Xəbər lenti

Yeni okeanın doğuşu: Alimlər yerin dərinliklərində qeyri-adi hadisə müşahidə etdi
Dünya 09:07 03.07.2025

Yeni okeanın doğuşu: Alimlər yerin dərinliklərində qeyri-adi hadisə müşahidə etdi

Cənubi və Şərqi Afrikanın geoloji quruluşunu araşdıran beynəlxalq alimlər qrupu Yerin mantiyasından gələn isti lavanın səthə doğru qalxaraq, gələcəkdə yeni okean hövzəsinin yaranmasına səbəb ola biləcək prosesləri izləyiblər. Bu fenomenin mərkəzində isə Afar çökəkliyi dayanır.

Afar çökəkliyində parçalanan qitə

Qaynarinfo-nun "Earth" nəşrinə istinadən məlumatına görə, Sautqempton Universitetinin rəhbərliyi ilə aparılan tədqiqat çərçivəsində Afar çökəkliyindəki 130-dan çox nisbətən gənc vulkandan toplanan lava nümunələri təhlil olunub. Burada Afrika qitəsinin üç divergensiya zonası - Əsas Efiopiya rifti, Qırmızı dəniz rifti və Ədən körfəzi rifti birləşir.

Alimlər bu təhlillər nəticəsində mantiyanın bu bölgədə yuxarı qalxmasının sadə və homojen proses olmadığını müəyyən ediblər. Afar çökəkliyi altında mantiyanın müxtəlif növ isti maddə axınlarından və "plüm" adlanan qalxan sütunvari strukturlardan ibarət olduğu ortaya çıxıb.

Tədqiqatın baş müəllifi Emmə Votts bildirib: "Biz aşkar etdik ki, Afarın altındakı mantiya nə homogen, nə də sabitdir - o, nəbzvari hərəkət edir və bu hərəkətlər özünəməxsus kimyəvi izlər daşıyır".

Yeni okean necə yaranacaq?

Alimlərin sözlərinə görə, qitə lövhələri bu bölgədə bir-birindən uzaqlaşdığı üçün yer qabığı nazilir. Nəticədə mantiya maddəsi daha rahat şəkildə səthə doğru qalxır və bu da yer qabığının zəifləməsinə, eyni zamanda yeni okean hövzəsinin daha tez formalaşmasına yol açır.

Bundan əlavə, mantiyanın yuxarı qalxma sürəti və istiqaməti onun üzərində baş verən geoloji proseslərdən asılı olaraq dəyişir. Yəni, yer qabığının daha sürətli parçalandığı ərazilərdə mantiya axınları da daha güclü və lokal xarakter daşıyır.

Təkan yalnız dərinlikdən gəlmir

Tədqiqatda o da qeyd olunur ki, mantiyanın hərəkəti yalnız daxili təzyiqlərdən qaynaqlanmır. Bu proseslər yerin səthindəki tektonik plitələrin dinamikası ilə sıx bağlıdır və onlardan idarə olunur. Bu isə Yerin dərin qatları ilə səth arasında güclü qarşılıqlı əlaqənin olduğunu göstərir.

Alimlər bildirirlər ki, bu gün Efiopiya altındakı mantiyada baş verən nəbzvari proseslər gələcəkdə Afrikanın Şərq hissəsinin parçalanmasına və orada yeni okeanın yaranmasına səbəb ola bilər.

Yer səthinin 2700 km altında baş verənlər

Qeyd edək ki, daha əvvəl Yaponiyalı geoloq Motoxiko Murakaminin rəhbərliyi ilə aparılan tədqiqatda, Yer səthindən 2700 kilometr dərinlikdə qeyri-adi seysmik dalğa sürətlənməsi müşahidə edilmişdi. Bu fenomen uzun müddət elm üçün sirr olaraq qalmışdı.

Əvvəllər bu hadisə ekstremal təzyiq altında perovskit mineralının "postperovskit" adlı başqa bir formaya keçməsi ilə izah edilirdi. Lakin son laboratoriya təcrübələri və kompüter modelləşdirmələri göstərib ki, bu sürətlənmədə əsas rolu həmin kristalların deformasiyası oynayır.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->