Xəbər lenti

75 min illik bir mağarada əvvəllər heç bir yerdə rast gəlinməyən 46 növ aşkarlandı
Dünya 23:20 08.04.2026

75 min illik bir mağarada əvvəllər heç bir yerdə rast gəlinməyən 46 növ aşkarlandı

Norveçin şimalında yerləşən bir mağarada 75 min illik arktik ekosistemə aid onlarla heyvan növünün qalıqları aşkar edilib. 

Qaynarinfo "DailyGalaxy"yə istinadən xəbər verir ki, "Proceedings of the National Academy of Sciences" jurnalında dərc olunan araşdırma buz dövrünə aid məməlilər, quşlar və balıqlardan ibarət olduqca zəngin biomüxtəlifliyi təsvir edir.

Tədqiqatçılar bildirirlər ki, bu tapıntı həmin dövr üçün Avropada indiyədək qeydə alınmış ən qədim və ən müxtəlif arktik heyvan icmasıdır. Norveçin şimal sahilində yerləşən Arne Kvamqrota mağarasında alimlər 46 növ məməli, quş və balıq qalıqları müəyyən ediblər. Bu növlər həm dəniz, həm də quru ekosistemlərini eyni məkanda əks etdirir.

Tapılanlar arasında ağ ayılar, morjlar və Qrenlandiya balinaları kimi dəniz məməliləri, həmçinin Atlantik tupiki və adi eider kimi dəniz quşları yer alır. Bundan başqa Atlantik treskası kimi balıqlar və şimal maralı, kəklik kimi quru heyvanlarının qalıqları da aşkar edilib.

Alimləri ən çox təəccübləndirən tapıntılardan biri isə Avropada artıq nəsli kəsilmiş və Skandinaviyada əvvəllər heç qeydə alınmamış boyunlu lemming növü olub.

Tədqiqatçılara görə, bu tapıntılar həmin dövrdə bölgənin görünüşünün indikindən tamamilə fərqli olduğunu göstərir. Oslo Universitetindən professor Sanne Bøssenkolun sözlərinə görə, o dövrdə sahil xətti boyunca ərazi böyük ölçüdə buzsuz ola bilərdi.

"Mağarada həm dəniz, həm də quru mühitini əks etdirən müxtəlif fauna aşkar edilib. Şirin su balıqları çay və göllərin mövcudluğunu göstərir, dəniz məməliləri isə yaxınlıqda dəniz buzunun olduğunu sübut edir. Bu buz ehtimal ki, mövsümi xarakter daşıyıb. Dəniz donuzbalıqları kimi bəzi növlər sıx buzdan uzaq durur, bu da şəraiti daha dəqiq anlamağa kömək edir", deyə o bildirib.

Genetik analizlər göstərib ki, iqlim yenidən soyuduqda və buzlaqlar genişləndikdə bu növlərin çoxu regiondan yoxa çıxıb. Alimlərin izahına görə, bu canlılar buz çəkildikdən sonra əraziyə köçüb, lakin iqlim yenidən dəyişəndə ya uyğunlaşa bilməyib, ya da başqa ərazilərə köçə bilməyiblər və nəticədə populyasiyalar məhv olub.

Aydın

--> -->