Xəbər lenti

Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə bağlı müzakirələr başladı
Dünya 14:17 24.01.2025

Ukraynaya sülhməramlıların yerləşdirilməsi ilə bağlı müzakirələr başladı

Ukrayna xarici dövlətlərin hərbi qüvvələrinin ölkə ərazisində yerləşdirilməsi ilə bağlı müttəfiqləri ilə ilkin müzakirələrə başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin nümayəndəsi Georgi Tixi açıqlama verib.
 
Onun sözlərinə görə, hazırda danışıqlar çox erkən mərhələdədir və Ukraynaya Rusiya tərəfindən təkrarlanan aqressiyadan müdafiə üçün gələcək sülhməramlıların dəqiq sayı haqqında danışmaq hələ tezdir.  

"Biz inanırıq ki, Ukrayna üçün uzunmüddətli və etibarlı təhlükəsizlik zəmanətləri həm Avropa, həm də ABŞ-ı əhatə etməlidir. Yalnız bu yolla biz davamlı və dayanıqlı sülhü təmin edə bilərik", –  Tixi bildirib.  

Ukrayna Prezidenti Volodimir Zelenski isə daha əvvəl bəyan etmişdi ki, hərbi əməliyyatlar dayandırıldıqdan sonra ölkənin təhlükəsizliyini təmin etmək üçün ən azı 200 min sülhməramlı tələb olunacaq. "Bu minimumdur, əks halda heç nə alınmayacaq", – deyə Zelenski vurğulamışdı.  

Müzakirələrin detallarına dair məlumatlar  

Financial Times qəzetinin məlumatına görə, Kiyevin Qərb tərəfdaşları ilə apardığı məsləhətləşmələrin iştirakçıları bildiriblər ki, Ukrayna hakimiyyəti 40 min – 50 min arası xarici hərbçinin 1000 kilometrdən çox olan cəbhə xətti boyunca yerləşdirilməsini planlaşdırır.  

Wall Street Journal (WSJ) yazır ki, ABŞ Prezidenti Donald Tramp Ukraynaya sülhməramlıların göndərilməsi ilə maraqlanıb, lakin ABŞ ordusunun bu missiyada iştirakını istisna edib. Trampın fikrincə, Ukraynanın müdafiəsi və dəstəyi əsasən Avropanın öhdəsinə düşməlidir. Zelenski isə, əksinə, ABŞ hərbçilərinin də daxil olduğu bir sülhməramlı kontingentin Ukraynada yerləşdirilməsində təkid edib.  

Avropa ölkələrinin mövqeyi  

Fransa Prezidenti Emmanuel Makron ilk dəfə ötən ilin fevralında Qərb hərbçilərinin Ukraynaya göndərilməsi təklifini irəli sürüb. Daha sonra Avropa ölkələri hərbi əməliyyatların dayandırılacağı təqdirdə atəşkəs rejiminə nəzarət etmək üçün belə bir addımı müzakirə etməyə başlayıb. Reuters agentliyinin mənbələrinə əsasən, belə bir missiya üçün minimal kontingent 40 min əsgər təşkil edə və Almaniya, Böyük Britaniya, Fransa, İtaliya və Polşa daxil olmaqla, 5-8 ölkənin qoşunlarından ibarət ola bilər.  

Avropanın təhlükəsizlik xidmətləri hesab edir ki, Rusiyanın aqressiyasının təkrar olunmasından Ukraynanı qorumaq üçün 100 min hərbçi tələb olunacaq.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->