Xəbər lenti

Asiyaya açılan qapı, yoxsa Moskvanın forpostu?
Dünya 18:25 05.10.2025

Asiyaya açılan qapı, yoxsa Moskvanın forpostu?

Vladivostokun bütün küçələrində Moskvanın nəfəsi duyulur.

Qaynarinfo xəbər verir ki, bunu "The New York Times” yazıb.

Nəşr qeyd edir ki, uzaq Şərqdə yerləşən bu liman şəhəri Kremlin mərkəzləşdirilmiş hakimiyyətinin simvoluna çevrilib.

İki keçmiş Vladivostok meri korrupsiya ittihamı ilə məhkum olsalar da, indi Ukraynaya qarşı döyüşürlər. Onlar, yüzlərlə yerli sakinlə – bəziləri ukrayna əsilli olanlarla – birlikdə cəbhəyə göndərilib.

Moskvanın nəzarəti altında olan şəhər

Görünüşcə Vladivostok tipik rus şəhərinə bənzəmir. Burada insanlar Yaponiyadan gətirilmiş sağ sükanlı avtomobillərlə gəzirlər, mağazalarda isə Asiya ölkələrindən gətirilən məhsullar satılır. Şəhərin dik küçələrindən mavi körfəzin mənzərəsi açılır, limanda gəmilər və mayaklar görünür.

Lakin "The New York Times” qeyd edir ki, şəhərin tonu, mədəniyyəti və siması Moskvanın iradəsi ilə formalaşır. Ukraynaya qarşı tammiqyaslı müharibə dövründə bu asılılıq xüsusilə hiss olunur.

Müharibə səbəbindən burada da, Rusiyanın digər şəhərlərində olduğu kimi, Ukrayna dronlarının hücumu ehtimalı yarananda mobil internet məhdudlaşdırılır. Mərkəzi meydanda yerləşən hökumət binasının pəncərələri gecələr "V” şəklində işıqlandırılır – bu da rəsmi təbliğat simvoluna çevrilib.

"Hamı Moskvanın varlığını hiss edir. Hamı xarici nəzarətin altında olduğunu anlayır. Burada heç kim özünü müstəqil saymır. Moskva səkkiz saatlıq uçuş məsafəsində olsa da, daim hər şeyi izləyir,” deyə yerli tarixçi və "Zorya” müasir incəsənət mərkəzinin kuratoru Qleb Akuliç jurnalistlərə bildirib.

Asiyaya açılan qapı, yoxsa Moskvanın forpostu?

Məqalədə vurğulanır ki, müharibədən sonra Vladivostok Asiyaya yönələn ticarət axınından faydalanmaq ümidində idi. Hazırda limana əvvəlkindən daha çox Çin gəmiləri daxil olur, Transsibir dəmir yolu isə konteynerlərlə doludur.

Ancaq bu, şəhərin inkişafına gətirib çıxarmayıb. Vladivostok hələ də sovet dövründən qalan boz binalarla doludur, sənaye zonaları isə baxımsız vəziyyətdədir.

Akuliçin sözlərinə görə, yerli sakinlər üçün uğurun əsas göstəricisi – şəhəri tərk edib başqa yerdə təhsil almaq və ya işləməkdir. Hətta şəhərin reklam lövhələrində Moskvada həyata keçirilən layihələrin elanları üstünlük təşkil edir.

Siyasi analitik Mixail Vinogradov isə qeyd edib ki, Vladivostokda qərarlar yerli səviyyədə deyil, uzaqda – paytaxtda qəbul olunur. Onun fikrincə, hakimiyyət şəhəri inkişaf etdirmək istəyir, lakin Çinlə iqtisadi rəqabət aparmaq imkanına inanmadığı üçün bu təşəbbüslər yarımçıq qalır.

Şərq İqtisadi Forumu və Putinin səfərləri

Hazırda Vladivostokun əsas diqqət mərkəzi hər il keçirilən və Rusiyanın Asiya ilə ticarət əlaqələrinə həsr olunan Şərq İqtisadi Forumudur. Foruma mütəmadi olaraq Rusiya lideri Vladimir Putin də qatılır.

Hərbi dəniz paradlarının ləğvi

Xatırladaq ki, iyul ayında Rusiya Ukrayna hücumlarından ehtiyatlanaraq Hərbi Dəniz Donanması Günü münasibətilə planlaşdırılan paradları ləğv etmişdi. Baltik dənizində – Sankt-Peterburq və Kalininqrad vilayətlərində, həmçinin Vladivostokda hərbi gəmilərin çıxışı baş tutmamışdı. Kremlin sözçüsü Dmitri Peskov bunu "təhlükəsizlik amilləri ilə bağlı qərar” adlandırmışdı.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->