Ukrayna ilə Moskva arasında sülh sazişi əldə olunacağı təqdirdə Avropa sülhməramlılarının Ukraynaya göndərilməsi planı ən ciddi skeptiklərlə – Avropa ictimaiyyəti ilə üzləşir.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal”
yazır.
Nəşrin qeyd etdiyinə görə, bir çox seçici onları risk altına sala biləcək hər hansı qoşun yerləşdirilməsinə qarşı çıxır. Bu cür əhval-ruhiyyə daha çox Şərqi Avropa ölkələrində yayılıb, çünki onlar öz sərhədlərindən qüvvə ayırmaq istəmirlər. İtaliya və Almaniyada isə buna İkinci Dünya müharibəsinin tarixi mirası səbəb olur.
Almaniyada ötən həftə "Insa” şirkəti tərəfindən aparılan sorğu göstərib ki, respondentlərin 56%-i ölkənin iştirakı əleyhinədir və bu göstərici yaz aylarındakı rəqəmdən daha yüksəkdir.
"Əmin deyiləm ki, Bundesver belə bir tapşırığın öhdəsindən gələ bilər və bu, bizi ölkədə müdafiəsiz qoymaz”, deyə 28 yaşlı sorğu iştirakçısı Leonard Volters bildirib.
Fransada – sülhməramlı missiyanın əsas tərəfdarlarından birində – ictimai dəstək yalnız Moskva ilə Kiyev arasında yekun sülh sazişi bağlanacağı halda mövcuddur. "Elabe” şirkətinin mart ayında keçirdiyi sorğuya görə, fransızların 67%-i belə razılaşma əldə olunacağı halda qoşun göndərilməsini dəstəkləyir. Lakin razılaşma olmadan respondentlərin 68%-i bu addıma qarşıdır.
"Əgər biz Ukraynada bərpa üçün olsaq – yaxşı. Amma əgər müharibəni uzatmaq və şübhə toxumları səpmək üçün olsaq – bunun heç bir mənası yoxdur”, – Parisdən Nikolas Deqaş deyib.
Böyük Britaniyanın iştirakı da hələ sual altındadır. Sorğular göstərir ki, britaniyalıların çoxu öz əsgərlərinin sülh danışıqlarında iştirakını alqışlayır, amma Rusiyayla birbaşa qarşıdurmanı istəmir.
Polşa isə Ukraynaya qoşun göndərilməklə bağlı "qırmızı xəttini” müəyyən edib. Varşava hesab edir ki, onun hərbçilərinin iştirakı münaqişəni alovlandıra və Polşanın öz ərazisinə yayıla bilər. "United Surveys” şirkətinin mart ayında keçirdiyi sorğuya görə, respondentlərin 58,5%-i qəti şəkildə qoşun göndərilməsinin əleyhinədir, 28%-i isə "yəqin ki, göndərilməməlidir” cavabını verib.
Avropa rəsmiləri bildirirlər ki, ABŞ-ın açıq bəyanatı olmadan, Avropa qoşunlarının dəstək alacağına dair ictimaiyyəti inandırmaq çətindir. Son həftələrin intensiv diplomatik fəaliyyətinə baxmayaraq, hələ də Vaşinqtonun hansı təminatlar verəcəyinə aydınlıq gətirilməyib.
Bununla belə, bir çox Avropa lideri hesab edir ki, Ukraynada qoşun yerləşdirilməsi Avropanın təhlükəsizliyi üçün həyati əhəmiyyət daşıyır. Onlar xəbərdarlıq edirlər ki, Kiyev süqut edəcəyi halda, Rusiya digər Avropa bölgələrinə hücuma keçə bilər. Quru əməliyyatları həm də Avropanın Ukraynanı müdafiə etməkdə qətiyyətini nümayiş etdirir, o vaxt ki, Vaşinqton hansı təhlükəsizlik təminatlarını verəcəyini hələ düşünür.
Bu arqumentlər Avropanın bəzi yerlərində, xüsusilə də Niderland, Danimarka və Estoniya kimi şimal ölkələrində dəstək tapır.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp daha əvvəl bəyan etmişdi: onun ölkəsi Rusiya ilə mümkün sülh sazişi çərçivəsində Ukraynaya qoşun göndərməyəcək. O əlavə edib ki, Amerika yalnız hava dəstəyi göstərə bilər.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin zabiti Aleksandr Matyaş hesab edir ki, Avropa və ABŞ heç bir şərtlə qoşunlarını Ukrayna ərazisinə yeritməyəcəklər, çünki onlar Rusiya ilə birbaşa qarşıdurmadan qorxurlar.
Alpər
Şərhlər