Stresli həyat tərzi yalnız psixoloji sağlamlığa deyil, bədən quruluşuna da təsir göstərir. Bədəninizdə bel və qarın ətrafında yığılan "stress qarını” həm estetik görünüşü pozur, həm də sağlamlıq üçün risk yaradır.
Bəs stresdən qarın necə yaranır və ondan necə qurtulmaq olar?
Qaynarinfo "Abczdrowie" sağlamlıq portalına istinadən xəbər verir ki, stresdən yaranan qarın bel və qarın ətrafında yığılan piy qatıdır. Xarakterik olaraq sıx və şişkin görünüşə malikdir, döş qəfəsindən göbəyə qədər olan hissəni əhatə edir. Piy toxuması bu bölgədə nazik və asanlıqla zədələnə bilən bir "kəmər” kimi yerləşir. Stress qarını estetik baxımdan xoş görünmür və gündəlik fəaliyyətə mane ola bilər.
Stress qarını yalnız görünüşlə deyil, həm də müxtəlif fiziki simptomlarla tanınır:
* Qarında ağrı və qıcolmalar
* Az miqdarda qəbul edilən yeməkdən sonra da mədədə dolu hissi
* Şişkinlik, ishal və ya qəbizlik
* Qıcıqlanma (yanma hissi)
* Bulantı və qusma
Bundan əlavə, davamlı gərginlik, həmişə tox olma hissi və çəki itirməkdə çətinlik də stress qarınının əlamətlərindəndir.
Stressdın yaranan qarın əsasən uzunmüddətli stress və bədəndə kortizol hormonunun yüksək səviyyəsi ilə bağlıdır. Kortizol iştahanı artırır, xüsusilə şirin və duzlu qəlyanaltılara yönəldir və bədəndə suyun toplanmasına səbəb olur. Bel və qarın bölgəsində kortizol reseptorlarının çox olması piy yığılmasına gətirib çıxarır.
Stress qarını ilə mübarizədə ilk addım səbəbi aradan qaldırmaqdır. Stressi tam aradan qaldırmaq mümkün olmasa da, onu idarə etməyi öyrənmək faydalıdır. Effektiv üsullar arasında yoga, meditasiya, diqqətlilik (mindfulness) məşqləri və lazım gələrsə psixoloqa müraciət etmək göstərilir. Yuxu keyfiyyəti və kifayət qədər istirahət də vacibdir.
Stress qarınını əritmək üçün qidalanma vərdişlərini dəyişmək və kalori defisiti yaratmaq lazımdır. Yeməklər tərəvəz, meyvə, yaxşı əmilən protein və tam taxıllardan ibarət olmalıdır. Fast food, yüksək işlənmiş qida, şirniyyat və duzlu qəlyanaltılardan uzaq durmaq tövsiyə olunur. Kofein qəbulunu məhdudlaşdırmaq və sakitləşdirici çaylar (məsələn, çobanyastığı dəmləməsi) içmək faydalıdır.
Fiziki aktivlik metabolizmi sürətləndirir və piy yandırmağa kömək edir. Lakin məşqlər fərdi imkanlara uyğun olmalı, stress qarını olan şəxslər üçün orta intensivlikli məşqlər üstünlük təşkil etməlidir.
Günay
Şərhlər