Xəbər lenti

Afrika köhnə kreditlər üzrə Çinə yeni kreditlərdən çox pul ödəyir
Dünya 18:23 27.01.2026

Afrika köhnə kreditlər üzrə Çinə yeni kreditlərdən çox pul ödəyir

Son illər Çinin Afrikanın yoxsul ölkələrinə verdiyi kreditlərin həcmi azalıb, eyni zamanda əvvəl verilmiş kreditlər üzrə ödənişlər artmaqdadır. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters” agentliyi "ONE Data” platformasının məlumatlarına istinadən yazır.

2010–2014-cü illərdə Afrika ölkələri Çindən kreditlər və digər maliyyələşmə formaları üzrə ümumilikdə 38,8 milyard dollar vəsait alıb, bu kreditlər üzrə ödənişlər isə cəmi 8,4 milyard dollar təşkil edib. Beləliklə, onların xeyrinə xalis pul axını 30,4 milyard dollar olub. 2020–2024-cü illərdə isə pul axınının istiqaməti dəyişib: Afrika ölkələri cəmi 23,4 milyard dollar alıb, eyni zamanda Çinə 45,5 milyard dollar ödəyib. Nəticədə xalis pul axını mənfi olub və mənfi 22,1 milyard dollar təşkil edib.

"Verilən kreditlərin azalması və Çindən alınmış əvvəlki kreditlərin hələ də xidmət tələb etməsi vəsaitlərin ölkədən çıxmasının əsas səbəbidir”, deyə "ONE Data”nın icraçı direktoru Devid Makneyr bildirib. 

Onun sözlərinə görə, 2025-ci ildə də bu tendensiya davam edib və digər mənbələrdən Afrikaya yönələn maliyyələşmənin azalması ilə müşayiət olunub. Xüsusilə, Donald Tramp dövründə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin bağlanması və digər Amerika proqramlarının ixtisarı bu prosesi gücləndirib.

Aydın

--> -->