Şri-Lankanın beynəlxalq hava limanında polis əməkdaşları üzərlərində 110 kiloqramdan çox narkotik maddə olan 22 buddist rahibi saxlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə yerli "Daily Mirror” nəşri məlumat yayıb.
Məlumata görə, müsadirə edilən narkotiklərin ümumi dəyəri 1,1 milyard rupi (təxminən 11,6 milyon ABŞ dolları) təşkil edir və bu, hava limanının tarixində ən iri müsadirə kimi qiymətləndirilir.
Bildirilir ki, rahiblər dörd günlük istirahətdən sonra Taylanddan geri qayıdırmış. Mənbələrin sözlərinə görə, onların hər biri çamadanında təxminən 5 kiloqram narkotik daşıyıb və maddələr baqajın gizli bölmələrində gizlədilib.
İstintaqın ilkin nəticələrinə əsasən, narkotik daşınmasını üç rahib təşkil edib, digər iştirakçılar isə sosial şəbəkələr vasitəsilə cəlb olunub. Təşkilatçılar gənc rahiblərə pulsuz uçuş, qalma və qida vəd ediblər. Ehtimala görə, bəzi rahiblər aldadılıb və onlara məktəblilər üçün dərslik və şirniyyat daşıdıqları bildirilib.
"Daily Mirror” yazır ki, narkotiklərlə mübarizə bürosunun əməkdaşları artıq əməliyyatın təşkilatçısı olduğu ehtimal edilən şəxsi saxlayıblar. İstintaqa görə, oxşar səfər ötən ay da 12 rahibin iştirakı ilə həyata keçirilib və yaxın vaxtlarda daha bir belə əməliyyat planlaşdırılırdı.
Aydın
Şərhlər