Xəbər lenti

Alman deputat: Avropa İttifaqı superdövlət yaratmağa çalışır
Dünya 15:56 23.03.2026

Alman deputat: Avropa İttifaqı superdövlət yaratmağa çalışır

Avropa İttifaqı ekzistensial böhranla üzləşib, öz ilk ideyasından uzaqlaşıb və getdikcə üzv dövlətlərin suverenliyini şübhə altına alan, söz azadlığını təhdid edən və Avropanın deindustrializasiyasını təşviq edən bürokratik bir quruma çevrilib. 

Qaynarinfo xəbər verir ki, bunu Almaniya Bundestaqının üzvü və Almaniya üçün Alternativ (AfD) partiyasının həmsədri Alisa Vaydel Serbiyanın "Politika” qəzetinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, Aİ hazırda geosiyasi sarsıntılar (məsələn, yeni çoxqütblü dünya nizamının formalaşması, Yaxın Şərqdəki vəziyyət və Ukraynadakı münaqişə), eləcə də miqrasiya və enerji təchizatı sahəsində uğursuz qərarlar səbəbindən ekzistensial böhranla üz-üzədir.

"Avropa İttifaqı superdövlət yaratmağa çalışır. Belə bir dövlətin nə vahid xalqı, nə də demokratik şəkildə təşkil olunmuş dövlətlərin uğurlu fəaliyyəti üçün zəruri olan minimum mədəni identikliyi yoxdur", deyə o qeyd edib.

Vaydel vurğulayıb ki, hazırda avropalılar özünü elan etmiş "Brüssel elitası"nın hakimiyyət və təsir ehtirasını təcili dayandırmalıdır. Onun sözlərinə görə, Aİ-yə dərin islahatlar lazımdır. Xüsusilə mənasız qaydalar və qadağalar ləğv edilməli, miqrasiya, enerji, maliyyə və xarici siyasət məsələləri üzv dövlətlərə qaytarılmalıdır. Həmçinin, onun fikrincə, Aİ rəhbərliyi avrobondları ləğv etməli, Ukraynaya kreditlər verməyi dayandırmalı və münaqişənin eskalasiyasına getməməlidir.

"İstiqamət belədir: daha az Aİ – hamı üçün daha çox və daha yaxşı nəticə deməkdir. Yalnız bu halda Avropa çoxqütblü dünyada yaşaya və müstəqil qütb kimi möhkəmlənə bilər", deyə o bildirib.

Vaydel qeyd edib ki, Avropa fundamental kurs dəyişikliyinə ehtiyac duyur, çünki mövcud siyasət iqtisadi uğur, beynəlxalq təsir və davamlı inkişaf üçün ciddi maneə yaradır. O, Avropanın sağlam düşüncəyə və real siyasətə qayıtmalı olduğunu, bunun isə azad ticarəti, innovasiyanı və güclü sənaye bazasını təşviq edəcəyini bildirib.

Aydın

--> -->