Xəbər lenti

Azərbaycanla Efiopiya arasında bir sıra sənədlər imzalandı (YENİLƏNİB)
Foto 12:54 27.02.2026

Azərbaycanla Efiopiya arasında bir sıra sənədlər imzalandı (YENİLƏNİB)

Azərbaycan Prezidenti İlham Əliyevin Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə fevralın 27-də geniş tərkibdə görüşü olub.

Qaynarinfo xəbər verir ki, sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Efiopiyanın xarici işlər naziri Qedion Timoteos "Azərbaycan Respublikası ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i və "Birləşmiş Millətlər Təşkilatının İqlim Konfransının (COP32) otuz ikinci sessiyasının təşkilində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu imzalayıblar.

Qeyd edək ki, Efiopiyanın Baş nazirinin ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Efiopiyanın Federal Etika və Antikorrupsiya Komissiyası arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi ilə Efiopiya İnvestisiya Komissiyası arasında Anlaşma Memorandumu" və "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC ilə Efiopiya Yayım Korporasiyası arasında Anlaşma Memorandumu" imzalanıb.

10.55
 
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ilə təkbətək görüşü olub.

Qaynarinfo xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

10.16
 
Fevralın 27-da Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin rəsmi qarşılanma mərasimi olub.

Qaynarinfo xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Efiopiyanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Efiopiyanın Baş naziri Abiy Əhməd Əlini və birinci xanım Zinaş Tayaçevi qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Efiopiyanın Baş nazirinə raport verib.

Efiopiya Federativ Demokratik Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Efiopiyanın Baş naziri Abiy Əhməd Əlinin qarşısından keçib.

--> -->