Kiyevdə azərbaycanlıların da təmsil olunduğu "Kozak Drive" Fondunda Ukrayna Silahlı Qüvvələrində xidmət edən yeganə azərbaycanlı qadın hərbi pilot Səmədova Samirə ilə görüş keçirilib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, fondun təmsilçisi Tatyana Peneva ilə Ukrayna Azərbaycanlıların Birləşmiş Konqresinin sədri Rövşən Tağıyev toplanmış humanitar yardımı Samirə Səmədovaya və onun briqadasına təqdim ediblər.
Qeyd: Samirə Vidadi qızı Səmədova 1983-cü ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan. Ailəsinin 1988-ci ildə Ukraynanın Dnepropetrovsk vilayəti, daha sonra isə Nikolayev şəhərinə köçməsi səbəbindən bu ölkədə böyüyüb, yaşayıb. Ailəlidir, 3 övladı var.
Müharibəyə qədər kiçik ailə biznesləri olub. Genişmiqyaslı müharibə başlayanda ərazi özünümüdafiə hissəsinə yazılıb. Hazırda Ukraynanın Xerson-Nikolayev istiqamətində hərbi xidmət keçir. Ukrayna Silahlı Qüvvələrində xidmətdə olan yeganə azərbaycanlı qadın döyüşçüdür.
S.Səmədova 18 il kiçik ailə biznesi ilə məşğul olduqdan sonra 2014-cü ildə - Donbasda münaqişə başlayanda həmin əraziyə getdiyini bildirib:
"2022-ci ilə qədər könüllü kimi xidmət etdim. Həmin il fevralın 24-də müharibə başlayanda öz şəhərimdə ərazi müdafiə hissəsinə yazıldım. İndi Xersondakı döyüş briqadasında pilot-kommunikator vəzifəsindəyəm. Üç övladım var, həyat yoldaşım ukraynalıdır. Qərbi Azərbaycanı çox sevirəm, tarixi vətənimdir. Amma artıq bütün həyatımı Ukraynaya bağlamışam".
O, xidmət etdiyi hərbi hissədə pilot-kommunikasiya işlərinin əksəriyyətini həyata keçirdiyini vurğulayıb:
"Bu iş əsasən, dron kəşfiyyatından ibarətdir. Bu dronlar bizə kəşfiyyat aparmağa, düşmənin canlı qüvvələrini aşkar və məhv etməyə imkan verir. Mənim xidmətimin mahiyyəti dronları enerji ilə təmin edən kommunikatorların fəaliyyətinin nizamlanmasıdır. Əsas vəzifəm vəzifən dronu şarj etmək, bütün şarj batareyalarını yoxlamaq, aparatı uçuşa buraxmaq və onu əllə yerə oturtmaqdır".
R.Tağıyev isə "Report"a açıqlamasında Ukraynada davam edən müharibədə yüzlərlə azərbaycanlının həlak olduğunu qeyd edib:
"Bizim hesablamalarımıza görə, həlak olan azərbaycanlıların sayı 300-400 arasındadır. Ancaq bu barədə dəqiq statistika əldə etmək mümkün deyil. Həmçinin müharibədə yaralanana azərbaycanlıların da sayı çoxdur. Eyni zamanda, Ukraynada fəaliyyət göstərən azərbaycanlı iş adamları da müharibə nəticəsində yüz milyonlarla dollar ziyana düşüblər".
Şərhlər