"Sevincimin həddi-hüdudu yoxdur. 32 ildən sonra Vətənə qayıdıram. Vətən bizim üçün hər şeydir”.
"Report” xəbər verir ki, bunu Xocalı şəhərinə köç edən keçmiş məcburi köçkün Əliyeva Zümrüd deyib.
Vətən uğrunda canlarını fəda etmiş şəhidlərə Allahdan rəhmət, qazilərə şəfa diləyən Xocalı sakini doğma yurduna qayıtdığına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığını bildirib:
"Xocalıdakı evimiz, oranın havası və suyu üçün darıxmışam. Xocalıdan dörd övladım, əlimdə iki qumbara və bir bıçaqla çıxmışam. Yoldaşım məni avtomatı yığıb və sökməyi öyrətmişdi. O, mənə dedi ki, erməniyə girov düşmək söhbəti olsa, tank əleyhinə olan qumbaranı erməniyə qarşı, digərini isə özümüzü öldürmək üçün istifadə edərdim. Lakin onları istifadə etməyə ehtiyac olmadı və Naftalanda Xocalı polis şöbəsinə təhvil verdim.
Qayınanam, qayınatam, əmilərim, bacımoğlu, əmimoğlanları və bibilərim Xocalı faciəsinin qurbanları olublar. Yaxın günlərdə də analiz vermişik. Qalıqların içərisində mənim də doğmalarımın olacağına, tapılacağına ümidimiz var”.
Şərhlər