Xəbər lenti

Siyasət 11:58 11.08.2025

"Azərbaycanın diplomatik yüksəlişi təsadüfi deyil" - "Jerusalem Post"

Qaynarinfo "The Jerusalem Post" nəşrində yayımlanan "Azərbaycan - İsrail  və Suriya arasında sülh körpüsü" adlı məqləsinin tərcüməsini təqdim edir:

Azərbaycanın diplomatik yüksəlişi təsadüfi deyil. İllərlə enerji sahəsində qurulan tərəfdaşlıqlar və strateji uzaqgörənlik Bakını etibarlı bir regional aktora çevirib.

Adətən danışıqlarda əsas tərəflər ön planda olur, vasitəçi isə yalnız ikinci dərəcəli, texniki rol oynayır. Lakin elə hallar var ki, tərəflər o qədər uzaq mövqelərdə dayanır ki, bütün proses vasitəçidən asılı olur və o, razılaşmanın əsas fiquruna çevrilir.

İsrail və Suriya bu ikinci vəziyyətin nümunəsidir.

Bir tərəfdə demokratik, inkişaf etmiş və güclü dövlət olan İsrail, digər tərəfdə isə dağıdılmış, parçalanmış cəmiyyətə və iflasa uğramış iqtisadiyyata sahib, cihadçı liderin idarə etdiyi Suriya dayanır.

Belə kəskin fərqlərin olduğu şəraitdə vasitəçinin kim olması və hansı üsulu seçməsi xüsusi əhəmiyyət kəsb edir.

Yeni oyunçu

Yaxın Şərq diplomatiyasında yeni bir oyunçu meydana çıxır – Azərbaycan. Enerji siyasətində və regional təhlükəsizlikdə çevik strategiyası ilə tanınan Bakı indi Qüds və Dəməşq arasında vasitəçi rolunu üzərinə götürməyə hazır görünür.

Azərbaycan həm İsrail, həm də müsəlman dünyası ilə paralel və balanslı münasibətləri qoruya bilən nadir ölkələrdən biridir.

Bakı illərdir Qüds ilə, xüsusən müdafiə, kəşfiyyat və texnologiya sahələrində sıx əməkdaşlıq edir. İsrailin hərbi texnologiyaları 2020-ci ildə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsində mühüm rol oynayıb və bu strateji tərəfdaşlığı daha da möhkəmləndirib.

Azərbaycan heç vaxt Suriyaya qarşı düşmənçilik siyasəti aparmayıb.

Bu gün müharibədən dağılmış Suriya təcili olaraq iqtisadi tərəfdaşlığa və bərpa yardımına ehtiyac duyur. Bakı bu sahəyə enerji layihələri və infrastruktur dəstəyi ilə daxil olur.

Bakıda görüş

2025-ci il iyulun 12-də Azərbaycan prezidenti İlham Əliyev Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şəraa ilə Bakıda görüşüb. Görüşdə əsasən enerji əməkdaşlığı, xüsusilə Azərbaycanın təbii qazı Türkiyə üzərindən Suriyaya çatdırmaq və onun dağıdılmış enerji infrastrukturunu bərpa etmək planları müzakirə olunub.

Bundan başqa, Bakı İsrail və Türkiyənin Suriyadakı əməliyyatları ilə bağlı texniki "təhlükəsizlik toqquşmalarının qarşısını alma” görüşlərinə də sakit şəkildə ev sahibliyi edir. Bu addımlar Azərbaycanın neytral və etibarlı dialoq platforması kimi nüfuzunu möhkəmləndirir.

Azərbaycanın uğur şansını artıran amillər:

* Balanslı siyasət: İsrail və müsəlman dövlətləri ilə konstruktiv münasibətlər.
* Enerji diplomatiyası: Neft və qaz ixracatçısı kimi iqtisadi təsir gücü.
* Türkiyə ilə strateji ittifaq: Ankara–Bakı tandemi bölgədə mühüm diplomatik qapılar açır.
* Dünyəvi idarəçilik: İdeologiyadan uzaq, praqmatik yanaşma etimad yaradır.

Qalan çətinliklər

* İran, Azərbaycanın İsraillə yaxınlaşmasından narahatdır və Bakının təşəbbüslərini pozmağa çalışa bilər.
* Suriyada siyasi parçalanma davam edir, sülh prosesi Rusiyanın və İranın Dəməşqdəki keçmiş təsiri nəzərə alınmadan irəliləyə bilməz.
* Türkiyə, İsrail və ərəb dövlətlərinin maraqlarını balanslaşdırmaq isə incə diplomatiya tələb edəcək.

Etibarlı aktor

Azərbaycanın diplomatik yüksəlişi təsadüfi deyil. İllərlə enerji sahəsində qurulan tərəfdaşlıqlar və strateji uzaqgörənlik Bakını etibarlı bir regional aktora çevirib.

Bu gün Bakı İsrail–Türkiyə müzakirələrinə və Suriya ilə təşəbbüslərə ev sahibliyi edir.

Əgər İsrail və Suriya arasında real sülh danışıqları başlayarsa, böyük ehtimalla bu tarixi dialoq Xəzərin sahilində, Bakıda baş tutacaq.

Məqalənin müəllifi Yaxın Şərq üzrə tədqiqatçı və bölgə şərhçisidir.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->