Xəbər lenti

ABŞ liderinin başqa ölkələrin rəhbərlərini çox pis aşağılaması... (ŞƏRH)
Dünya 15:28 09.04.2025

ABŞ liderinin başqa ölkələrin rəhbərlərini çox pis aşağılaması... (ŞƏRH)

"ABŞ prezidentinin başqa ölkələrin dövlət başçılarını aşağılaması nə Trampa, nə də onun təmsil etdiyi dövlətə baş ucalığı gətirir. Belə yanaşma heç bir halda qəbul edilən deyil”. 

Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə ABŞ Prezidenti Trampın rüsum siyasətilə bağlı xarici ölkə liderlərinin ona yalvardığı barədə aşağılayıcı ifadələrini şərh edərkən deyib.

Deputat deyir ki, əslində Trampın yürütdüyü rüsum siyasəti normaldır:  

"Tramp hələ seçki kampaniyası dövründə bir çox ölkələrə ticarət savaşı açacağını vəd etmişdi. ABŞ-ın bir çox dövlətlərlə ticarət dövriyyəsində mənfi saldo hökm sürür. Bu da Amerikanın xarici borclarının kifayət qədər artmasına, 36 trilyon dolları keçməsinə səbəb olub. Ona görə də Tramp idxal rüsumlarını qaldırdı. O, Amerikanı daha qüdrətli edəcəyinə söz verib ki, bu mənada atdığı addımlar da təbiidir. 

Bir çox ölkələr Trampın bu addımı fonunda ciddi itkilərlə üzləşəcəyini anlayır. Tramp da əvvəlcədən demişdi ki, bu rüsumların tətbiqilə bir çox ölkələr ABŞ-la danışıqlara getməli olacaq. Bu da normal haldır. Hər dövlət başçısı öz dövlətinin iqtisadi maraqlarını güdür”. 
 


A. Əlizadənin fikrincə, bununla yanaşı, dövlət başçıları öz ritorikalarına da fikir verməlidir:

"ABŞ kifayət qədər geniş imkanlara malik dünya hegemonudur. Onun prezidenti də bu imkanlardan yararlanan güclü dövlətin lideri olaraq daim gündəmdədir. Lakin nə qədər böyük olsa da, siyasi etiket, davranış qaydaları da var. Trampın qəbul otağında Ukrayna Prezidenti Zelenskiyə qarşı davranışı hər kəs tərəfindən qınanıldı”. 

Həmsöhbətimizə görə, belə yanaşma Trampa siyasi divident gətirməyəcək: 

"Əksinə, onun bu cür ritorikası qınanılır. Trampın ona müraciət edən dövlət başçılarını bu cür aşağılaması heç bir halda qəbuledilən deyil. Belə durum Trampın özü haqqında mənfi fikirlər formalaşdırır. Burada iki biznes strukturunun rəhbərləri arasında münasibətdən söhbət getmir. Burada dövlət başçıları arasındakı münasibətlərdən söhbət gedir. Tramp hansısa dövlət başçısını aşağılayırsa, deməli, onun timsalında həmin dövləti də aşağılamış olur. Bu da nə Trampa, nə də onun təmsil etdiyi dövlətə baş ucalığı gətirir. Belə yanaşma heç bir halda qəbul edilən deyil”.  

Qeyd edək ki, ABŞ prezidenti Donald Tram xarici ölkələrin liderlərinin ona zəng edərək, gömrük rüsumlarının ləğv olunması üçün yalvardıqları, alçaldıqlarını bəyan edib. CNN-in yazdığına görə, Vaşinqtonda keçirilən Milli Respublikaçılar Komitəsinin Konqres üzrə prezident naharında Tramp deyib ki, digər ölkələrin nümayəndələri onunla razılaşma əldə etmək üçün "mənim arxamdan öpürlər”.

"Sizə deyirəm, bu ölkələr bizə zəng edir, mənim arxamdan öpürlər. Onlar bu razılaşmanı dəhşətli dərəcədə istəyirlər. "Zəhmət olmasa, zəhmət olmasa, cənab, gəlin razılaşma əldə edək. Mən nə desəniz edərəm, cənab”, deyə Tramp bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->