"Tərəflərin bir-birinə güzəşt əsasında hansısa kompromislərə gəlməsi imkanları mövcuddur".
Qaynarinfo-ya açıqlamasında bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Bakıda keçirilən Türkiyə-İsrail danışıqlarının ilk raundunun nəticələrini şərh edərkən deyib:
"Bundan qabaq Suriyada təmsil olunan Rusiya və İran kimi qüvvələr hansısa qaydalar əsasında uzun müddət yanaşı siyasət yürütdülər. Bundan başqa, Rusiyanın öhdəliyi var idi ki, İsrail hərbi hava qüvvələrinə qarşı fəaliyyət aparmayacaq. Öz növbəsində İsrail də Rusiya hərbçilərinə qarşı hücumlara yol verməyəcəyi öhdəliyini götürmüşdü. Yəni Suriya məsələsində belə bir razılaşmalar var idi", deyə Tofiq Zülfüqarov bildirib.
Həsöhbətimizin fikrincə, İsraillə Türkiyə arasında baş tutan danışıqların texniki danışıqlar adlandırılması onu göstərir ki, tərəflər arasında yuxarıda qeyd etdiyimə bənzər hansısa razılaşmalar ola bilər:
"Hesab edirəm ki, bunun baş verməsi tərəflərin hər birinin marağındadır. Hazırda İsrailin İranla qarşıdurması pik nöqtədədir. Belə vəziyyətdə Təl-Əvivin Türkiyə ilə də yeni bir qarşıdurma axtarması düzgün olmaz. Digər tərəfdən, Türkiyənin Suriyanın ərazi bütövlüyünə dəstəyi də onu göstərir ki, iki qonşu ölkə arasında müxtəlif sahələrdə, o cümlədən hərbi, müdafiə mövzusunda münasibətlər ola bilər. O baxımdan da Türkiyə ilə İsrail arasında hansısa kompromislərə imkanlar var. Əminəm ki, kompromis qərar əldə olunacaq”.
Qeyd edək ki, Suriya məsələsilə bağlı Azərbaycanda İsraillə Türkiyə nümayəndələri arasında danışıqlar keçirilib. İsrail Baş nazirinin ofisi məlumat yayıb ki, Türkiyə ilə Suriya üzrə danışıqlar təhlükəsizliyin sabitliyini qorumaq məqsədi daşıyır: "Dünən gecə İsrailin milli təhlükəsizlik müşaviri Tzaçi Haneqbinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda türkiyəli həmkarları ilə görüşüb".
Bildirilib ki, görüşdə hər bir tərəf regionda öz maraqlarını təqdim edib, regional sabitliyi qorumaq üçün dialoq yolunda davam etmək razılaşdırılıb:
"Danışıqlarda hər bir tərəf regionda öz maraqlarını təqdim etdi və onlar təhlükəsizliyin sabitliyini qorumaq üçün kommunikasiya kanalını davam etdirməyə razılaşdılar”.
Təl-Əviv bildirir ki, Türkiyənin Suriyada hərbi bazasının yaradılması İsrailin "qırmızı xətti"dir.
Rüfət Sultan
Şərhlər