Xəbər lenti

Pakistan-Əfqanıstan sərhədində gərginlik: Genişmiqyaslı münaqişə riski varmı?
Dünya 13:13 27.02.2026

Pakistan-Əfqanıstan sərhədində gərginlik: Genişmiqyaslı münaqişə riski varmı?

"Pakistanla Əfqanıstan arasında yaranan qarşıdurmaların kökündə yalnız sərhəd insidentləri dayanmır. Bu gərginlik regionda paralel şəkildə gedən siyasi və geosiyasi proseslərlə sıx bağlıdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Pakistanla Əfqanıstan arasında yenidən alovlanan hərbi qarşıdurmanın kimlərin maraqlarına xidmət etdiyini şərh edərkən deyib. 

Ekspert hesab edir ki, son dövrlər Əfqanıstan rəhbərliyinin İranla bağlı verdiyi bəyanat - yəni ABŞ İrana müdaxilə edərsə, onun yanında olacağını açıq şəkildə ifadə etməsi - mövcud vəziyyətin formalaşmasında tətikləyici amillərdən biridir:

"Bu cür açıqlamalar onsuz da həssas olan regional balansı daha da kövrəldə bilir və tərəflər arasında etimadsızlığı artırır. Pakistan da, Əfqanıstan da müsəlman ölkələridir. Pakistan bizim üçün strateji müttəfiq hesab olunur və bu münasibətlər uzun illərdir siyasi, hərbi və mənəvi müstəvidə özünü göstərir. Əfqanıstan isə son dövrlər Azərbaycanla daha yaxın münasibətlər qurmağa meyl göstərir, regional əməkdaşlıq formatlarında yer almağa çalışır. Bu baxımdan hər iki ölkə ilə münasibətlərin sağlam məcrada davam etməsi həm ikitərəfli, həm də ümumregional maraqlar baxımından əhəmiyyətlidir".
 


Müsahibimiz düşünür ki, yaranmış gərginlik asanlıqla daha genişmiqyaslı qarşıdurmaya çevrilə bilər:

"Hər bir halda, bu tip hərbi və ya yarımhərbi toqquşmalar regionun maraqlarına uyğun deyil. Əksinə, belə gərginliklər asanlıqla daha  genişmiqyaslı qarşıdurmalara çevrilə və müharibə silsiləsini tətikləyə bilər. Cənubi Asiya və ətraf coğrafiya onsuz da kifayət qədər həssas təhlükəsizlik mühitinə malikdir. Yeni bir münaqişə ocağının yaranması iqtisadi layihələrə, nəqliyyat dəhlizlərinə və siyasi sabitliyə ciddi zərbə vura bilər".

Konfliktoloqun fikrincə, Bakı ilə Ankara tərəflər arasında gərginliyin azalmasına töhfə verə bilər:

"Məhz buna görə də diplomatik müdaxilə imkanları nəzərdən keçirilməlidir. Türkiyə və Azərbaycan hər iki tərəflə dialoq kanallarına malik olan ölkələrdir. Əgər rəsmi Ankara və Bakı balanslı və ehtiyatlı vasitəçilik təşəbbüsü ilə çıxış etsələr, tərəflər arasında gərginliyin  azalmasına töhfə verə bilərlər. Bu cür vasitəçilik həm müsəlman ölkələri arasında qarşıdurmanın qarşısını almaq, həm də regionda sabitliyin qorunması baxımından mühüm rol oynayacaq".

Qeyd edək ki, Pakistanla Əfqanıstan arasında yenidən müharibə alovlanıb. İki ölkə arasında yerləşən Durand sərhəd xətti boyunca hərbi əməliyyatlar davam edir. Pakistan rəsmiləri bildiriblər ki, sərhəd bölgəsində həyata keçirilən əməliyyatlar ölkənin milli təhlükəsizliyini qorumaq məqsədi daşıyır. Əfqanıstan tərəfi isə Pakistanın addımlarını sərhəd pozuntusu kimi qiymətləndirərək, öz ərazilərini qorumaq üçün tədbirlər gördüyünü açıqlayıb. 

Rüfət Sultan

--> -->