SOCAR-ın inzibati binasında AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Qaynarinfo xəbər verir ki, AFFA prezidenti Rövşən Nəcəf iclasın gündəliyi barədə məlumat verib, daha sonra gündəlikdə duran məsələlər müzakirə olunub.
Əvvəlcə AFFA-nın baş katibi Cahangir Fərəcullayev və Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov 2025/2026 mövsümü üçün Premyer Liqaya yüksəlməyə namizəd klubların infrastrukturu, maddi-texniki bazası, stadionlarda olan mövcud çatışmazlıqlar haqqında məlumat veriblər.
AFFA İcraiyyə Komitəsi tərəfindən 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə əlaqədar Premyer Liqaya yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət verilib. Bu xüsusi qayda yalnız bu il Premyer Liqaya yüksələcək komandalara şamil ediləcək.
Daha sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev aşağı yaş qrupları üzrə Azərbaycan milli komandalarının baş məşqçi postuna namizədlərlə bağlı məlumat verib. 21 yaşlılardan ibarət milli komandanın baş məşqçisi vəzifəsinə Ayxan Abbasov təyin olunub. Onunla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.
Adları aşağıda göstərilmiş məşqçilər isə müvafiq yaş qruplarından ibarət milli komandaların baş məşqçiləri təyin olunublar:
Elxan Abdullayev - Azərbaycan U-19
İlham Yadullayev - Azərbaycan U-18 (2008-ci il təvəllüdlülər)
Aqil Nəbiyev – Azərbaycan U-17 (2009-cu il təvəllüdlülər)
Onların hər biri ilə 2025-ci ilin sonuna kimi müqavilə imzalanıb.
İcraiyyə Komitəsi AFFA-nın növbəti Hesabat Konfransının tarixini də müəyyənləşdirib. AFFA-nın növbəti Hesabat Konfransı 11 aprel 2025-ci il tarixində keçiriləcək.
Bundan başqa, iclasda Elçin Məmmədovun öz istəyi ilə AFFA İntizam Komitəsindən ayrılması təsdiqlənib.
Şərhlər