NATO-nun keçmiş baş katibi və Böyük Britaniyanın sabiq müdafiə naziri lord Corc Robertson britaniyalılara sülh düşüncəsindən uzaqlaşmağı və genişmiqyaslı münaqişəyə hazırlaşmağı tövsiyə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.
Viqtaun şəhərində keçirilən kitab festivalında çıxış edən 78 yaşlı siyasətçi bildirib ki, ölkə üzrə hər bir ailə müharibə və ya geniş elektrik kəsintiləri halında hazırlıqlı olmaq üçün şam, fənər, su ehtiyatı və batareya ilə işləyən radio kimi əsas vasitələrlə təmin olunmalıdır.
"Biz kifayət qədər hazır deyilik, yetərincə sığortalanmamışıq, hücum altındayıq və təhlükəsiz deyilik. Hər şey bu qədər sadə və qəddarcasınadır”, deyə Robertson bildirib.
1999–2003-cü illərdə NATO-ya rəhbərlik etmiş lord Robertson vurğulayıb ki, Böyük Britaniya çevik davranmağı və öz təhlükəsizliyinə görə məsuliyyət daşımağı öyrənməlidir:
"Bəlkə də biz Norveçin nümunəsini izləməliyik, çünki orada vətəndaşlara hər il hücum halında necə davranmalı olduqları barədə təlimatlar göndərilir".
Robertson Vladimir Putin, Si Szinpin və Kim Çen In arasında yaranmış ittifaqdan narahat olduğunu bildirib və bunu "qorxulacaq bir birləşmə” adlandırıb.
"Bu liderlərdən heç birinin yaxın vaxtlarda dəyişəcəyinə inanmıram. Mən Putinlə doqquz dəfə görüşmüşəm və deyə bilərəm ki, ona etibar etmək olmaz”, deyə o qeyd edib.
Keçmiş baş katib əlavə edib ki, Böyük Britaniya artıq hər gün kiberhücumlara və informasiya manipulyasiyalarına məruz qalır:
"Jaguar Land Rover", "Waitrose" və "Harrods" şirkətlərinə eyni anda hücumların təsadüf olduğunu düşünmək olarmı? Biz artıq atəş altındayıq – sadəcə, bu, partlayış deyil, kiberhücumlardır".
Robertson Böyük Britaniyanın müdafiə qabiliyyətini İsraillə müqayisə edərək bildirib ki, ölkədə "Dəmir günbəz”ə bənzər müdafiə sistemi yoxdur və təhlükəsizlik yanaşmalarının köklü şəkildə yenilənməsinin vacibliyini vurğulayıb.
Lord Robertson həmçinin hökuməti xəbərdar edib ki, cəmiyyətin böhranı şəxsən hiss etməsini gözləmək səhv olardı.
Aydın
Şərhlər