ABŞ dövlət katibi Marko Rubionun səsini süni intellekt vasitəsilə təqlid edən üç nəfər biri ştat qubernatoru, digəri Konqres üzvü olmaqla azı beş dövlət rəsmisini aldatmağa nail olub.
Qaynarinfo xəbər verir ki, "The Washington Post" qəzetinin əldə etdiyi Dövlət Departamentinin sənədinə və yüksək səviyyəli amerikalı rəsmiyə əsasən, hələ kimliyi müəyyən edilməmiş üç nəfər Rubionun səsini və yazı üslubunu süni intellekt dəstəyi ilə uğurla təqlid edib.
Fırıldaqçılar bu texnologiyadan istifadə edərək səsli və yazılı mesajlar göndərməklə azı beş yüksək vəzifəli şəxslə, o cümlədən bir qubernator və bir Konqres üzvü ilə əlaqə saxlayıblar.Rəsmilər bu cəhdin çox güman ki, "məlumatlara və hesab sistemlərinə giriş əldə etmək” məqsədi daşıdığını açıqlayıb.
Tramp administrasiyası dövründə geniş istifadə edilən "Signal" mesajlaşma tətbiqi vasitəsilə həyata keçirilən saxtakarlıqda fırıldaqçıların üç Dövlət Departamenti əməkdaşı, bir ştat qubernatoru və bir Konqres üzvü də daxil olmaqla ən azı beş yüksəkçinli şəxslə əlaqə qurduğu bildirilir.
Rubionun e-poçt ünvanını təqlid edərək "Signal" hesabı yaradan fırıldaqçılar həm yerli, həm də xarici diplomat və siyasətçilərlə şübhə oyatmayan ünsiyyət qurmağa nail olublar. Dövlət Departamenti bildirib ki, "Signal" vasitəsilə azı iki nəfərə səsli mesaj göndərən fırıldaqçılarla bağlı genişmiqyaslı araşdırma aparılacaq və bu cür halların təkrar yaşanmaması üçün qabaqlayıcı tədbirlər görüləcək. Lakin nazirlik mesajların məzmunu və hədəf alınan diplomat və siyasətçilərin kimliyi barədə məlumat verməyib.
Marko Rubionun kimliyinin təqlid edilməsi ilə bağlı hadisə ilk belə hal deyil. May ayında baş vermiş oxşar hadisədə Ağ Evin baş katibi Syuzi Uaylz hədəfə alınmışdı. Uaylzın telefonuna daxil olan fırıldaqçılar, onun kimliyindən istifadə edərək senatorlar, qubernatorlar və iş adamları ilə əlaqə saxlamışdı. Ağ Ev və Federal Təhqiqatlar Bürosu hadisə ilə bağlı istintaqa başlamışdı.
ABŞ prezidenti Donald Tramp isə bu hadisəni əhəmiyyətsiz sayaraq, Uaylz haqqında "bu vəziyyətdən çıxmağı bacaracaq əla bir qadındır” ifadəsini işlətmişdi.
Kaliforniya Universitetinin Berkli kampusunda rəqəmsal kriminalistika üzrə mütəxəssis Hani Farid "The Washington Post" qəzetinə açıqlamasında qeyd edib ki, belə fırıldaqçılıq hallarının uğurlu olması üçün geniş planlamaya və ya peşəkar cinayətkarlara ehtiyac yoxdur. Onun fikrincə, dövlət rəsmilərinin məlumat təhlükəsizliyi məsələsində səhlənkarlığı, bu cür saxtakarlıqların effektivliyini artırır: "Məhz bu səbəbdən rəsmi dövlət işləri üçün Signal və ya digər etibarsız tətbiq və rabitə kanallarından istifadə edilməməlidir".
O, əlavə edib ki, pis niyyətli şəxslər bir dövlət rəsmisinin Signal hesabına bağlı telefon nömrəsini ələ keçirdikdən sonra asanlıqla kimlik təqlidi edə bilərlər.
Bu xəbər mart ayında yaşanmış digər bir hadisəni də yenidən gündəmə gətirib. Belə ki, ABŞ-ın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Uoltz, Yəməndə planlaşdırılan hərbi əməliyyatla bağlı son dərəcə həssas detalları "Signal" tətbiqindəki qrup söhbətinə təsadüfən bir jurnalisti əlavə etməklə ifşa etmişdi.
"The Atlantic" jurnalının baş redaktoru Ceffri Qoldberqin bu məlumatları dərc etməsindən sonra Uoltz vəzifəsindən uzaqlaşdırılmışdı. Onun yerinə isə ABŞ-ın yeni milli təhlükəsizlik müşaviri kimi Marko Rubio təyin olunmuşdu.
Aydın
Şərhlər