Avropa yollarında hərəkət edən iri həcmli bir yük göndərişi heç bir iz buraxmadan yoxa çıxıb. İtaliya ilə Polşa arasındakı marşrut üzrə hərəkət edən bir yük maşını daşıdığı 12 ton "Kit Kat” şokoladı ilə birlikdə itkin düşüb.
Qaynarinfo xəbər verir ki, ümumilikdə 413 793 ədəd məhsulu əhatə edən bu böyük itki yalnız logistika problemi deyil, planlaşdırılmış oğurluq hadisəsi kimi qeydə alınıb. Nəqliyyat vasitəsi və içindəki minlərlə paket hələ də tapılmayıb.
"Nestle” şirkəti oğurlanan məhsulların axtarışını davam etdirərkən ictimaiyyətdən dəstək istəyir. Bu hadisəni digərlərindən fərqləndirən mühüm məqam isə itkin düşən məhsulların adi mağaza məhsulları olmamasıdır. Söhbət Formula 1 promosyonu üçün xüsusi olaraq avtomobil formasında istehsal edilən "Kit Kat” seriyasından gedir. Bu isə məhsulların qara bazarda və ya ikinci əl satış platformalarında aşkar edilməsini xeyli asanlaşdırır.
Şirkət oğurlanan məhsulları izləmək üçün "Stolen Kit Kat Tracker” adlı rəqəmsal sistem yaradıb. Aprelin 1-də elan olunan bu sistem əvvəlcə zarafat kimi qəbul edilsə də, məsələ olduqca ciddidir. İstehlakçılar əllərindəki məhsulun üzərində yerləşən səkkiz rəqəmli seriya nömrəsini sistemə daxil edərək şokoladın həmin itkin partiyaya aid olub-olmadığını yoxlaya bilərlər. Əgər uyğunluq aşkar edilərsə, istifadəçiyə sübutların təqdim edilməsi və növbəti addımlar barədə məlumat verilir.
Oğurluğun Avropa ərazisində baş verməsi ABŞ kimi digər bölgələrdəki ehtiyatların təhlükəsiz olduğunu göstərir. Bununla belə, səlahiyyətlilər seriya nömrəsi izlənməsi vasitəsilə oğruların bu məhsulları pula çevirməsini çətinləşdirməyi hədəfləyir.
Hadisənin yayılmasından sonra digər qlobal brendlər də mövzuya reaksiya verib. Bir çox marka "Kit Kat”ın məşhur şüarı üzərindən zarafatlar edərək sosial mediada diqqət cəlb edib. Məsələn, "Tide” markası vəziyyətin uğursuzluğunu vurğulayan paylaşım edib, "Task Rabbit” platforması isə "işçiləri toplayın” çağırışı ilə mövzuya yumor qatıb. Hətta "Gilt” platforması ağzındakı şokolad ləkəsini silirmiş kimi davranaraq özünü günahsız kimi təqdim edən əyləncəli paylaşım edib.
Hazırda hamı bu müəmmalı "şirin” oğurluğun necə nəticələnəcəyini və yük maşınının harada tapılacağını gözləyir.
Aydın
Şərhlər