Xəbər lenti

Arxeoloqlar insan qalıqlarının olduğu dünyanın ən qədim məzarını tapdı
Dünya 23:59 02.01.2026

Arxeoloqlar insan qalıqlarının olduğu dünyanın ən qədim məzarını tapdı

Afrikada təxminən 9 500 il əvvəl inşa edilmiş dəfn ocağı aşkarlanıb ki, bu tapıntı qədim ovçu-toplayıcı icmaların sosial mürəkkəbliyinə yeni baxış imkanı yaradır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” yazır.

Tədqiqatçıların sözlərinə görə, Malavinin şimalında Hora dağının ətəyində yerləşən qayalı sığınacaqda aşkar edilən ocaq, tərkibində yetkin insana aid qalıqlar olan dünyada ən qədim dəfn ocağı hesab olunur. Bu, Afrikada qəsdən həyata keçirilmiş kremasiyanın ən qədim təsdiqlənmiş nümunəsi və Afrika ovçu-toplayıcıları ilə əlaqələndirilən ilk dəfn ocağıdır.

Maraqlıdır ki, 2017 və 2018-ci illərdə aparılan qazıntılar zamanı iki ayrı qrup halında, kül, kömür və çöküntü qatları arasında ümumilikdə 170 ayrı insan sümüyü fraqmenti tapılıb. Alimlərin ehtimalına görə, bu qalıqlar boyu 1,5 metrdən bir qədər az olan yetkin qadına məxsusdur.

Lakin qadının kəllə sümüyü aşkar edilməyib. Kəsik izləri bəzi sümüklərin oynaqlardan ayrıldığını və bədənin yandırılmasından əvvəl ətin çıxarıldığını göstərir.

"Olanlara baxmayaraq, qalıqlara qarşı zorakılıq və ya hannibalizm aktlarına dair heç bir sübut yoxdur", deyə tədqiqata rəhbərlik edən Oklahoma Universitetindən doktor Cessika Serezo-Roman bildirib.

Onun sözlərinə görə, bədən hissələri dəfn mərasiminin bir hissəsi kimi çıxarılmış ola bilər və ehtimal ki, xatirə əşyaları kimi daşınıb.

Tədqiqatın baş müəlliflərindən olan Yel Universitetinin alimi doktor Cessika Tompson qeyd edib ki, bu cür praktikalar qəribə görünsə də, müasir dövrdə də insanlar yaxınlarının saç tellərini və ya külünü yaddaş üçün saxlayır və ya xüsusi əhəmiyyət kəsb edən yerlərə səpir.

Tədqiqatçılar bildiriblər ki, bu qayalı sığınacaq təxminən 16 000–8 000 il əvvəl baş vermiş dəfnlərlə əlaqəli olaraq təbii xatirə məkanı kimi istifadə olunub. Tam skeletlərlə yanaşı, müxtəlif insanlara aid kiçik sümük kolleksiyaları da tapılıb. Tədqiqatın həmmüəllifi, Klivlend Təbii Tarix Muzeyindən doktor Ebet Savçuk deyib:

"Bu, kremasiya edilmiş qadına aid bəzi itkin sümüklərin qəsdən çıxarılaraq başqa yerlərdə dəfn üçün talisman kimi istifadə edildiyi barədə hipotezimizi dəstəkləyir".

Komanda həmçinin dəfn mərasiminin bir hissəsi kimi əlavə edilmiş ola biləcək daş emalı zamanı qalan qəlpələr və ox ucluqları aşkar edib. Qeyd olunur ki, dəfn ocağı təxminən iki nəfərlik döşək ölçüsündə olub və onun qurulması və saxlanılması üçün ciddi bilik, bacarıq və koordinasiya tələb olunub. Sümüklərin iki ayrı yerdə toplanması isə kremasiya zamanı cəsədin yerinin dəyişdirildiyini göstərir.

Qadına niyə belə xüsusi münasibət göstərildiyi tam aydın olmasa da, alimlər müəyyən ediblər ki, sonradan ən azı bir ocaq birbaşa dəfn ocağının üzərində yandırılıb. Bu, ehtimal ki, xatirə məqsədi daşıyıb.

Bununla yanaşı, ərazidə çoxsaylı başqa ocaq izləri də tapılıb və Tompsonun sözlərinə görə, bu sığınacaq gündəlik yaşayış üçün də istifadə olunmuş ola bilər.

"Science Advances” jurnalında dərc edilən məqalədə bildirilir ki, indiyədək insan qalıqları olan ən qədim məlum dəfn ocağı Alyaskada tapılmış və təxminən 11 500 il əvvələ aid edilmişdi. Lakin bu, kiçik bir uşağın dəfnidir.

Əhəmiyyətli məqam ondan ibarətdir ki, yaşı 8 000 ildən çox olan yandırılmış insan qalıqlarının əksəriyyəti dəfn ocaqlarında aşkar edilməyib. Bu tapıntıya qədər Afrikada təsdiqlənmiş ən erkən qəsdən kremasiyalar yalnız təxminən 3 500 il əvvəl, neolit dövrü maldarları arasında qeydə alınmışdı.

Tompson bildirib ki, müxtəlif insanların ölümdən sonra fərqli münasibət görməsi faktı "onların sağ ikən sosial rollarının düşündüyümdən, yaxud tropik ovçu-toplayıcılar üçün adətən təsvir edildiyindən xeyli daha mürəkkəb olduğunu göstərir, xüsusilə də bu qədər erkən dövrdə”.

Liverpul Con Murs Universitetinin antropologiya və arxeologiya professoru, tədqiqatda iştirak etməyən Coel Ayriş də kəşfi alqışlayıb. O deyib:

"Bu qədər erkən tarixə aid olması və həmin insanların ovçu-toplayıcı köçərilər olması tapıntını daha da təəccüblü edir. Onların bu erkən mərhələdə artıq inkişaf etmiş inanclar sisteminə və yüksək sosial mürəkkəbliyə malik olduqları aydın görünür”.

Aydın

--> -->