərbaycan bir tərəfdən Ukraynanın ərazi bütövlüyünü tanıyır, ona humanitar və enerji sahəsində dəstək göstərir, digər tərəfdən isə Rusiyaya qarşı beynəlxalq sanksiyalara qoşulmadan hər iki ölkə ilə münasibətləri qorumağa çalışır".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli Volodimir Zelenskinin Azərbaycana səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, səfərin iqtisadi tərəflərindən daha çox geosiyasi, siyasi və enerji təhlükəsizliyi məsələləri diqqət mərkəzindədir. Qulamhüseyn Əlibəyli qeyd edib ki, hazırda həm Rusiya-Ukrayna müharibəsi, həm də ABŞ-İsrail və İran arasında artan gərginlik qlobal geosiyasi balansın və təhlükəsizlik arxitekturasının pozulmasına səbəb olub:
"Belə bir şəraitdə Azərbaycanın xarici siyasəti konkret tərəf seçmədən milli maraqların qorunmasına və balansın saxlanmasına yönəlib. Eyni yanaşma İranla bağlı məsələlərdə də müşahidə olunur - Azərbaycan humanitar yardım göstərməklə yanaşı, neytral və balanslı mövqeyini saxlayır".
Qulamhüseyn Əlibəyli vurğulayıb ki, məhz bu təmkinli və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır, Şərq-Qərb və Şimal-Cənub əlaqələrinin inkişafında açar ölkələrdən birinə çevrilir:
"Bu da ölkənin beynəlxalq nüfuzunun artmasına və etibarlı diplomatik mərkəz kimi qəbul olunmasına gətirib çıxarır. Zelenskinin Rusiya ilə danışıqların Azərbaycanda keçirilməsi təklifi də təsadüfi deyil və bu, Azərbaycanın təhlükəsiz və etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərir".
Şərhçi hesab edir ki, səfərin digər mühüm tərəfi isə Azərbaycan-Ukrayna münasibətlərinin daha da möhkəmləndirilməsidir:
"Bu çərçivədə enerji və ticarət sahələrində əməkdaşlıq, o cümlədən Azərbaycan qazının Avropaya nəqlində Ukraynanın tranzit və ya logistik rolunun müzakirəsi mümkün hesab olunur. Həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa işlərinin gələcəkdə Ukraynada tətbiqi perspektivləri də gündəmdə ola bilər".
Ekspert əlavə edib ki, bu səfər Ukraynanın Cənubi Qafqazda mövqelərini gücləndirmək və regionda yeni təhlükəsizlik formatları yaratmaq cəhdi kimi də qiymətləndirilə bilər. Qulamhüseyn Əlibəyli hesab edir ki, səfərin nəticələri Azərbaycanın, xüsusilə də Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən xarici siyasətin növbəti uğuru kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, aprelin 25-də Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə təkbətək və geniş tərkibdə görüşü olub. Söhbət zamanı dövlətimizin başçısının Volodimir Zelenski ilə əvvəlki görüşləri məmnunluqla xatırlanıb, Ukrayna Prezidentinin ölkəmizə bu səfərinin ikitərəfli əməkdaşlıq məsələlərinin müzakirəsi üçün yaxşı imkan yaradacağına əminlik bildirilib.
Əməkdaşlığın bir çox istiqamətdə, o cümlədən enerji sahəsində genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb, kənd təsərrüfatı ilə bağlı əməkdaşlıq məsələləri müzakirə olunub, Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunulub.
Ölkəmizin Ukraynaya humanitar dəstəyini, eyni zamanda, Azərbaycan dövləti tərəfindən ukraynalı uşaqlara olan diqqət və qayğını yüksək qiymətləndirən qonaq bütün bunlara görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Tezliklə bir qrup ukraynalı tələbənin reabilitasiya məqsədilə, həmçinin Azərbaycanın mədəniyyəti və incəsənəti ilə tanış olması üçün ölkəmizə səfərinin nəzərdə tutulduğu vurğulanıb.
Siyasət şöbəsi
Şərhlər