"Bu sərəncam İrana qarşı təzyiq təbliğatının başlandığının mesajıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev ABŞ prezidenti Donald Trampın İrana maksimum təzyiqi bərpa etmək üçün imzaladığı sərəncamı şərh edərkən deyib.
Taleh Əliyev bildirib ki, Donald Tramp əvvəlki hakimiyyəti dövründə İrana qarşı sərt siaysətilə tanınıb:
"Onun yenidən prezident seçilməsi fonunda Yaxın və Uzaq Şərqdə qlobal müharibə riskinin artacağı ilə bağlı proqnozlar da genişlənib. Onun İrana yönəlik bu mesajları fonunda Suriyada hakimiyyət dəyişikliyi, HƏMAS-la bağlı sərəncamı və "Hizbullah"ın zərərsizləşdirilməsilə Yaxın Şərqdə hərbi münaqişənin zəifləməsinə rəğmən, yenidən həmin bölgənin aktiv hərbi əməliyyatlar meydanına çevriləcəyilə bağlı ehtimalı günü-gündən artır".
Ekspertin fikrincə, Trampın bu sərəncamı İsrail baş nazirinin Vaşinqtona səfərində əldə edilən razılaşmalardan qaynaqlanır:
"İsrailin baş naziri Netanyahu ABŞ-da səfərdə olub və burada Trampla görüşüb. Görüşdə əsas müzakirə mövzusu şübhəsiz ki, hər iki ölkənin İrana qarşı birgə fəaliyyəti və atacaqları addımlar olub".
Bu fonda həmsöhbətimizə görə, Trampın İrana qarşı təzyiqləri maksimum artırmaqla bağlı sərəncamı və onun Tehranın nüvə silahı əldə etməyə yaxın olduğu barədə açıqlaması cənub ölkəsinə qarşı ilkin növbədə müxtəlif istiqamətlərdə sanksiyaların tətbiq olunacağını düşünməyə əsas verir:
"İlk növbədə də neft-qaz sənayesinə qarşı embarqonun tətbiqi, beynəlxalq bazarda həmin məhsulların qiymətinin ucuzlaşdırılması hədəf olaraq İrana ciddi zərbə vurulmasına hesablanmış addımdır. Eyni zamanda, İranla ikitərəfli əməkdaşlıq edən ölkə və şirkətlərə də sanksiyalar tətbiq oluna bilər. Habelə, İran daxilində qarşıdurmanın artırılmasına yönəlik addımların atılacağı da gözləniləndir. Hərbi müdaxiləyə gəldikdə, Pakistan, ərəb dövlətlərilə İran arasında hər hansı bir münaqişə də yaradıla bilər. Yaxud da birbaşa olaraq İsrail və ABŞ-ın hərbi dəniz donanmasının İrana müdaxiləsi də ehtimal edilə bilər. Amma hesab edirəm ki, İrana qarşı addımlar ilk mərhələdə iqtisadi sanksiyaların gücləndirilməsi və daxildə fikir ayrılığının dərinləşdirilməsinə yönələcək".
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp İranln nüvə silahı yaratmaq ərəfəsində olduğunu bəyan edib. Ağ Evin rəhbəri jurnalistlərin sualına "Məncə, onlar yaxındırlar, çox yaxındırlar" deyib.
Eyni zamanda o, Tehran rəhbərliyi ilə əlaqə saxlamaq niyyətində olduğunu açıqlayıb. Tramp İrana maksimum təzyiqi bərpa etmək üçün sərəncam imzalayıb. Məhdudiyyətlər İranı nüvə silahı əldə etmək üçün bütün yollardan məhrum etmək məqsədi daşıyacaq. İlkin ehtimallara görə, təklif edilən məhdudiyyətlərin bir hissəsi kimi Tramp administrasiyası İran neftinin ixracını sıfıra endirmək niyyətindədir. Trampın sərəncamı ABŞ maliyyə nazirinə sanksiyaları pozanlara qarşı məhdudiyyətlər də daxil olmaqla, İrana maksimum iqtisadi təzyiq tətbiq etməyə göstərişdir.
Rüfət Sultan
Şərhlər