"Alphabet” bazar dəyərini 4 trilyon dollar səviyyəsinin üzərinə qaldıraraq mühüm psixoloji həddi geridə qoyub. Halbuki cəmi iki il əvvəl şirkət ChatGPT-nin sürətli yüksəlişi fonunda hansı strategiyanı izləyəcəyini müəyyənləşdirməyə çalışırdı.
Qaynarinfo xəbər verir ki, səhmlərin qiymətindəki sürətli artımın əsas səbəbi isə investorların "Alphabet”in süni intellekt yönümlü gəlir modelinə keçidinin artıq real və ölçülə bilən nəticələr verməsindən duyduğu məmnunluqdur.
"Yatan nəhəng” təsəvvürü arxada qalır
2024-cü il boyunca "Google”un süni intellekt yarışındakı mövqeyi tez-tez "hazırlıqsız yaxalanmış yatan nəhəng” kimi xarakterizə edilirdi. Bu təsəvvürün dəyişməsində əsas rol oynayan addımlardan biri, bu aydan etibarən "Google” ekosisteminə mərhələli şəkildə təqdim olunmağa başlayan "Gemini 3” olub. Əvvəlki süni intellekt inteqrasiyaları zaman-zaman qeyri-sabit nəticələr versə də, "Gemini 3”ün "Gmail” və "Workspace” kimi əsas məhsullara birbaşa inteqrasiya edilməsi süni intellektin real gəlir yarada bildiyini investorlar üçün aydın şəkildə ortaya qoyub.
Süni intellekt infrastruktura böyük sərmayə
"Google” 2024-cü ildən bu yana süni intellekt infrastrukturunu genişləndirmək üçün ciddi investisiyalar yatırmaqla yanaşı, şirkət daxili strukturda da mühüm dəyişikliklər edib. 2025-ci ilin əvvəlində "Google AI Studio” və "Gemini API” kimi komandaların "Google DeepMind” çətiri altında birləşdirilməsi parçalanmış strukturu daha səmərəli hala gətirib. Bu addım "Ironwood” (7-ci nəsil) "TPU” kimi yeni nəsil avadanlıqların daha sürətli istifadəyə verilməsinə şərait yaradıb. Bu xüsusi çiplər təkcə "Google”un öz modellərini öyrətmək üçün deyil, eyni zamanda böyük tərəfdaşları cəlb etmək baxımından da həlledici rol oynayır.
"Anthropic” əməkdaşlığı diqqət çəkir
"Google”un "Anthropic” ilə qurduğu tərəfdaşlıq şirkətin avadanlıq və infrastruktur gücünə kənardan verilmiş mühüm təsdiq kimi qiymətləndirilir. Məlumata görə, bu çərçivədə "Anthropic” "Google”un bulud infrastrukturundan istifadə etmək üçün "on milyardlarla dollar” səviyyəsində öhdəlik götürüb. Sözügedən razılaşma "Google Cloud”un süni intellekt sahəsindəki rəqabət qabiliyyətini daha görünən edib.
"Gemini” ekosistemi genişlənir
"Google” süni intellekt sahəsində artan özünəinamını aparat tərəfində də açıq şəkildə nümayiş etdirir. Şirkət "Gemini”ni "Pixel” smartfonları və "Wear OS” cihazlarına inteqrasiya etməklə, "Apple”ın qapalı ekosistem yanaşmasına bənzər bir model qurmağı hədəfləyir. Fərq isə ondadır ki, bu ekosistemin mərkəzində məhz süni intellekt imkanları dayanır.
Bununla yanaşı, "Apple”ın daxili çətinliklərdən sonra yeni nəsil "Siri” üçün "Google” ilə əməkdaşlığa getməsi də diqqət çəkir. Bu razılaşma "Alphabet”in danışıqlardakı mövqeyini gücləndirməklə yanaşı, investorların şirkətə olan etimadını da möhkəmləndirib.
Aydın
Şərhlər